WMT Consult beynəlxalq analitik şirkəti Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatından ən çox gəlir əldə edən iş adamlarının siyahısını açıqlayıb
Həmin siyahıda birinci yeri Vladimir Putinin yaxın dostu Gennadi Timçenko tutur.
Forbes-in hesablamalarına görə, 15.7 milyard dollarlıq varidata malik olan Timçenko çempionatla bağlı iri infrastruktur layihələrini həyata keçirib və bunun müqabilində külli miqdarda gəlir əldə edib.
Xarici mətbuat yazır ki, çempionatla bağlı “yağlı tikələrin” məhz G.Timçenkoya verilməsi birbaşa onun Putinlə dost olmasından qaynaqlanır. Timçenkonun şirkətləri Volqoqrad və Nijni Novqoroddakı stadionları inşa edib və bu regionlardakı infrastruktur işlərini həyata keçirib.
Siyahıda ikinci yerdə qərarlaşan Viktor Vekselberq də Putinə yaxın şəxs kimi tanınır. Onu hətta Rusiya mətbuatında Putinin “boz kardinalı” adlandırırlar. Onun şirkətləri isə Rostov şəhərindəki Platov aeroportunu inşa edib.
Çempionatdan pay alanların siyahısında həmçinin özbək əsilli rusiyalı milyarder Əlişir Usmanov, Oleq Deripaska, Mixail Fridman və digərlərinin adı var. Mətbuat yazır ki, bu şəxslərin hər birinin biznesinin arxasında Putinin kölgəsi durur.
Qeyd edək ki, sözügedən turnirin təşkilinə ümumilikdə 1.2 trillion rubl, yəni 20 milyard dollara yaxın vəsait xərclənib.(AzPolitika.info)
Digər xəbərlər
loading...