Ölkə əhalisinin qida təhlükəsizliyinin təmin olunması, satış mərkəzləri və istehsal müəssisələrinə nəzarətin artırılması qərarı verilib
Artıq bu istiqamətdə silsilə tədbirlər həyata keçirilir.
Bir neçə gün öncə Nazirlər Kabineti "Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”nı təsdiq edib.
Qaydaya əsasən qida təhlükəsizliyi qeydiyyatına alınmamış təsərrüfat subyektlərinin fəaliyyəti qadağandır. Azərbaycan ərazisində qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlər Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeydiyyata alınır və subyektlərin dövlət reyestrinə daxil edilir. Qida təhlükəsizliyi qeydiyyatı Agentlikdə qeydiyyata alınmış subyektlər, onların təsərrüfat fəaliyyətinə cəlb olunmuş obyektlər, qida məhsullarının və ya xidmətlərin adı və növü də daxil olmaqla, qida zəncirinin bütün mərhələlərini əhatə edir. Qida zənciri qida məhsullarının "tarladan–süfrəyədək” prinsipi əsasında ilkin istehsalı, tədarükü, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), satışı, ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinin məcmusudur. Subyektlər qeydiyyat üçün Agentliyə və ya Agentliyin "ASAN xidmət” mərkəzlərində və "Bir Pəncərə” İxraca Dəstək Mərkəzində fəaliyyət göstərən nümayəndəsinə ərizə ilə müraciət edirlər. Ərizəyə fiziki şəxslər şəxsiyyət vəsiqəsinin və vergi uçotuna alınmanı təsdiq edən şəhadətnamənin (VÖEN) surətini, hüquqi şəxslər vergi uçotuna alınmanı təsdiq edən şəhadətnamənin (VÖEN) surətini əlavə etməlidir. Ərizəyə subyektin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış vəicarə müqaviləsinin notarial qaydada təsdiq edilmiş surəti, subyekt idxalçı olduqda idxal edilən yeyinti məhsullarının təhlükəsizliyini təsdiq edən sertifikatın (mövcud olduqda) surəti də əlavə olunmalıdır.
Sənədlər təqdim edildikdən sonra ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında subyektə elektron qaydada və ya sifarişli poçt bildirişi vasitəsilə 2 iş günü müddətində məlumat verilir. Agentlik təqdim olunmuş sənədləri araşdırır, sənədlərdə çatışmazlıqlar olmadıqda, subyektin qeydiyyata alınması üçün ona məxsus obyektin qiymətləndirilməsi və ekspertizanın (analizin) aparılması üçün həmin obyektdə istehsal olunan yeyinti məhsulundan nümunə götürülməsi məqsədi ilə mütəxəssis (məsul şəxs) təyin edir. 7 iş günü müddətində obyektin qiymətləndirilməsi və götürülmüş yeyinti məhsulu nümunəsinin analizi başa çatdırılmalıdır. Məsul şəxs obyektin istehsal şəraitinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, habelə gigiyenik, baytarlıq və fitosanitar tələblərə uyğunluğunu qiymətləndirir. Qiymətləndirmənin nəticələri əsasında akt tərtib edilir və yeyinti məhsulundan nümunə götürülür.
Obyektdə istehsal olunan yeyinti məhsulundan götürülmüş nümunələrin Agentliyin tabeliyində olan və akkreditasiyadan keçmiş digər laboratoriyada analizi aparılır. Məhsulun analizi subyektin vəsaiti hesabına həyata keçirlir. Analizin nəticələri barədə laboratoriya tərəfindən bir iş günü müddətində Agentliyə sınaq protokolu (yazılı rəy) təqdim edilir. Agentlik obyektin qiymətləndirilməsinin və götürülmüş yeyinti məhsulu nümunəsinin ekspertiza nəticələrinə uyğun olaraq subyektin qeydiyyata alınması və ya qeydiyyatdan imtina barədə qərar qəbul edir. Qəbul edilmiş qərar 2 iş günü müddətində subyektə təqdim edilir, yaxud sifarişli poçt vasitəsilə göndərilir. Subyektin qeydiyyata alınması barədə qərar qəbul edildiyi halda müəyyən edilmiş dövlət rüsumu ödənildikdən sonra subyekt dövlət reyestrinə daxil edilir və "Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarış” verilir. Subyektlərin qeydiyyatına görə dövlət rüsumu yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilməlidir.
Subyekt qeydiyyata alınmasından imtina barədə qərardan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. Bu Qaydalarda nəzərdə tutulmuş əsaslardan başqa hər hansı digər əsasa görə subyektin qeydiyyata alınmasından imtinaya yol verilmir.
Subyektin qeydiyyatının ləğvi üçün əsaslar aşağıdakılardır:
- subyekt tərəfindən ləğvedilmə barədə ərizə təqdim edildikdə;
- hüquqi şəxs olan subyekt (və ya onun nümayəndəliyi, filialı) ləğv edildikdə;
- fiziki şəxs olan subyektin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə;
- məhkəmənin müvafiq qərarı olduqda;
- qeydiyyat üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə.
Reyestr Azərbaycan Respublikasının informasiya ehtiyatıdır. Reyestrə daxil edilən məlumatlar Agentliyin internet saytında yerləşdirilir və istifadəçilər üçün açıqdır. İstehlakçıların qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatda olub-olmaması barədə məlumatı maneəsiz əldə etmələri üçün reyestrə çıxışı Agentlik tərəfindən təmin edilir.
Qeyd edək ki, hökumətin bu istiqamətdə həyata keçirdiyi tədbirlərin müsbət nəticə verməsi şübhə ilə qarşılanır. İddia olunur ki, hazırda ortaya qoyulan mexanizm və mübarizə metodu ilə strateji sahə olan qida sektorundakı problemləri kökündən həll etmək mümkün deyil.
İqtisadçı-ekspert Natiq Cəfərli Reyting.az-a deyib ki, qida təhlükəsizliyi ilə bağlı agentliyin yaradılması, bu tipli nəzarət mexanizmlərinin formalaşdırılması qulağa xoş gəlsə də, biznesə əlavə yük gətirən amillərdir. Onun qənaətincə, bu kimi qurumlar biznes strukturlarını əlavə xərcə salır:
“Məntiqlə yanaşanda o qənaətə gəlmək olur ki, hansısa biznes qurumunun xərcləri artırsa, o, bu xərcləri məhsulun, ya xidmətin qiymətinin üzərinə əlavə edir və bununla da qiymət artımı yaranır. Bu səbəbdən də yeni yaradılan mexanizmin ümumi işin xeyrinəolacağı inandırıcı deyil”.
N. Cəfərli əlavə edib ki, qida təhlükəsizliyi, sağlam qida ilə bağlı nəzarət funksiyalarının tək dövlət qurumlarının əlində cəmləşməsini doğru saymaq olmaz:
“İnkişaf etmiş ölkələrin keçdiyi yola baxdıqda görürük ki,əslində vətəndaş bu məslədə ən yaxşı nəzarətçidir. Çünki istənilən agentliyin, istənilən dövlət qurumunun fiziki olaraq, imkanları yoxdur ki, ölkə ərazisində bu sahəyə ciddi nəzarət funksiyasını həyata keçirsin. Yəni, bunun ştatları, iş rejimi məhduddur. Ölkədə on minlərlər istehsal və satış məntəqələrinin olduğunu nəzərə alsaq, bütövlükdə nəzarət funksiyasını həyata keçirməyin mümkün olmadığını anlayırıq”.
Eskpertin fikrincə, dünyanın keçdiyi yol da sübut edir ki, vətandaş nəzarəti bu sahədə daha müsbət nəticə verir. Onun sözlərinə görə, vətəndaş keyfiyyətsiz, vaxtı keçmiş mal aldıqda, yaxud qida ilə bağlı hər hansı hadisə baş verdikdə, zəhərlənmə olduqda, mütləq məhkəmələrə müraciət edir, məhkəmə də bu işə sürətlə baxır və həmin vətəndaşa böyük məbləğlərdə kompensasiya verilməsi tələb olunur: “Amerika təcrübəsinə baxsaq, bu tipli məsələlərdə on milyonlarla dollarlıq kompensasiyalar verilir.
Bu isə vətəndaşın da marağına səbəb olur ki, bu istiqamətdə mübarizə aparsın. Həm də satış və istehsal müəssisələri çalışırlar ki, analoji hal yaşanmasın. Bunun nəticəsində həm satış, həm də istehsal müəssisələri daha ciddi davranmağa məcbur olur. Əslində, vətəndaş cəmiyyətinin, jurnalistlərin və vətəndaşın iştirakı bu tipli məsələlərdə nəzarətin daha ciddi formalarına imkan yaranır. Təəssüf ki, Azərbaycanda hələ də sovetdənqalma inersiya ilə hər şeyin dövlətin nəzarətində olması vədövlət qurumlarının daha yaxşı nəzarətçi olması fikri hakim kəsilib. Ona görə də vətəndaşa yönəlik tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Amma hazırda bu addımlar atılmır, əksinə, dövlət qurumlarının biznes üzərində inzibati şəkildə nəzarətinin daha da gücləndirilməsinə şərait yaradılır. Yenə deyirəm, bu addımlar həm biznesin inkişafına mane olur, həm də bizim gözlədiyimiz kimi problemlərin həllinə gətirib çıxarmır”.
Digər xəbərlər
loading...