Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Bu barədə DSX-dən Strateq.az-a verilən məlumata görə, gənc sərhədçilər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra mərasim açıq elan edilib.
Dövlət himninin səslənməsi ilə başlayan mərasimdə şəxsi heyəti təbrik edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafındakı misilsiz xidmətlərini, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə yüksəlməsini xüsusi qeyd edib.
Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin ölkəmizin ərazi bütövlüyünün bərpası üçün istənilən anda hər bir döyüş tapşırığını yerinə yetirməyə, işğal altında olan torpaqlarımızda Azərbaycanın suveren hüquqlarının bərpası uğrunda savaşa daim hazır olması xüsusi vurğulanıb, Vətən torpağının astanasında – dövlət sərhədində üçrəngli dövlət bayrağımız altında xidmət aparmağın hər bir Azərbaycan sərhədçisi üçün böyük şərəf olması qeyd edilib.
General-polkovnik Elçin Quliyev Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminliyini bildirib, onlara müvəffəqiyyətlər arzulayıb.
Çıxış edən valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik edərək Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.
Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.
Andiçmə mərasimi başa çatdıqdan sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev əsgərlərin valideynləri və digər ailə üzvləri ilə görüşmüş, onların övladlarının Vətəninə, dövlətinə faydalı vətəndaş, ləyaqətli insan, əsl sərhədçi kimi formalaşmasına Dövlət Sərhəd Xidməti tərəfindən ciddi önəm verilməsini, bunun üçün valideynlərin hərbi hissələrlə birgə fəaliyyətinin böyük əhəmiyyət kəsb etməsini və səmərəli olmasını bildirib, oğullarının hərbi andı qəbul edərkən keçiridikləri qürur hissləri münasibətilə hər bir valideyni təbrik edib.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Horadiz və Lənkəran sərhəd dəstələrində də gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.
MilliYol.Az
Digər xəbərlər
loading...