Dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun ləğv edilməsinə dair fərman imzalayıb
Oxu.Az xəbər verir ki, fondun əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilib.
Fondun nizamnamə fondu 1,1 milyard manatdır. Fondun yenidən təşkilini və ya ləğvini Azərbaycan Respublikasının prezidenti həyata keçirir.
Dəyişikliyə münasibət bildirən millət vəkili Vahid Əhmədov deyir ki, Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti dövründə nöqsanlar qeydə alınsa da, sahibkarların maliyyə vəsaitlərinə çıxışında mühüm rol oynayıb:
“İndiyə qədər sahibkarlara iki milyard manat kredit verilib. Sahibkarlığa Kömək Milli Fondunun ləğv edilərək Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs elan edilməsi bu qurumun daha büdcədən maliyyələşdirilməyəcəyi deməkdir. Bu, fondun şəffaf fəaliyyət göstərməsi istiqamətində atılan addımlardan biridir”.
V.Əhmədov Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün ictimai əsaslarla fəaliyyət göstərən doqquz nəfərdən ibarət Müşahidə Şurası yaradılır:
“Müşahidə Şurasının beş üzvünü İqtisadiyyat Nazirliyi, dörd üzvünü isə Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası təyin edir. Bu da kreditlərin ayrılmasında demokratik səsverməyə imkan yaradacaq”.
Millət vəkili Sahibkarlığın İnkişafı Fondunun kifayət qədər vəsaiti olduğunu deyir:
“Bu prosesdə, əsasən, şəffaflığı təmin etmək lazımdır. Söhbət bank sistemi ilə fond arasındakı münasibətlərdən gedir. Ən başlıcası, kreditlər dövlətin müəyyən etdiyi faizlərlə verilməlidir. Bundan artıq faiz təyin olunmamalıdır. Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətində müəyyən nöqsanlar olsa da, sahibkarlığın inkişafına dəstək olub”.
Onun sözlərinə görə, fondun kiçik və orta sahibkarlığa verdiyi kreditlərin sayəsində qeyri-neft sektoru inkişaf edib:
“Hazırda atılan addım fondun fəaliyyətini şəffaflaşdırmaq məqsədi daşıyır. İkinci tərəfdən, fondun özünün kifayət qədər vəsaiti olduğundan publik şəxsə çevrilməsi labüd idi”.
Digər xəbərlər
loading...