Düşmən tərəf həm bizdən vaxt istəyir, həm də hədələyir; hərbi ekspert: “Ermənilər Azərbaycana qarşı təxribat törətmək üçün axtarışdadır...”
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ikinci, daha bir görüşü planlaşdırılır. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə mətbuat konfransında bildirib. Onun sözlərinə görə, sentyabrda belə bir görüş reallaşa bilər.
“Görüşün BMT Baş Məclisinin sessiyası çərçivəsində Nyu-Yorkda baş tutması mümkündür. Ancaq bundan tez də keçirilə bilər. Mən hər zaman demişəm ki, Azərbaycan tərəfi substantiv danışıqlara hazırdır”, - deyə nazir qeyd edib.
İki ölkə arasında ən yüksək səviyyəli görüşə gəldikdə Elmar Məmmədyarov erməni tərəfinin bundan ötrü bir qədər vaxt istədiyini vurğulayıb: “Onlar bir az vaxt istədilər. İndiyədək aparılan danışıqlarda müzakirə olunan məsələləri, sənədləri öyrənmək istəyirlər”.
******
Bu arada işğalçı tərəf Dağlıq Qarabağ məsələsində daha konstruktiv mövqe tutub müharibə riskini azaltmaq əvəzinə, Azərbaycanın ünvanına absurd hədə-hədyanlar səsləndirməkdə davam edir. Separatçı rejim təmsilçisinin Mingəçevir Su Elektrik Stansiyasının (SES) hədəf alınması barədə sərsəmləməsi, həmçinin, Ermənistanın müdafiə naziri David Tonoyanın “biz müharibəyə hazırlaşırıq” açıqlaması bu qəbildəndir. Beləcə, düşmən tərəf həm bizdən vaxt istəyir, həm də hədələyir.
Təbii ki, düşmənin bu qəbildən ucuz, daha çox xofdan qaynaqlanan bəyanatları müstəsna olaraq daxili auditoriyaya - erməni ictimai rəyini sakitləşdirməyə, münaqişənin uzanmasından bezən erməniləri girov qismində saxlamağa, Paşinyanın heç vaxt reallaşmayacaq iqtisadi-siyasi islahatlar barədə vədlərini pərdələməyə hesablanıb.
Azərbaycan sözsüz ki, düşmən ölkə daxilində gedən prosesləri izləyir. Buna paralel, özünün hərbi və döyüş qabiliyyətini gücləndirməyə davam edir. İşğalçı ölkədən fərqli olaraq, ölkəmizin buna maliyyə imkanları çatır. Eyni zamanda düşmənin hədələri də cavabsız qalmır. Artıq Azərbaycanın Müdafiə və Xarici İşlər nazirliklərindən sərt və adekvat reaksiyalar gəlib. Özü də bu, sadəcə, söz deyil. Azərbaycanın hərbi imkanları o səviyyədədir ki, vurulan cavab zərbələrinin nəticəsi olaraq, həqiqətən Ermənistan “əsrlər boyu həyatın olmadığı əraziyə” çevrilə bilər.
*****
“Ermənilərin belə çıxışları, əsassız hədə-qorxuları daxili auditoriyaya hesablanıb”. Bu sözləri Qarabağdakı erməni silahlı terrorçuların rəhbəri Levon Mnatsakanyanın ehtiyac yaranacağı təqdirdə Mingəçevir SES-ə zərbə endirə biləcəkləri haqqında açıqlamasına münasibət bildirən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib (axar.az).
Hərbi ekspert hesab edir ki, bu açıqlamanı verən şəxs heç Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaq və sıradan çıxarmaq üçün nə lazım olduğunu belə bilmir: “Digər tərəfdən, əgər bu gün Ermənistan və Qarabağdakı separatçı qüvvələr hansısa istiqamətdə Azərbaycana zərər vuracaqlarını bilsəydilər, bunu dərhal həyata keçirərdilər. Separatçı qüvvələri qorxu içində saxlayan rejimin yersiz vədlər verməsinin əsas səbəbi daxili auditoriyadan narahatlıqdır. Azərbaycanın keçirdiyi paraddan, hərbi təlimlərdən sonra Ermənistan əhalisi Azərbaycanın Silahlı Qüvvələri haqqında tam məlumatlıdır və ordumuzun nəyə qadir olduğunu bilir. Ona görə də separatçı qüvvələr, hətta Ermənistanda da güc strukturlarının rəhbərləri bəzən yersiz, hədə-qorxu tipli vədlərlə öz əhalisini sakitləşdirmək istəyirlər”.
Polkovnik vurğulayıb ki, parad zamanı Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev bütün dünyaya açıq şəkildə strateji hədəflərimizin Azərbaycan Ordusunun nəzarəti altında olduğu mesajını verib: “Ali Baş Komandan bunu Ordumuzun nümayiş etdirdiyi silahın, texnikanın qarşısında bəyan etdi. Bu gün Ermənistanın və erməni separatçı qüvvələrinin təlimlərə çıxartdığı silah-sursat 30-40 il bundan öncə istehsal olunub. Separatçı qüvvələr bu gün Mingəçevir Su Elektrik Stansiyasını hansı silahlarla hədəf alacaqlar? O silahı bir göstərsinlər, görək”.
Polkovnikin sözlərinə görə, erməni separatçıları Azərbaycana qarşı təxribat törətmək üçün axtarışdadır: “Son Qazax hadisələri və Qazaxda ələ keçirilən erməni hərbçinin etirafları bunu bir daha sübut edir. Onların bu təxribatlarının qarşısını məhz Azərbaycan Ordusu alır. Bu gün cəbhə bölgəsində və təmas xəttində söz sahibi bizik. Ermənistan ordusu heç vaxt Azərbaycan Ordusu ilə müqayisə edilə bilməz. Ermənistan ordusunun Azərbaycan Ordusuna çatma imkanları da həddindən artıq azdır”.
Hərbi ekspert əlavə edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan və Müdafiə naziri David Tonoyan öz oğullarını Qarabağa göndərməsi də populizmdir: “Populizmlə ordu qurulmaz, inkişaf etməz. Büdcəsi olmayan, korrupsiya içində boğulan, Rusiyanın verdiyi bir neçə milyonluq köhnə, ianə silahların ümidinə qalan Ermənistan ordusu səngərdə durmağa əsgər tapmır, əvəzində populizmi davam etdirir. Azərbaycan hədələmir, aprel savaşında və bu il Günnüt əməliyyatında olduğu kimi, vaxtı çatdıqca sözünü deyir”.
*****
Hərbi ekspert əlbəttə ki, ərazilərimizin “addım-addım” taktikası üzrə azad edilməsinə işarə vurur. Düşmən tərəf artıq fərqində olmalıdır ki, Azərbaycan işğal rejiminə, mövcud status-kvo-ya sonsuzadək dözmək, seyrçi qalmaq niyyətində deyil. Azərbaycan aldığı müasir, bahalı döyüş sistemlərini vitrində qoyub paslatmağa da hazırlaşmır. Sülh danışıqları yenə nəticə verməzsə, bu silahlar günün birində mütləq işə düşəcək.
Müharibəni önləməyin tək yolu isə Ermənistanın sülh danışıqlarını imitasiya eləməsi yox, konstruktiv və real sülh müzakirələridir. Ən əsası, İrəvan işğal altındakı Azərbaycan torpaqlarını alver predmetinə çevirmək taktikasından imtina eləməlidir. Çünki Azərbaycan heç vaxt öz torpaqlarını öz torpaqlarına (Dağlıq Qarabağa) dəyişmək üzərində qurulan “sülh anlaşması”na razı olmayacaq. Bunu hamıdan yaxşı elə ermənilər bilir. Azərbaycan prezidenti İlham Əliyevin təbirincə desək, ərazilərimizdə ikinci saxta erməni dövlətinin qurulacağını gözləyənlər boşuna gözləyirlər... (musavat.com)
Digər xəbərlər
loading...