Tovuz rayonunun Qədirli, Xatınlı, Çilovdarlı, Əlimərdanlı və Qaraxanlı kəndlərinin içməli su problemini həll etmək üçün yeni layihənin icrasına başlanılıb
"Azərsu" ASC-dən "Report"a verilən məlumata görə, bu işlər çərçivəsində 2 ədəd subartezian quyusu qazılacaq.
Buradan götürülən su həcmi 250 kubmetr olan mövcud su anbarına ötürüləcək. Layihə çərçivəsində həmin su anbarı əsaslı təmir olunacaq və suyun kəndlərə təzyiqlə ötürülməsini təmin etmək üçün nasos stansiyası quraşdırılacaq.
Ümumilikdə 5 kənddə 40 km su xətlərinin tikintisi və əhalinin ümumi istifadəsi üçün 175 ədəd bulağın quraşdırılması nəzərdə tutulub. Artıq kəndlərdə su xətlərinin tikintisi intensiv qaydada davam etdirilir və indiyədək 20 km su xətti çəkilib.
Layihənin icrası tam başa çatdıqdan sonra kəndlərin 12 mindən çox sakini keyfiyyətli içməli su ilə təmin ediləcək. Qeyd edək ki, indiyədək bu kəndlərdə içməli su şəbəkəsi mövcud olmayıb və əhali suya olan tələbatını uzaq məsafələrdən daşıyaraq ödəyir. Xüsusilə yay aylarında kəndlərin su təminatında çətinliklər yaranır.
Xatırladaq ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncama əsasən, respublikanın 13 rayonunun 30 yaşayış məntəqəsində içməli su layihələrinin icrası nəzərdə tutulub. Bununla yanaşı, “Azərsu” ASC dövlət investisiya layihəsi çərçivəsində 5 rayonun 11 kəndində içməli su layihəsi icra edir. Ümumilikdə, 2018-ci ildə 18 rayonun 41 yaşayış məntəqəsində 61 min nəfər sakinin içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulub.
Digər xəbərlər
loading...