Lora Rozen
“Əl-Monitor”
Donald Tramp administrasiyasının rəsmiləri bildiriblər ki, İran əleyhinə yenilənmiş iqtisadi sanksiyaların etiraz aksiyalarını gücləndirəcəyinə və nəticədə, Tehran rejimini daha geniş bir sazişə dair danışıqlara cəlb edəcəyinə ümidlidirlər.
Tramp milli təhlükəsizlik məsləhətçisi Con Bolton “Fox News”-a deyib: “”İran həqiqətən ciddi olarsa, masa arxasına gələcək “.
Boltonun sözlərinə görə, “onlar prezidentin təklifləri ilə müzakirələr aparmaq, ballistik raket və nüvə silahı proqramlarından tam və həqiqətən imtina edə bilərlər”.
Ağ Ev, Dövlət Departamenti və Xəzinədarlıq rəsmiləri bildiriblər ki, İrandakı son etirazlar və İran valyutasının (rial) məzənnə enişinə əsasən, İran xalqının hökumətin iqtisadiyyatı necə idarə etməsi ilə əlaqədar qəzəblənməsi rəyindədirlər. Onlar İran rejiminin Suriya prezidenti Bəşər Əsəd, şiə militanları və bölgədə sabitliyi pozan proksi qruplara dəstək üçün maliyyə və digər resursları sərf etməni dayandırmağa çağıran etirazçıları dəstəkləyirlər.
“Etirazçıların tələb etdiyi çox şey Birləşmiş Ştatlar və dünyanın digər ölkələrinin tələblərinə çox oxşardır. Biz ardıcıl deyirik ki, əgər İran normal ölkə kimi davranmağa başlayarsa, bundan fayda götürəcək. Lakin İran Yaxın Şərqə inqilab ixracını və bölgəni qeyri-sabitləşdirməyə davam etdiyi müddətcə İran xalqının daim qəzəbləndirəcəyini düşünürəm və biz onların iddialarını dəstəkləyirik. Beləliklə, rejimin davranışında bir dəyişiklik görmək istəyirik və məncə, İran xalqı eyni şeyi istəyir”, – anonim qalmaq istəmiş rəsmi deyib.
Tramp administrasiyasının rəsmiləri, ABŞ prezidentinin may ayında İranla nüvə sazişindən çıxmasından sonra iqtisadi çətinliklərin və narahatlıqların əlamətlərini görməkdən məmnun olduqlarını söyləyiblər. Halbuki bəzi ekspertlərin proqnozlarına əsasən, ABŞ-ın birtərəfli iqtisadi sanksiyaları çox təsirli olmayacaq.
“O zaman Pensilvaniya Universitetinin alimləri və Avropa İttifaqı mütəxəssisləri xəbərdarlıq etmişdi ki, ABŞ-ın birtərəfli sanksiyaları effektiv vasitə olmayacaq. Ancaq son üç ayda qarşımızda çox fərqli bir tablo var. Rialın enişi, artan işsizlik və sosial problemlərlə etirazlar güclənir”.
2015-ci ildə İranla danışıqlar aparmış digər beş dünya ölkəsi – Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin sazişi dəstəkləməyə davam edir və Avropa xarici işlər nazirləri ABŞ-ın yeni iqtisadi sanksiyaları ilə əlaqədar təəssüflərini dilə gətirib. İranın enerji və bank sektorlarına qarşı daha ciddi ABŞ sanksiyalarının ikinci mərhələsi noyabr ayında qüvvəyə minəcək.
Avropa İttifaqının nümayəndəsi Federika Moqerini, Fransanın xarici işlər naziri Jan-İv Le Drian, Almaniyanın xarici işlər Heyko Maas, Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant birgə bəyanatda ABŞ-ın təkrarən sanksiyalar tətbiqinə təəssüf bildirərək əlavə ediblər: “JCPOA işləyir və vəzifəsini yerinə yetirir”.
“Sanksiyaların ləğvi sazişin vacib bir parçasıdır”, – deyərək, onlar, noyabrda qüvvəyə minəcək İranın bu sektorlarına yenilənmiş ABŞ sanksiyalarına baxmayaraq, Tehranın neft və qaz ixracını sürətlə davam etdirməyə və bank əməliyyatları aparmağa çalışması üçün səylərini artıracaqlarına söz verirlər.
Beynəlxalq müqavimətə baxmayaraq, Tramp administrasiyasının rəsmiləri rejimin kursu dəyişməyənə qədər gələcək aylarda iqtisadi təzyiqi dərinləşdirməyi qərara alıb.
“Bu administrasiya İran rejiminin fəaliyyətini dayandırmaq üçün iqtisadi təzyiq tətbiq etmək məqsədilə qüvvəyə minəcək sanksiyaları tam şəkildə yerinə yetirmək niyyətindədir və nəticədə, İran xalqının rifahına gətirib çıxaracaq yeni bir yolu göstərir”, – administrasiya digər məmuru deyib.
İran rəsmiləri, o cümlədən 2013-2015-ci illərdə ABŞ-la nüvə razılaşması üçün danışıqlara qatılanlar, Tramp administrasiyası ilə yeni danışıqlara şərait görmürlər. Onlar Trampın iyulun 30-da İran rəsmiləri ilə heç bir ilkin şərt olmadan istənilən vaxt danışmaq təklifinə şübhə ifadə edərək, bildiriblər ki, bu, ABŞ-ın təzyiq kampaniyasına beynəlxalq müxalifəti azaltmaq taktikası ola bilər.
Prezident Həsən Ruhani İran dövlət televiziyasındakı çıxışında deyib: “Müzakirələrin ön şərtləri var. “Gəlin danışaq” deyən – birtərəfli olaraq çoxtərəfli sazişdən çəkilən şəxsdir”.
Ruhani əlavə edib: “Amerika İrana sanksiyalar tətbiq etməyə peşman olacaq. Onlar artıq dünyada təcrid olunur. Onlar İran uşaqlarına, xəstələrə və millətə sanksiya tətbiq edirlər”.
İranın nüvə proqramı ilə bağlı danışıqlar aparmış Ruhaninin məsləhətçisi Məcid Təxt-Rəvançi “Təsnim” Xəbər Agentliyinə müsahibə verib: “Nəticələri olan danışıqlar aparmaq istəyirik. Biz bu şərtlərdən heç birini görmürük. Açıq şəkildə deyirik ki, mövcud mühitdə aparılan danışıqlar faydasızdır, bəzi hallarda hətta zərərlidir”.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İran jurnalistləri ilə keçirilən mətbuat konfransında bildirib ki, “biz danışıqlarda sazişdəki hər bir sözü razılaşdırmışıq, Tramp isə saziş mətnini ləğv edib. İndi də yeni danışıqlar təklif edir, bu yalnız təbliğat oyunudur”.
İran mənşəli amerikalı analitik, Atlantik Şurasının əməkdaşı və “RAK Petroleum” şirkəti direktorlar şurasının üzvü Əmir Xəncani də Tramp administrasiyasının İran rejimi ilə yeni müqavilə istəyinə şübhə ilə yanaşır: “İranlılar ilə üzbəsurət oturmaq və onlarla daha yaxşı bir razılaşma təklifində özünəməxsus ziddiyyət var, çünki eyni zamanda, İran daxilində daha çox iğtişaşlara dəstək verilir. Bu ya yaxşı düşünülməmiş diplomatik strategiya, ya da Tehranla qeyri-səmimi yaxınlaşma istəyidir. Administrasiya mövqeyini aydınlaşdırmayana qədər Ruhaninin Trampla masa arxasına oturacağı şübhə doğurur.
İranlılar dalana dirənib. Trampla üzbəsurət otura və əliboş çıxıb gedə bilməzlər. Onlar bunu Trampın üzünə deyəcək: “Bu halda biz nəyi imzamalıyıq, cənab Tramp?””
MilliYol.Az
Digər xəbərlər
loading...