İyulun 24-də saat 23:30 radələrində Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən İran tərəfdən Azərbaycanın dövlət sərhədini pozaraq şimal istiqamətində sürətlə hərəkət edən hədəf aşkar olunub
Dövlət Sərhəd Xidmətindən verilən xəbərə görə, sərhəd gözətçi gəmisi tərəfindən hədəfin saxlanılması üçün təxirə salınmaz tədbirlər həyata keçirilib, hədəfin “Yamaha-200” mühərrikli “Layner” tipli qayıq olması müəyyən edilərək 3 saat ərzində təqib edilib və saat 02:45 radələrində Lənkəran rayonunun Nərimanabad qəsəbəsi istiqamətində saxlanılıb.
Saxlanılmış qayığa və qayıqda olan İran vətəndaşları -1989-cu il təvəllüdlü Ramazani Omid Nirəc və Rəhimpur Rza Behrac oğlunun üzərinə baxış zamanı 1 kiloqram tiryəkə oxşar maddə, 1 ədəd 12 kalibrlik “Maqnum” markalı beşaçılan tüfəng, 3 ədəd patron və 1 ədəd bıçaq aşkar olunub.
Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Digər xəbərlər
loading...