Müasir ABŞ dövlətinin “qurucu atalarından” olan Tomas Ceferson deyib ki, “qəzetlərsiz hökumət, yoxsa hökumətsiz qəzetlər arasında seçim etməli olsaydım, tərəddüd etmədən ikincini seçərdim”
Ancaq belə görünür ki, Tomas Cefersonun xələfi Donald Tramp onun kimi düşünmür. Dünyanın ən demokratik ölkəsinin prezidenti mediaya savaş elan edib. ABŞ-ın ən nüfuzlu media orqanları CNN, “The New York Times”, “The Washington Post” prezident Trampla savaşır. Doğrudur, indi dünya bir balaca dəyişib, qəzetlər və televiziya siyasətçilərin xalqla rabitəsini təşkil edən yeganə vasitə deyil. Daha güclü alternativlər var. Amerikanın biznesmen prezidenti Tramp sosial media vasitəsilə cəmiyyətə xitab edir və ənənəvi media orqanlarına müsahibə vermir.
ABŞ prezidenti iddia edir ki, hökumətin gördüyü bir çox müsbət işlərə rəğmən ABŞ mediası onun administrasiyasının fəaliyyətini həmişə neqativ çalarlarla təsvir edir. Və dünyanın superdövləti, demokratiya beşiyi sayılan ölkənin birinci şəxsi mətbuata həddən artıq aqressiv dillə hücum edir, onları uğursuz adlandırır, hökuməti və prezidentin fəaliyyətini qəsdən neqativ planda verməkdə, yəni qərəzdə ittiham edir. Ancaq Tramp yalnız tənqid etmir.
ABŞ prezidenti Ağ Evə köçdüyü il yarım ərzində bir neçə jurnalisti qovaraq cəzalandırmaq istəyib. Daha əvvəl CNN telekanalının əməkdaşı cəzalandırılıb, iyulun 25-də isə Ağ Evin mətbuat katibi Sara Sanders CNN telekanalının jurnalisti Keytlin Kollinsin ABŞ prezidentinin iştirakı ilə keçirilən tədbirləri işıqlandırmaq hüququndan məhrum edildiyini açıqlayıb. Bu ilin yanvarında isə Tramp Ağ Evdə nümayişkaranə surətdə CNN-nin əməkdaşı Cim Akostanı mətbuat konfransından qovub.
Ancaq ABŞ prezidentinin media ilə bu davranışı artıq onun tərəfdarlarını da əsəbləşdirir. Amerikanın əksər nüfuzlu media orqanları prezidentin mediaya qarşı rəftarına qarşı səsini ucaldıb. Əlbəttə, Tram indi sıradan biri deyil, dünyanın ən nəhəng ölkəsinin dövlət başçısıdır və onun bu cür rəftarı medianı gözdən salır, Amerikada oturuşmuş demokratik ənənələrə zərbə vurur. Prezidentin media ilə bu cür rəftarını görən nazirlər, daha aşağı məmurlar və hətta şirkət rəhbərləri də mediaya qarşı saymaz, aqressiv davranışa keçə bilər ki, bu da nəticədə demokratik dəyərlərin zədələnməsi ilə nəticələnə bilər.
Lakin təkcə Amerika deyil, həm də bütün dünyada. ABŞ prezidentinin mediaya düşmənçiliyi dünyanın geri qalan hissəsində avtoritar liderlər üçün göydəndüşmə fürsətə çevrilə bilər. Əgər ABŞ-da prezident dünyaca məşhur media orqanlarını rahat şəkildə əzə bilirsə, o zaman bundan qat-qat artığını qeyri-demokratik ölkələrin liderləri edəcək və ya edir. Bu mənada Trampın media ilə savaşı həm də dünyanın geri qalan hissəsində də həyati əhəmiyyətə malikdir. Və bu savaşın nə ilə birməsi bilvasitə dünya mediasının taleyində mühüm rol oynayacaq.
Belə bir deyim var. Qəzetlə iki şeyi öldürə bilərsən: Milçəyi və siyasətçini. Çünki normal ölkələrdə media böyük gücdür, ictimai rəyi formalaşdırır. Siyasətçinin reytinqi isə ictimai rəydən asılıdır, ya da başqa sözlə media formalaşdırır. Medianın düşmən kəsildiyi siyasətçilər bir qayda olaraq tezliklə nüfuzlarını itirir, seçkilərdə qalib gələ bilmir. Hətta bir çox siyasətçilərin karyerası medianın “əli ilə” məhv olub.
İndi isə ipə-sapa yatmaz Amerika prezidenti medianın qarşısına “əlcək atıb”. Baxaq görək Amerika mediası Trampı "öldürə" biləcəkmi? Bəlkə də Donald Tramp mediadan özünə qarşı təhlükəni bildiyi üçün onu susdurmağa, zəiflətməyə çalışır. Hər halda riskli savaşdır, amma bu savaşda azad söz, media uduzarsa, həm də dünya demokratiyası uduzacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...