Maliyyə ilinin üçüncü rübündə “Apple” şirkətinin gəlirləri mütəxəssislərin gözləntilərini üstələyib və 53,26 milyard dollara çatıb
İKT.lent.az-ın TASS agentliyinə istinadən məlumatına görə, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 17 faiz çoxdur və bütün illər ərzində ən yaxşı üçüncü rüb nəticəsidir.
“Apple” şirkətinin dərc etdiyi hesabatda deyilir ki, rüb ərzində şirkətin xalis mənfəəti ötən ilin analoji dövrü ilə müqayisədə 32 faiz artaraq 11,52 milyard dollar təşkil edib. “Apple” proqnozlaşdırır ki, bu ilin dördüncü rübündə şirkətin gəlirləri 60-62 milyard dollar olacaq.
“Zacks Investment Research” şirkətinin mütəxəssisləri isə bu göstəricinin 58,59 milyard dollar səviyyəsində olacağını proqnozlaşdırırlar. Ötən rüb ərzində şirkət 41,3 milyon ədəd “iPhone”, 11,55 milyon ədəd “iPad” planşet kompüteri və 3,7 milyon ədəd “MacBook” notbukunun satışını həyata keçirib.
“Apple”nin istehsalında ən rentabelli məhsul smartfonlar olub ki, onun da cihaz sayına görə satışları 1 faiz artaraq şirkətə 29,91 milyard dollar gəlir gətirib. Bu isə 2017-ci ilin üçüncü rübü ilə müqayisədə 14 faiz çoxdur.
“Associated Press” agentliyi isə bildirir ki, “Apple” smartfonlarının orta pərakəndə satış qiyməti cari ildə 20 faiz – 606 dollardan 724 dollara qədər artıb. Bu o deməkdir ki, istehlakçıların əksəriyyəti flaqman qiyməti 999 dollar olan baza modelli “iPhone X” smartfonlarını əldə edir. Bu ilin ikinci rübündə şirkətin gəlirləri 61,14 milyard dollar, xalis mənfəəti isə 13,82 dollar təşkil edib. 2018-ci ilin martın 31-dək təxminən 52,28 milyon ədəd “iPhone” satılıb.
Digər xəbərlər
loading...