Məlum olduğu kimi, ötən gün Stokholmda keçirilən “Avroviziya-2016” musiqi yarışmasında Azərbaycan siyahıda 17-ci sırada qərarlaşdı.
Ölkəmizi təmsil edən Səmra Rəhimli “Miracle” mahnısı ilə 117 xal əldə edə bildi. Müsabiqə həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız tərəfindən böyük həyəcan və maraqla izlənilib.
Təmsilçimizin son sıralarda yer alması isə bir çoxlarını məyus edib. Halbuki, ölkəmiz 2008-ci ildən başlayaraq qatıldığı məşhur mahnı yarışmasında ilk yerləri qazanmışdı. Elə həmin il 8-ci yeri, 2011-ci ildə 1-ci yeri, 2013-də 2-ci yeri əldə etmişdi. Lakin 2014-cü ildən başlayaraq Azərbaycan Dilarə Kazımovanın təmsilçiliyi ilə 22-ci yerdə, 2015-ci ildə Elnur Hüseynovun təmsilçiliyi ilə 12-ci , son yarışmada isə Səmra Rəhimlinin təmsilçiliyi ilə 17-ci yerlərdə qərarlaşdı.
Səbəb nədir? Təmsil olunan mahnıların, performansın, yoxsa ifaçıların zəif olması? Bəziləri təqdim olunan mahnıda milli elementlərin olmadığını, bəziləri ifaçının, ifa olunan mahnın zəif olduğunu, digərləri isə siyasətin bu məsələdə mühüm rol oynadığını bildirirlər. Sual doğuran məqamlardan biri isə son illər ölkəmizi təmsil edən mahnıların İsveç bəstəkarları tərəfindən yazılmasıdır. Azərbaycanının kifayət qədər professional bəstəkarları olduğu halda nədənsə onların yaradıcılığına müraciət olunmur. Bəstəkarlarımız “Avroviziya” mahnı müsabiqəsi üçün hazır deyil, yoxsa...
Bütün bu suallara cavab tapmaq üçün bir neçə tanınmış sənətçiyə müraciət etdik. Bəstəkar-müğənni Murad Arif açıqlamasında adı çəkilən beynəlxalq müsabiqənin əslində kommersiya və siyasi maraqların arenası olduğunu bildirdib: “Birinci olmaq bizim milli siyasi maraqlarımıza həmişə uyğundur. Həmişə qalib olmaq istəyirik ki, Vətənimizin adı ucalsın. Amma son bir neçə il bu müsabiqə bizim kommersiya maraqlarımıza uyğun deyil. Çünki bizim büdcəmizi tamam başqa layihələr aparır. “Avroviziya”da ön sıralarda olmaq çox çətindir. Yaxşı mahnı, nömrə çox bahadır. Ən nəhayətdə ölkələrin münsif heyətlərini razı salmaq... mən şübhə etmirəm ki, hamısı pul, maliyyədir. Yəni maliyyəsiz bu şeylər təmin olunmur. Diqqət edin, ən gözəl nömrəni, səhnəni, ən xoreoqrafiyanı Rusiya təqdim etdi. Yəni bu birmənalı olaraq belədir. Amma münsif heyəti Rusiyaya 1 və 0 xallarını verdi. Xalq səs verməsi isə, yəni bütün Avropa ictimaiyyətinin səsverməsinə görə Rusiya ən yüksək xal aldı. Deməli, müxtəlif ölkələrdə peşəkar münsiflər heyətini ən güclü səhnəyə 0 və 1 xalı verməsi nə deməkdir? Bu iqtisadiyyat, kommersiya deyil bəs nədir? Nəticələrdən də görünür, son 3 il ərzində Dilarə, Elnur və bu son təmsilçimiz Səmra Rəhimlinin bəxtindən favorit olmaq bizim marağımızda, daha doğrusu, iqtisadi marağımızda deyil. İndi bildiyiniz kimi ölkəmizin imicini təmin edən digər layihələrimiz var. Avropa Oyunlar, Formula -1 yarışları və sairə”.
Murad Arifin sözlərinə görə ölkəmizi təmsil edən mahnı kifayət qədər uğurlu olmayıb: “Uğursuz bir mahı ilə getmişdik. Yəni pis mahnı da deyil, amma lider mahnı da deyildi. Bundan əvvəl də demişdim ki, bu mahnının qalib olmasına inanmıram. Ən başdan söyləmişdim ki, qalib ya Rusiya, ya da Ukrayna olacaq. Azərbaycan istəsəydi, güclü mahnı göndərərdi, bəstəkarlarımıza nə gəlib ki, sadəcə boş verdik bunu”.
Bəstəkar-müğənni müsabiqə üçün nəzərdə tutulan mahnılar üçün İsveç bəstəkarlarına müraciət edilməsi məsələsindən də söz açıb: “Mən çox təəssüf edirəm buna. Müsahibələrimdə, sosial şəbəkələrdə bu barədə dəfələrlə fikrimi bildirmişəm. Çox üzüldüyüm bir mövzudur. “Eurovisiona”da uğurlarımız üçün pul ayıran idarə ayrı, amma kreativliklə məşğul olan idarə başqadır. Fikrimcə, kreativliklə məşğul olan idarə artıq öz işinin öhdəsindən gələ bilmir, “başdan sovduluq” edir. Ölkədə açıq mahnı seçimləri etmək, bəstəkarlarla əməkdaşlıq etmək, onları razı salmaq, qonorarlar vermək lazımdır. Bu əməkdaşlığı qurmaq üçün artıq yeni bir kreativ komandaya ehtiyac var. Çünki köhnə komanda artıq öz işini görüb. Artıq gələn ildən milli bir komanda ilə getməliyik. Əgər oranjeman zəifdirsə, studiyalarımız xaricdə xoreoqrafiyaçılar xarici olsun - əgər rəqqaslarımız zəifdirsə. Amma gəlin insafla danışaq, mahnı ki, yaza bilərik”.
Bəstəkar-müğənni Elza Seyidcahan isə təmsilçimizi finala çıxmaqda qınayıb: “Səmranın yerinə olsaydım finala çıxmazdım, qayıdıb gələrdim. Çünki onlar erməniləri cəzalandırmalı idilər. Erməni əgər böyük səhv etmişdisə, onlar finala qalmamalı idi, onları uzaqlaşdırmalı idilər. Səmra əgər finala qalmışdısa o da əlində bir Azərbaycan bayrağı, Qarabağ haqqında bir şüarla çıxmalı idi. Və bütün dünya bilərdi ki, ermənilər böyük haqsızlığa yol veriblər. Onla istədiklərini etdilər biz də istədiyimizi etməliydik. Bədahətən orda ürəyindən gələn hərəkət etsəydi, heç kim onu günahlandırmazdı. 23-cü yeri tutsaydı da yaddaşlarda vətənpərvər qız kimi qalacaqdı. Necə ki, türklər haqsızlığa görə yarışmadan çıxdılar, indi Türkiyədə neçə ildir ki, “Türkvizion” müsabiqəsi keçirilir”.
Əməkdar artist müsabiqədə təmsil olunan mahnı barəsində də öz mövqeyini bildirib: “17-ci yerin aşağı və ya yuxarısı yoxdur, əsas odur ki, Azərbaycan bayrağı orda dalğalandı. “Bayatı-Şiraz” üstündə olan mahnı idi. Orda bir balaban, kamança, saz olardı. Xarici mahnı da Azərbaycan mahnısının çalarlarını qatmaq olardı. Səmra çox gözəl ifaçıdır, gözəl də qızımızdır. Amma mahnısında Azərbaycan çalarları hiss olunmadı”.
Bəstəkarlar İttifaqının üzvü olan Elza Seyidcahan onu da qeyd edib ki, adı çəkilən müsabiqə üçün bəstəkarlar mahnı yazsa da onlar seçilmir: “Bir neçə il bundan əvvəl Firəngiz Əlizadənin tapşırığı ilə Eldar Mansurov, Ruhəngiz Qasımova, Aygün Səmədzadə və digərlərini topladılar Eldar və Nigar üçün. Sözün düzü onda bir çox bəstəkarlarımız tərəddüd etdilər. Faiq Sücəddinov da orda idi, dedi ki, “biz niyə yazmalıyıq, onsuz da bizim mahnımızı seçməyəcəklər”. Yəni boşu-boşuna niyə bizə əziyyət versinlər? Mən bunun üçün “Tapmaca” mahnımı yazdım, bəstələdim, oranjeman etdim, İctimai Televiziyaya təqdim etdim. Mahnıda saz, zurna, caz, rep, pop musiqisi var idi. Amma seçilmədik, bizdən seçmədilər. Mən sadəcə, mənə tapşırılan işi layiqincə yerinə yetirdim. Mən o mahnı bu günədək oxuyuram və təqdim edəndə də deyirəm ki, “Eurovision” üçün bəstələdiyim mahnıdır”.
Məsələ ilə əlaqədar tanınmış bəstəkar Faiq Sücəddinovun da rəyini almağa çalışdıq. Lakin bəstəkar bu mövzuda danışmaq istəmədiyini söylədi.
Digər tanınmışlar isə təmsilçimizin sonuncu yerlərdə qərarlaşması haqda sosial şəbəkələrdə rəylərini bildiriblər.
Əməkdar artist, müğənni Nüşabə Ələsgərli də müsabiqədə siyasətin qalib gəldiyini qeyd edib.
Aktyor Fərda Amin isə digər həmkarları kimi müsabiqədə ifa olunan mahnıda milli alətlərdən istifadə olunmağın zəruri olduğunu vurğuayıb: “Məhz balabanla başlayan keçidləri, təmiz azərbaycanca və etdi də... Amma təəssüf ki, bu bizim ifamızla olmadı”.
Sonda onu da əlavə edək ki, yarışma boyunca ermənilər iki dəfə təxribata yol veriblər. Əvvəlcə birinci yarımfinal günündə qondarma Dağlıq Qarabağ bayrağını qaldırdılar. Azərbaycan tərəfi bu məsələyə ciddi etirazını bildirdi və Avropa Yayım Birliyi bir daha bənzər hal təkrarlanarsa Ermənistanın yarışmadan kənarlaşdırılacağını açıqladı. Lakin xəbərdarlığa baxmayaraq ermənilər final günü də təxribata əl atdılar. Bu dəfə yarışmanın baş tutduğu “Qloben” arenanın üstündə təyyarə uçub. Təyyarədən ermənilərin təmsilçisi İveta Mukuçyanın adı, ürək işarəsi və Qarabağ sözləri yazılan plakat sallayıblar. (Musavat.com)
"Milli Yol"
Digər xəbərlər
loading...