Bu gün böyük fransız yazıçı Aleksandr Dümanın doğum günüdür...
Kulis.az Rəşad Babalının “Ədəbiyyatın “Qara qraf”ı” yazısını təqdim edir.
Fransa ədəbiyyatı deyərkən ağlımıza hansı adlar gəlir? Orta səviyyəli oxucu üçün 3-4 ad var: V.Hüqo, O.Balzak, A.Düma, Molyer, Mopassan və daha bir neçə nəfər. Onların həyatı barədə isə çox az şey bilirik. Ən azı öz payıma deyim. Öyrəndikcə isə təəccüb, heyrət bir-birini əvəzləyib.
19-cu əsrin dahi Fransız yazıçısı Aleksandr Düma Azərbaycan oxucusu üçün həm tanışdır, həm də doğma. Müəllifin “Qafqaz səfəri” əsəri onu bizə daha da yaxın edib. Digər əsərləriylə yanaşı sevə-sevə oxuyuruq.
Dümanın şəklini ilk dəfə görəndə onda nəsə qeyri-adilik sezmişdim. Tip olaraq fransızlara bənzəmirdi. Əsmər çöhrə, qıvrım saç onu sarışın, ağbəniz soydaşlarından fərqləndirirdi. Buna o qədər də əhəmiyyət verməmişdim. Ancaq amerikalı araşdırmaçı jurnalist Tom Reissin “Qara Qraf” kitabını oxuduqdan sonra şübhələrimdə haqlı olduğumu gördüm.
Teas Pressin uğurlu nəşrlərindən olan bu kitab 18-ci əsrin sonu, Fransa inqilabı, quldarlıq sisteminə ilk dəfə son qoyulması və digər məsələlərdən bəhs edir. Ancaq ən önəmlisi Aleksandr Dümanın atası Aleks Düma haqdadır.
Yazıçı Dümanın niyə fransız tipində olmadığı burda anlaşılır. Onun atası mulatdır. Yəni, ağbənizli fransızla zənci qadının oğludur. Bəs necə bu baş verib, ətraflı adını çəkdiyim kitabdadır.
Amerikalı tarixçi jurnalist Tom Reiss uzun illər Aleksandr Dümanın atasını araşdırmaqla məşğuq olub. Bunun üçün bir çox ölkənin arxivində araşdırma aparıb. Tədqiqatı apararkən maralı, kuryoz hadisələr də olub.
Gələk kitaba. 18-ci əsrdə Avropanın bir çox ölkəsinin Amerika qitəsində müstəmləkəsi vardı. Həmin müstəmləkələr də o ölkələrə külli miqdarda gəlir gətirirdi. Amma bütün bunlar Afrikadan gətirilmiş qulların ağır əməyi və faciəli həyatı hesabına olurdu. Fransanın mülkü olan Haiti adası o dövrün əsas şəkər istehsal mərkəzlərindən idi. Gəliri çox, əziyyəti isə dəhşətli olan bu sahəni işçiylə təmin etmək üçün daima qullar gətirilirdi. Onların da önəmli hissəsi ağır əməkdən və pis münasibətdən tələf olurdular. Az qala gündə 18 saat işləməyə məcbur edilirdilər. Hər qulun ortalama 10-15 il faydalı dövrü olurdu. Sonra isə onlar yeni qullarla əvəzlənirdilər. Ancaq bəziləri yerli şəraitə öyrəşir, hətta azadlıq qazanıb uğurlar da əldə edirdilər. Plantator olanlar belə vardı.
Adanın cazibəsi bir çox insanı özünə çəkirdi. Həyatda uğur qazana bilməyənlər, daha çox qazanmaq istəyənlər üzünü Haitiyə tutmuşdu. Onların arasında Şarl Davi dö la Payetri də vardı. Yerli mulat plantator xanımla evlənən Şarl yaxşı təsərrüfatçı olduğunu göstərir. Arvadının şəkər plantasiyaları daha çox xeyir verməyə başlayır. Bir müddət sonra Şarlın böyük qardaşı Antuan adada peyda olur. Qısa müddətliyinə gəldiyini desə də 10 il adanı tərk edə bilmir.
Fransa kralının imzaladığı qanunla ağ irqdən olanlar zənci qullarla evlənə bilməzdilər. Zənci qul azad olunsa belə mütləq xristianlığı qəbul etməli idi. Lakin Antuan zənci qul qadınla gizlicə evlənir. Qanunu pozduğu üçün təqib edilir və arvadı Mari-Sessetta Düma və bir neçə qulla birgə qaçırlar. Onlar adanın cənubundakı dağlara sığınıb uzun illər qaçaq həyatı yaşayırlar. Burada 1762-ci ildə Aleksandr Payetri (sonradan Düma) anadan olur.
Bir haşiyə çıxım ki, Antuan Payetri yaxşı pul qazanmaq üçün qul ticarətiylə məşğul olur. Amma bu işdə ciddi uğurlar qazana bilmir. Lakin onun mulat oğlu isə quldarlığın ləğvi üçün çalışıb. Bu daha sonra baş verəcək.
Aleks 10 yaşına qədər Haitidə yaşadıqdan sonra Fransaya gəlir. Onun əsas həyatı da bundan sonra başlayır. Aldığı təhsil, zadəgan əsilli atasıyla Parisdə keçirdiyi günlər Aleksin gələcək həyatında növbəti mərhələdi. Məşhur yazarın romanlarını yazarkən ilham aldığı atası 34 yaşında draqunlar alayına yazılır. Özü də sıravi olaraq. Hansı ki, qalxacağı ən yuxarı pillə alayın çavuşu rütbəsiydi. Lakin Alkes Düma buna baxmayaraq qısa müddətdən sonra kapral rütbəsi alır.
1789-cu ildə baş verən Böyük Fransa İnqilabı ənənəvi düzəni sarsıtdı. İndiyə qədər mövcud olan bütün sistemlərdə dəyişikliklər oldu. Orduda da köhnə, feodal quruluş yerini inqilabın gətirdiyi düzənə verdi. Vaxtilə hərbidə zadəgan soyuna görə rütbələr verilirdisə artıq bacarıq ön plana çıxdı. Aleks də inqilabın gətirdiyi bərabərlikdən yararlana bildi. Əgər o bu qabiliyyətilə inqilabdan əvvəl ortaya çıxsaydı mövcud feodal quruluş onun önünü kəsəcəkdi.
Kitabda Aleks Dümanın sürətli yüksəlişini izləmək olar. Fransanın şimal sərhədlərində Avstriya ordusuna qarşı göstərdiyi nümunəvi qəhrəmanlıqlar onun generallığa qədər qısa zamanda qalxmasını təmin edir. Cəsurluğu, strateji düşünmə bacarığı, şəxsi heyətlə xoş münasibəti onu əsgərlərin və zabit yoldaşlarının sevimlisinə çevirir. Avstriyalılara qarşı Alp dağlarındakı Mon-Senin yüksəkliyinin alınmasıyla Düma özünü hər tərəfli göstərir. Daha sonra Fransız ordusunun İtaliyaya səfəri zamanı isə şöhrətinin zirvəsinə çatıb. Lakin Napoleonun başıbəlalı Misir çıxarmasında vəziyyət dəyişib. Napoleonla onsuz da yaxşı olmayan münasibətləri daha da pisləşib. Misirdən geri qayıdarkən isə gəmiləri qəzalı vəziyyətdə olduğundan İtaliyanın Taranto limanına məcburi lövbər salırlar. Burada o iki ildən çox həbsxanada saxlanılır. Uzun boylu, cəngavər duruşlu, cəsarətli döyüşçü Aleks həbsxana divarları arasında xəstəlik tapır. Vətənə qayıdanda isə unudulduğunu, əvvəlki şöhrətinin kimsənin vecinə olmadığını görür. Ömrünün sonuna qədər sakit həyat yaşayır. Atasının həyatını romanlarında canlandıracaq oğlu Aleksandr Düma həmin müddətdə dünyaya gələcək.
Yazıçı Düma atasını əsərlərinin qəhrəmanı edəcəkdi. “Üç muşketyor”, “Monte Kristo qrafı”, “Jorj” romanlarında atasını qələmə aldığını yazar etiraf edib.
Hər birində general Dümanın həyatının ayrı-ayrı epizodlarını yaradıb.
Bu kitabdan sonra yazıçının əsərlərini başqa gözlə oxuyacaqsınız.
MilliYol.Az
Digər xəbərlər
loading...