Bakıda dustaqların qaçması ilə bağlı yeni məqamlar üzə çıxıb
Bu dəfə "Qoca"nın qaçmasına kömək edən Günay Atakişiyeva sirləri açıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Fədayə Laçın, Penitensiar Xidmətin konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar xidmətin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov və digərlərinin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Musavat.com səs-küylü cinayət işinin əsas iştirakçılarından Günay Atakişiyevanın istintaqa ifadəsini əldə edib.
Atakişiyeva "Qoca"ya necə kömək etməsinin təfərrüatlarını danışıb.
O, "Qocanı" hadisədən bir neçə ay əvvəl tanıdığını söyləyib: “Birgə kirayədə yaşadığım rəfiqəm Lalə vasitəsilə 6 ay əvvəl “Qoca”nı tanıdım. Lalə uzun müddət əvvəldən Etibar Məmmədov ilə intim münasibətdə olurdu. Lalə deyirdi ki, bir-birlərini sevirlər. Mən də Lalənin telefonu ilə dəfələrlə Etibarın telefonuna zəng edərək onunla danışmışdım. Həmin vaxt Etibar Bakı İstintaq Təcridxanasında saxlanılırdı. 2017-ci ilin sentyabr ayında Lalə, mən və Etibarın dostu Aqillə birgə onun yanına getdik. Orada Etibarı ilk dəfə üzbəüz gördüm, sonra evə qayıtdıq. Sonra yenə Lalənin telelfonundan Etibarla danışmağa davam etdim".
Atakişiyeva söyləyib ki, "Qoca" onu həbsxanaya çağırıb və qaçmasına kömək etməsini istəyib: "Oktyabrın 19-da Aqil mənə zəng edib dedi ki, Etibar mənim onun yanına getməyini istəyir. Mən də Aqillə birgə getdim. Etibarın qardaşı Vüqar da orada idi. Görüşdə Etibar mənə dedi ki, “Bizi 21 oktyabrda Lənkərana məhkəməyə aparacaqlar. Mən onda qatardan qaçacam. Aqil sənə açar verəcək, həmin açarı oktyabrın 21-də Biləcəriyə gətirib dustaq daşınan qatarda mənə verərsən”. Mən də qorxduğum üçün açarı apara bilməyəcəyimi dedim. Etibar dedi ki, onda mənə paltar verəcəklər, onu gətirib qatarda ona verərəm. Mən onunla razılaşdım. Oktyabrın 21-də Aqillə Biləcəridə görüşdüm, mənə bir torba verib dedi ki, “bunu Etibara verərsən”.
Axşam saat 11 radələrində qatara yaxınlaşdıq, rəis Ceyhun bizi qarşıladı, mənim çantamı yoxladı, amma Etibara verəcəyimiz bağlamaya baxmadı. Onu bizdən alıb özünün verəcəyini dedi. Bir müddət sonra məni Etibarın olduğu otağa apardılar, onda gördüm ki, həmin torba artıq Etibara verilib. Biz bir az söhbət edəndən sonra Etibar otaqdan çıxıb başqa dustaqların yanına getdi, sonra qayıtdı".
İfadəsinin davamında G. Atakişiyeva dustaqlar qatardan qaçan gün baş verənləri belə danışıb: "Etibar xüsusi vaqonda olarkən çox sərbəst hərəkət edirdi, istədiyi yerə girib-çıxırdı. Biz gecəni bir yerdə qaldıq, Lənkəranın Liman stansiyasında mən düşüb Masallıya getdim, bir qədər sonra Etibar zəng edib onunla birgə qatarla Bakıya qayıtmağımı istədi. Mən Lənkərana qayıtdım, qarovulda xidmət edən Tural adlı şəxs mənə zəng edib 1-2 saat sonra Liman stansiyasında olmağımı tapşırdı və məni ordan götürəcəklərini dedi. Sonra Etibar zəng edib rəisin telefonu ilə danışdığını dedi. Mən stansiyaya çatandan sonra Tural adlı əməkdaş məni qarşıladı və üstümü yoxlamadan məni Etibarın yanına apardı. Şirvanda Aqil də qatara mindi, o Etibarla pıçıltı ilə nəsə danışdı. Aqillə mən orada qatardan düşdük, taksi ilə Bakıya gəldik. Səhər saat 05 radələrində Etibar Aqilə zəng eləyib qatardan qaçdığını dedi və onu “Ağ Saray” şadlıq sarayının yanından götürməyimizi istədi. Biz həmin yerə gedib qatardan qaçan digər dustaq Əli ilə birgə Etibarı götürdük. Lökbatanda da başqa bir oğlan maşına mindi, ordan da Hökməlidə Famil adlı şəxsin evinə getdik. 1-2 saat qalandan sonra mən ordan Sumqayıta, qaldığım evə qayıtdım. Həmin gecə Etibar da gəlib bizdə qaldı. Etibar mənə dedi ki, ona 19 il iş verəcəkləri üçün qaçıb və sərhəddən qanunsuz keçməyi planlaşdırır. Onun tələbi ilə nömrəmi sındırıb atdım, səhəri gün tanış taksi sürücüsü Məhəmmədi çağırdım, mən və Lalə ona Etibar haqda dəfələrlə danışmışdıq deyə artıq onu qiyabı tanıyırdı. Məhəmməd Etibarın türmədən qaçdığını bilirdi və onu Qazaxa aparmaq üçün 150 manata razılaşdı".
G.Atakişiyeva "Qoca"nı maşına mindirib sərhəddə apararkən yolda necə yaxalandıqlarını da danışıb: "Etibar 2 adyal və yastıq götürüb maşının “baqaj”ına girdi və orada gedəcəyini dedi. Mənə 800 dollar verib dedi ki, Qazaxda ona qaytarım. Yolda Etibar Məşədi adlı şəxslə 1 saatdan bir danışırdı, Məşədi onu Sadıxlı kəndinə aparıb oradan Gürcüstana keçirəcəkdi. Gecə saat 01 radələrində Qazaxa çatdıq, Məhəmməd orada başqa bir taksiyə 23 manat verdi ki, bizə bələdçilik edib Ağstafa rayonunun Sadıxlı kəndinə aparsın. Poylu stansiyasına çatanda gördük qarşıda post var və polislərlər hərbçilər maşınları yoxlayır. Bu vaxt Etibar dedi ki, maşını geri sürsün. Mən Etibara qaçmamasını dedim, amma qulaq asmadı.
Arxadan "Niva" markalı maşında polislər gəlirdi, biz Poylu kəndinin içində küçəyə girdik, dalan oldu. Məhəmməd maşını saxladı, Etibar maşından düşüb ağacların arasına qaçdı. Polislər bizi tutub şöbəyə gətirdilər, Etibar isə qaçıb getdi".
MilliYol.Az
Digər xəbərlər
loading...