Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri vəzifəsini icra edən Vəli Hüseynovla bağlı qalmaqal böyüyür
Buna səbəb kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun doktorluq və professor diplomları ətrafında yaşanan qalmaqalların ardınca, Ədalət Muradova bu diplomları vermiş AAK-a rəhbərlik edən Vəli Hüseynovun da namizədlik və doktorluq diplomlarında saxtakarlıqların üzə çıxması göstərilir.
Qeyd edək ki, AAK Rəyasət Heyətinin "Azərbaycan Respublikasının vətəndaşı olan iddiaçıların xarici ölkələrdə dissertasiya müdafiəsi Qaydaları”na (25.05.1996-cı il (protokol №15-r)) əsasən 01.02.1994-cü ildən sonra Azərbaycandan kənarda müdafiə olunmuş fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının AAK-da təkrar attestasiyadan (nostrifikasiya) keçməsi tələb olunur. Yəni, həmin diplomlar respublikamızın ərazisində tanınması üçün müvafiq prosedurlardan keçirilməli və müsbət qərar verildiyi halda iddiaçılar AAK-ın diplomunu almalıdır. Amma başqalarından qanun-qayda tələb edən Vəli Hüseynovun namizədlik diplomu belə bir prosedurdan keçirilməyib. Bunun ardınca isə doktorluq işi müdafiə edib ki, bu zaman da AAK-ın tələbləri pozulub.
Reyting.az saytı “Təzadlar” qəzetinə istinadla xəbər verir ki, az əvvəl AAK-ın İqtisadiyyat üzrə Ekspert Şurasının 6 tanınmış üzvü istefa verib. İstefalara səbəb V. Hüseynovun özbaşınalıqlarına etirazdır. Hətta Şura üzvüləri istefa ilə kifayətlənməyərək sədr əvəzinin əməllərindən Prezident Administrasiyasına və prokurorluq orqanlarına müraciət də ediblər.
Qəzetin iddiasına görə, ölkənin elmi ictimaiyyəti üçün sensasiya sayılan müraciətlərlə bağlı Prezident Administrasiyasında ciddi qərarların verilməsi planlaşdırılır.
Artıq Prezident Administrasiyasındakı əlaqədar şəxslərə məlum olub ki, Vəli Hüseynov fəlsəfə doktoru dissertasiyasını “Нейтрин-лептонные процессы во внешном магнитном поле” mövzusunda 21 aprel 1994–cü ildə Rusiya Federasiyasında müdafiə edərək həmin ilin dekabrında təsdiqini alsa da, AAK-ın Rəyasət Heyətinin məlum qərarına əsasən, diplomu Azərbaycanda təkrar attestasiyadan keçirilməli olduğu halda buna əməl edilməyib. Üstəlik, namizədlik diplomu təkrar attestasiyadan keçirilmədən doktorluq dissertasiyasını müdafiə edərək təsdiqlədib. Yəni, doktorluq dissertasiyasının müdafiəsində və təsdiqində ciddi qanun pozuntularına yol verilib. Bu isə V. Hüseynovun doktorluq dissertasiyasının legitimliyini şübhə altına alır.
Araşdırma zamanı məlum olub ki, V. Hüseynov 2003-cü ilin sentyabr ayında fizika-riyaziyyat elmləri üzrə doktorluq dissertasiyasını müdafiə etsə də, “Elmi dərəcələrin və elmi adların verilməsi Qaydaları”na da əməl olunmayıb. Əsasnamənin 3-cü bəndinin 14-cü maddəsinə görə, iddiaçıların elmlər doktoru dissertasiyalarının nəticələrinə dair ən azı 20 elmi məqaləsi dərc edilməlidir. V. Hüseynovun avtoreferatına nəzər yetirdikdə isə məlum olur ki, onun cəmi 10 məqaləsi dərc olunub və bura 3 tezis,1 konfrans materialı da əlavə edilib.
Amma V. Hüseynovun istifadə etdiyi və AMEA-nın Fizika İnstitutunun 3 preprint materialı (tezis) AAK-ın tələb etdiyi məqalə sayıla bilməz. Eyni zamanda, V. Hüseynovun namizədlik dissertasiyasının avtoreferatında göstərdiyi 1 məqalə və 1 preprint materialı həm də doktorluq dissertasiyasının avtoreferatında göstərilib. Bu isə, AAK-ın tarixində ən rüsvayçı faktdır, yolverilməzdir, belə hallar qanunsuzluq və fırıldaqçılıq sayılır.
Beləliklə, doktorluq dissertasiyası qanunsuz olduğu, AAK-ın heç bir texniki ekspertizasının tələblərinə cavab vermədiyi, uyğun gəlmədiyi halda, V. Hüseynov vəzifəsindən sui-istifadə edərək həm prosedur pozuntuları ilə (namizədlik dissertasiyasının nostrifikasiyası olmadan), həm də AAK-ın ən vacib tələbləri pozulmaqla diplom almağa nail olub.
Onu da qeyd edək ki, təqdim olunan faktlar olduqca ciddidir. Amma elmi yaradıcılığında bu qədər saxtakarlıqlara yol vermiş V. Hüseynov xırda problemləri əsas gətirib elm adamlarını bezdirməkdə davam edir.
MilliYol.Az
Digər xəbərlər
loading...