ABŞ Ədliyyə Departamenti Nyu Yorkda çirkli pulyuma ittihamıyla saxlanmış dörd rusiyalının kimliyini açıqlayıb. Rusiyalılar ötən həftə Federal Təhqiqat Bürosu (FBI) tərəfindən saxlanıb
Ədliyyə Departamentinin sözçüsü Navas Oxman avqustun 6-da Rusiyanın TASS xəbər agentliyinə deyib ki, həmin rusiyalılar Kirill Dedusev, Aleksey Livadny, Nikolay Tupikin, and Stanislav Lisitskydir. Ötən həftə saxlanmış beşinci şübhəli – Maksim Suverinin vətəndaşlığı açıqlanmayıb.
ABŞ Dövlət Departamenti iyulun 24-də yaydığı bəyanatda Dedusev, Livadny, Tupikin və Lisitsky daxil, keçmiş sovet respublikalarından 25 nəfərin saxlandığını bildirib. Onların bir neçə milyon dollarlıq elektron dələduzluqda və çirkli pulyuma mexanizmində suçlandığı qeyd olunub.
Prokurorların bildirməsinə görə, kriminal qruplaşmanın yeddi üzvü Rusiyadan, beşi Gürcüstandan, dördü Azərbaycandan, üçü Qazaxıstandan, ikisi Latviyadan, ikisi Ukraynadandır, sıralarında ABŞ və Türkiyə vətəndaşları da var.
Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aibek Smadyarov avqustun 7-də deyib ki, bu iş çərçivəsində 3 Qazaxıstan vətəndaşı saxlanıb, hamısı qadındır.
Rusiyanın Vaşinqtondakı səfirliyi dörd rusiyalının həbsindən xəbərdar olduğunu, hadisələri diqqətlə izlədiyini bildirib.
İyulun 24-də açıqlanmış ittihamnamədə deyilirdi ki, şübhəlilər maşın satışı haqda saxta reklamlar yerləşdiriblər, müştərilər ilkin ödəniş edəndən sonra isə yoxa çıxıblar. İttihamnaməyə görə, şübhəlilər bir neçə saxta şirkət yaradaraq dələduzluqla məşğul olublar, ümumilikdə 4,5 milyon dollar oğurlayıblar.
Təqsirləri sübuta yetirilərsə, şübhəliləri fırıldaqçılığa görə 30 ilədək, çirkli pulyumaya görəsə 20 ilədək həbs cəzası gözləyir.
MilliYol.Az
Digər xəbərlər
loading...