“SV vaqonlarda qiymət artımına ehtiyac var idi. Çünki SV-də yer tapmaq olmurdu. Hər gələn, hər yerindən duran gəlib SV-yə bilet alırdı”
Bu sözləri Azərbaycan Dəmir Yolları QSC-nin Sərnişindaşımaları Departamentinin rəis müavini Mədət Şıxəmirov Kommersant.az-a açıqlamasında deyib.
O bildirib ki, qiymət artımından qabaq SV ilə o biri vaqonlar arasında çox cüzi qiymət fərqi olub: “O fərqi aradan qaldırmaq üçün qiymət qaldırılıb. SV-yə əsasən imkanlı şəxslər bilet alır”.
M.Şıxəmirov kupe və plaskartların qiymətinin artmasına səbəb kimi isə yuxarı və aşağı yerlərin qiymətinin eyni olduğuna görə sərnişinlərin yalnız aşağı yer almasını göstərib: “Tariflərin bahalaşması deyəndə, bizdə aşağı yerlərin qiyməti qaldırılıb. Buna səbəb vətəndaşların, qiymət fərqi olmadığına görə kassaya yaxınlaşıb aşağı yerləri almasıdır. Aşağı yerlər alınır, tam qurtarandan sonra digər vətəndaşlar gəlib yuxarı yerləri almağa məcbur olur. Ailə ilə gələn adam 4 yer almalıdır, məlum olur ki, 1 kupedə 4 yer yoxdur. 2 aşağı yer alınıb, qalır 2 yuxarı yer. Sərnişinin yerinə özünüzü qoyun və fikirləşin ki, “Azərbaycan Dəmir Yolları” QSC düzgün qərar verib, yoxsa yox. Biz aşağı yerin qiymətini qaldırmışıq ki, vətəndaşlar aşağı yer baha olduğuna görə ona üstünlük verməsinlər. 4 nəfərlik ailə gələndə onlar üçün problem olmasın. Yəni, yerlər bərabər satılsın. ”.
Bunun Avropa, MDB praktikasında, xüsusilə də Rusiyada uzun illərdən bəri təsdiq olunan bir metod olduğunu söyləyən rəis müavini əvvəlki qiymətə nisbətən plaskartda təxminən 1 manat 50 qəpik, kupe vaqonlarda isə 2 manat fərq yarandığını bildirib : “Orada qiymət çox aşağı olduğuna görə 10 faiz qaldırılıb ki, qiymət tənzimlənsin. Başqa səbəb ola bilməz. Əvvəlki qiymətə nisbətən plaskartda təxminən 1 manat 50 qəpik, kupe vaqonlarda isə 2 manat fərq yaranır. Qiymətlər stansiyaya görə (məsafədən asılı olaraq) dəyişir. Məsələn, 15 manata olan yer 17 manat olubsa, 20 manata olan yerin qiyməti isə hazırda 22 manatdır”.
Xatırladaq ki, SV vaqonlarda yuxarı-aşağı yer yoxdur, sadəcə 2 yer var və SV vaqonlar elit yer sayılır.
Digər xəbərlər
loading...