Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi” 7 ölkəni 12 fərqli investorla birləşdirəcək
Trend-in məlumatına görə, bunu SOCAR-ın investisiya və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov “John Batchelor” radioşousunda bildirib.
E.Nəsirov deyib: “Hazırda biz dünyanın ən böyük və ən bahalı enerji layihələrindən olan “Cənub Qaz Dəhlizi”nin tikintisinin yekunlaşmasına çox yaxınıq və bu layihə 7 ölkəni kəmər boyunca 12 fərqli investor və 12 fərqli alıcı ilə birləşdirəcək.
E.Nəsirov bildirib ki, bu, böyük enerji ehtiyatlarına malik Xəzər regionunu Avropa İttifaqı (AB) istehlakçıları ilə birləşdirən ilk boru kəməri olacaq:
“Əlbəttə Aİ üçün alternativ mənbə, neft və qaz istehsal edən və dənizə çıxışı olmayan ölkələr üçün isə öz məhsullarını istehlakçılara çatdırmaq yollarını tapmaq çox vacibdir”.
Vaşinqtonda İtaliya baş naziri Cüzeppe Konte ilə görüşdə ABŞ prezidenti Donald Trampın “Cənub Qaz Dəhlizi”nin bir hissəsi olan Transadriatik boru kəmərini (TAP) dəstəkləməsi çox böyük əhəmiyyətə malikdir.
Qeyd edək ki, mayın 29-da Bakıda “Cənub Qaz Dəhlizi”nin birinci mərhələsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.
Cənub Qaz Dəhlizinə “Şahdəniz-2” qaz yatağı, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri daxildir. 1,2 trilyon təbii qaz ehtiyatına malik “Şahdəniz” Azərbaycanın ən iri qaz-kondensat yatağı və Cənub Qaz Dəhlizinin hasilat mənbəyidir. Cənubi Qafqaz Boru Kəmərinin uzunluğu 691 km-dir. Gürcüstan sərhədindəki Türkgözü kəndində TANAP-a birləşən boru xəttinin 443 km-i Azərbaycandan, 248 km-i Gürcüstandan keçir. Layihə çərçivəsində Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük gücü ildə 7 milyard kubmetrdən 23 milyard kubmetrə qaldırılıb.
Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.
Cənub Qaz Dəhlizinin Avropa hissəsini TAP boru kəməri təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaqdır. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.
MillİYol.Az
Digər xəbərlər
loading...