Onların heç biri sui-qəsddən sığortalanmadı
Avqustun 5-də Venesuela prezidenti Nikolas Maduroya sui-qəsd edilməsi haqda xəbər verilib. Milli Qvardiyanın yaranmasının 81-ci ildönümünə həsr olunmuş mərasimdə çıxışı zamanı ölkə başçısının olduğu tribunaya doğru pilotsuz uçan aparat yönəlib. Lakin polis PUA-nı vaxtında zərərsizləşdirməyə nail olub. Hadisə nəticəsində prezident və onun yaxınları xəsarət almayıb. Lakin mərasimin bir neçə iştirakçısı yaralanıb. Nikolas Maduro təxliyə edilib və təhlükəsiz yerə aparılıb.
Hadisəni törədənlər, bunun arxasındakı səbəblər barədə dünya mediası hər gün yazır. Amma bu, bir faktdır ki, ölkə prezidentlərinə qarşı zaman-zaman sui-qəsd hadisələri baş verib. Üstəlik, bunu müasir dövrlə əlaqələndirmək də yanlışdır. Çünki hələ ötən əsrlərdə belə olaylar zaman-zaman baş verib. Nəinki ötən əsrlərdə, şahlıq dönəmində, ya da kral saraylarında dəfələrlə padşahlara qarşı sui-qəsd planları hazırlanıb, həyata keçirilib. Məsələn, daha kustar səviyyədə - yeməklərinə zəhər qatmaqla.
“Övladlarım, siz məni öldürürsüz?” - ən dəhşətli sui-qəsdin yadda qalan sitatı
“Yeni Müsavat” tarixin o qədər dərin qatlarına daxil olmadan bir neçə əsri əhatə etməklə, səs-küylü, prezidentlərə sui-qəsd hekayələrini nəzərə çatdırır.
Öncə Müəmmər Qəddafiyə qarşı sui-qəsddən başlayaq. Liviyanın devrilmiş lideri Müəmmar Qəddafinin 2011-ci il oktyabrın 20-də öldürülməsi kadrları hələ də arxivlərdədir. Qəddafinin ölümü ilə bağlı versiyalar arasında ən maraqlısı onun boğularaq qətlə yetirilməsi ilə bağlıdır. Məlumata görə, Qəddafi üsyançıların Sirt şəhərinə hücumu zamanı hər iki ayağından və başından yaralansa da, qaçmağa çalışırmış. O, hətta sürünərək Sirt şəhərinin qərbində yerləşən kanalizasiya borularınadək gəlib çıxıb və orada gizlənib.
M.Qəddafi gizləndiyi yerdən çıxarıldıqdan sonra üsyançılar onu necə öldürəcəkləri ilə bağlı xeyli mübahisə ediblər. Bəziləri onu işgəncə ilə öldürməyin tərəfdarı olsalar da, digərləri Qəddafinin sağ saxlanılmasını istəyiblər. “Youtube” videoportalında hətta Qəddafinin son anlarının videogörüntüsü də öz əksini tapıb.
Videoçarxda M.Qəddafi üzünü liviyalılara tutaraq müraciət edir: “Övladlarım, siz məni öldürürsünüz? Siz günah işlədirsiniz. Bu, mənəm, Qəddafi, sizin lideriniz”. Ancaq verilən məlumatda bildirilir ki, üsyançılar Qəddafinin çağırışlarına məhəl qoymayaraq onu boğaraq qətlə yetiriblər.
Keçmiş Rumıniya diktatoru Nokolay Çauşeski də hakimiyyətdən qiyam yolu ilə devrildikdən sonra həyat yoldaşı ilə birlikdə üsyançılar tərəfindən güllələnib. Çauşeskilər Buxarestdəki hərbi qəbiristanlıqda dəfn olunublar.
Klintona qarşı 30 sui-qəsd olub, bəs digər Amerika prezidentləri?
Amerikanın sui-qəsdə məruz qalan ilk prezidenti Endryu Cekson olub. 1835-ci ilin 30 yanvarında Kapitoliya binasında 35 yaşında bir rəngsaz ona yaxınlaşıb, dalbadal iki dəfə silahla atəş açmaq istəyib. Cinayətkar dərhal yaxalanıb və daha sonra etiraf edib ki, prezidenti məhz işsiz qaldığı üçün öldürmək istəyib. Prezident özü isə iddia edib ki, bu adamı ona siyasi düşmənləri yollayıblar.
1881-ci ilin 2 iyulunda Vaşinqton vağzalında əsəb gərginliyindən əziyyət çəkən Çarls Gito prezident Ceyms Qarfildi güllələyib. Prezident bir neçə ay sonra, bu güllələnmənin nəticəsi olaraq qan zəhərlənməsindən dünyasını dəyişib.
1911-ci ilin 6 sentyabrında Çikaqoda Panamerikan Sərgisinin açılışı zamanı prezident Uilyam MakKinli ciddi şəkildə yaralanıb. Ona hücum edən isə 28 yaşlı anarxist Leon Spolqots olub.
Bill Klintona qarşı 30 sui-qəsd hazırlanıb və nəticədə 95 nəfər həbs edilib. Yaxalanan cinayətkarların hamısı psixi cəhətdən xəstə şəxslər olublar. Sui-qəsdlərin hamısı 1993-1995-ci illər arasında olub.
Barak Obama da sui-qəsd cəhdindən sığortalanmayıb. Sui-qəsd 2008-ci ildə Denverdə Demokratlar Partiyasının seçkiqabağı qurultayında reallaşdırılmalı idi. Federal Təhqiqatlar Bürosu son anda cinayətkarları ələ keçirməyi bacarıb. Afroamerikalının ölkə prezidenti olmasını istəməyən sui-qəsdçilərin üzərindən 3 tapança götürülüb. Ələ keçirilənlərin adları Deniel Kovart və Pol Şlesselman olub.
1912-ci ilin 14 oktyabrında, Viskonsin ştatındakı seçkiöncəsi mitinqdə Teodor Ruzveltə qarşı sui-qəsd olub. Sinəsindən ciddi yara almasına baxmayaraq prezident çıxışını bitirmədən kürsüdən düşməyib. Və yalnız çıxışı bitəndən sonra həkimə müraciət edib.
15 fevral 1933-cü ildə, seçkilərdəki qalibiyyətindən dərhal sonra Franklin Delano Ruzveltə qarşı da sui-qəsd gerçəkləşib. Florida ştatında ona Cüzeppe Zanqarra adlı anarxist hücum edib. Yaxınlıqda dayanan qadın atəş açılan zaman qatilin əlindən tutmağa çalışıb. Zanqarra Ruzvelti öldürməyi bacarmasa da, Çikaqonun meri Entoni Çermakı ölümcül yaralamağa nail olub.
1963-cü ilin 22 noyabrında Dallasda prezident Con Kennedi öldürülüb. 1995-ci ildə Milli Təhlükəsizlik Agentliyinin və Amerika ordusunun keçmiş kəşfiyyatçısı Con Nyuman Li Harvi Osvaldın şəxsi işinin Kennedinin öldürülməsinə qədər və sonra dəfələrlə dəyişdirildiyini göstərən şahid ifadələrini dərc edib. Nyumanın məlumatına görə, Amerika xüsusi xidmət orqanları, prezidenti qəsdlə bağlı məlumatlandırmaq imkanına malik olmalarına baxmayaraq, bunu etməyiblər. Bundan əlavə, 2007-ci ildə Qvatemalada “pbsuccess” əməliyyatını keçirən və “Uotorgeyt skandalı”nın iştirakçılarından olan MKİ-nin keçmiş agenti Hovard Hantın kitabı çıxır. Kitabda Hant MKİ-nin Kennedinin qətlində əli olduğunu deyirdi. Sonradan Hantın oğlu “Rolling Stones” jurnalına müsahibəsində bu məlumatları təsdiqləmişdi. Onun sözlərinə görə, guya ölüm ayağında ikən Hant qətldə əli olanlar arasında sonralar Kennedini əvəzləyən prezident Lindon Consonun, Kubadakı MKİ-nin əməliyyatlar üzrə rəhbəri Devid Etli Filipsin, MKT agentləri Kord Meyer, Uilyam Harvi, David Sançes Moralesin, Hantın Uotorgeyt 2 qalmaqalı üzrə iş ortağı Frenk Surcis və naməlum fransız snayperinin adlarını çəkib.
Stalini kimlər və necə öldürmək istəyib?
Bu SSRİ liderini çoxları öldürmək istəsə də heç bir uğur əldə etməyiblər. Onun mühafizəsi həddən artıq diqqətli və hazırlıqlı olub. 1942-ci ildə Stalini Saveli Dmitriyev öldürmək istəyib. Dmitriyev Qırmızı meydanda içərisində Stalinin olduğunu güman etdiyi avtomobilə atəş açıb, lakin SSRİ liderinin yerinə avtomobildə Xarici Ticarət Komissarlığının rəhbəri Anastas Mikoyan olub. Hücum zamanı heç kim xəsarət almayıb. Dmitriyev 1950-ci ildə güllələnərək öldürülüb.
2000-ci ilin sonlarında Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı planlaşdırılan uğursuz sui-qəsd planı haqda məlumatlar yenidən mətbuatın gündəminə qayıdıb. Həmin səfər zamanı qonşu dövlətin prezidentinə sui-qəsdin planlanması haqda məlumata Rusiyanın “5-ci kanal”ında yayımlanan Andrey Karaulovun müəllifi olduğu “Həqiqət anı” verilişində yer ayrılıb.
İllər öncə yayımlanan proqramda verilişin aparıcısı indiyə qədər Kreml sahibinə rəsmi olaraq 6 dəfə sui-qəsdin təşkil olunduğunu söyləyib. Sui-qəsd yerlərindən biri kimi Bakı göstərilib. Verilişin Putinə qarşı Bakı sui-qəsdi barədə hissəsində Heydər Əliyevin Rusiya mətbuatına verdiyi açıqlama da yer alıb. 2002-ci ildə alınan müsahibədə H.Əliyev Putinə sui-qəsdə qarşı lazımi tədbirlərin görüldüyünü bildirib. Həmin müsahibədən aydın olur ki, sui-qəsd planı 2000-ci ilin sonlarında Putinin Bakıya səfəri zamanı planlanıbmış.
Həmin müsahibədən sitat: “Biz istəmirdik özümüzü reklam edək, ona görə də danışmırdıq. Onsuz da FSB bilirdi. Putinin Bakıya uçuşundan əvvəl onlar bilirdilər ki, biz tədbirlər görürük. Bizim nazir dedi ki, terrorun həyata keçirilməsinin qarşısını almaq üçün hansı işlər görülüb”.
MilliYol.Az
Digər xəbərlər
loading...