Prezident İlham Əliyev avqustun birində şəhid ailələrinə mənzillərin paylanması mərasimində Ermənistanın yeni hakimiyyətinin siyasətinə ilk dəfə olaraq detallı şəkildə toxunub
"Qafqazinfo" xəbər verir ki, politoloq Elxan Şahinoğlu dövlət başçısının çıxışını şərh edərək bildirib ki, prezident əvvəllər də işğalçı dövlətin yeni hakimiyyəti haqqında bir-iki cümlə işlətsə də, bu dəfə məsələyə sistemli yanaşıb:
"İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanın adını çəkmədən söylədiyi fikirləri belə qruplaşdırmaq olar:
Birincisi, İlham Əliyevin “Ermənistanın yeni hökuməti indi daxili problemlərlə məşğuldur” sözlərindən anlaşılan odur ki, baş nazir Nikol Paşinyanın hələ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmağa gərəkli vaxtı yoxdur. Rəsmi Bakı bir az gözləyə bilər. Bu baxımdan İlham Əliyevin bu cümləsi diqqəti çəkir: “Əlbəttə, biz başa düşürük, yeni hökumətə müəyyən qədər vaxt lazımdır ki, beynəlxalq münasibətlərdə mövcud olan praktikanı düzgün təhlil etsin”. Əslində bu İlham Əliyevin Nikol Paşinyanı tələsdirmədiyinə işarədir. Ancaq zaman limiti uzun çəkməyə də bilər. Paşinyan erkən parlament seçkisinə qədər Qarabağ istiqamətində addım atmağa hazır deyil. Paşinyan Ermənistanda növbədənkənar parlament seçkisini gələn ilin mayında keçirməyi planlaşdırır. Həmin müddətə qədər gözləməyə dəyərmi – bu sualın aktuallığı da az deyil.
İkincisi, İlham Əliyev Paşinyanın ziddiyyəli bəyanatlarına da toxunub. Paşinyan bir tərəfdən danışıqlarda Qarabağ separatçılarının iştirakını istəyir ki, rəsmi Bakı heç zaman buna razılaşmayacaq, ikinci tərəfdən bu şərt yerinə yetirilmədən də Ermənistanın xarici işlər naziri azərbaycanlı həmkarı ilə görüşüb, fikir mübadiləsi aparıb. Paşinyan “danışıqlarda separatçılar da iştirak etsin” tələbini nəinki biz, beynəlxalq aləm də qəbul etmir.
Üçüncüsü, İlham Əliyev keçmiş prezident Serj Sərkisyanın ünvanına “kiriminal xunta rejimi” işlətsə də Nikol Paşinyana qarşı hələ ki, sərt ifadə işlətmir. Ancaq İlham Əliyev sonrakı ifadəsində “onlar işğal siyasətini davam etdirmək fikrindədirlər. Hələlik biz belə qənaətə gələ bilərik” cümləsinə də yer verir və bundan sonra məsələyə bu şəkildə nöqtə qoyur: “Ermənistanı daha da sarsıdacağıq”.
Dördüncüsü, İlham Əliyev Ermənistanda Azərbaycanla sülh çağırışları edənlərə də diqqət yetirdiyini biruzə verib. “Biz bu çağırışları eşidirik” – deyən prezident sülh üçün zəruri şərti təkrarladı: “Sülh istəyirlərsə, erməni əsgəri torpaqlarımızdan çıxmalıdır. Erməni əsgərinin Azərbaycan torpağında nə işi var?!” İlham Əliyevin Ermənistanda sülh çağırışı edənlərə qarşılıqlı jesti də var: “İşğala son qoyularsa, bölgədə sülh yaranar, Ermənistan ilə Azərbaycan arasında əlaqələr yarana bilər. Onda regionun geosiyasi vəziyyəti tamamilə dəyişə bilər və dayanıqlı sülh yarana bilər”.
Beləliklə, Azərbaycan və Ermənistan rəhbərləri hələ görüşməsələr də, bir-biriləri ilə qiyabi müzakirə aparırlar. Qiyabi müzakirə sanki Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasındakı görüş tarixini yaxınlaşdırır".
Digər xəbərlər
loading...