«Metro və ictimai nəqliyyatda gediş haqlarının artması təkcə bu sahə ilə kifayətlənməyəcək, digər sahələrdə də bahalanmaya səbəb olacaq»
Strateq.az xəbər verir ki, bunu Milli Məclisin üzvü Fazil Mustafa bunu Tarif Şurasının iyulun 30-da keçirdiyi iclasında metro və ictimai nəqliyyatda gediş haqlarının 50 faiz artırılması ilə bağlı qərarını şərh edərkən bildirib. Onun sözlərinə görə, bu sahədə doğru-dürüst tənzimlənmə olsa idi, bu qədər bahalaşdırmaya, vətəndaşları indiki kimi çətin duruma salmağa ehtiyac da qalmazdı: «Bu bahalanma insanların həyat şəraitinə ciddi təsir göstərəcək. Özü də indi, gəlirlərin artmadığı bir vaxtda bunun nəticələri pis ola bilər…».
«İctimai nəqliyyatda və metroda qiymət artımı olacağı gözlənilən idi və haqqında çoxdan danışılan bu artım baş verdi».
Bunu isə iqtisadçı-ekspert, REAL Partiyasının icra katibi Natiq Cəfərli deyib.
Ekspertin rəyinə görə, uzun müddətdir ki, metronun dövlət dotasiyası ilə işləməsi və bir sərnişinin daşınmasının 50-55 qəpiyə başa gəlməsi barədə danışılırdı: «Amma heç indi də aydın deyil. Metropoliten rəhbərliyin bir sərnişinin daşınmasının 50-55 qəpiyə baş gəlməsini necə hesablayır?!».
Ekspertə görə burada ilk növbədə zərbə büdcə təşkilatlarında aşağı maaşlılara çalışanlara, aztəminatlı təbəqəyə dəyir. Onun deməsinə görə, bu, gündəlik azı 40 qəpik, aylıq isə 10-12 manat əlavə xərc deməkdir.
N.Cəfərli deyib ki, bahalanma kommunal sahədə və dizel yanacağının qiymətində də özünü göstərəcək.
Ekspert habelə, elektrik enerjisinin bahalaşacağını da istisna etmir: «Bu il iyulun 3-də Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) baş verən qəzadan sonra bu sahənin modernləşdirilməsi üçün 5-6 milyard manatın lazım olması haqda söhbətlər gedirdi. Elə həmin o söhbətlər belə bahalanmaya hesablanıb. Görünür, hökumət bu məbləğin müəyyən hissəsini xalqın cibindən çıxarmaq istəyir».
Bu açıqlamalara «Bakı Metropoliteni» QSC və Bakı Nəqliyyat Agentliyindən münasibət almaq mümkün olmayıb.
Xatırladaq ki, iyulun 30-da Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.
Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gedişdən ötrü 30 qəpik müəyyən edilib. Buna qədər bu qiymət 20 qəpik idi.
Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə də 30 qəpik olub. Şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gedişdən ötrü 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometrə 2.4 qəpik təsdiq edilib. Bu qərara qədər isə Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi 20 qəpik idi.
Yeni tariflər bu il avqustun 1-dən qüvvəyə minəcək.
Tarif Şurası buna səbəb kimi ötən müddət ərzində ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə xərclərin artmasını, avtobus parkının yenilənməsini və istismara saz vəziyyətdə saxlanılmasından ötrü nəqliyyat vasitələrinin, ehtiyat hissələrinin xarici valyuta ilə idxal edilməsini göstərib.
Bu addım habelə, xidmət səviyyəsinin davamlı olaraq yüksəldilməsi, nağdsız ödəniş sisteminin tətbiqinin genişləndirilməsi, metro nəqliyyatı üzrə dövlət büdcəsindən asılılığın azaldılması kimi amillərlə də izah edilib.
(Azadlıq radiosu)
MilliYol.Az
Digər xəbərlər
loading...