“Noviçok” sinir qazıyla zəhərlənmiş britaniyalının dediyinə görə, qazın olduğu ətir qabı tapıb və bilməyərəkdən onu partnyoruna verib. Qadın ətiri biləklərinə vurub, daha sonra dünyasını dəyişib
45 yaşlı Çarli Rovley iyulun 24-də yayılmış müsahibələrində deyib ki, özü də “yağlı” maddəylə təmasda olub, ancaq sağ qalıb. Amma o, 44 yaşlı partnyoru, üç uşaq anası Daun Sturgessin ölümüylə heç cür barışa bilmədiyini sözlərinə əlavə edib.
Hər ikisi İngiltərənin Solsberi şəhəri yaxınlığındakı Amsberidə zəhərləniblər. Martın əvvəlində rusiyalı keçmiş casus və qızı Solsberidə həmin maddədən zəhərlənmişdilər.
ITV News televiziyasına müsahibəsində Rovley şüşə ətir qabını haradan tapdığını xatırlamadığını, ancaq onun qutuda və plastik qablaşdırmada olduğunu vurğulayıb.
Bunu hədiyyə kimi Sturgessə verəndə “o, şüşənin tanınmış brend olduğunu görüb”, ətiri biləklərinə vurub.
“On beş dəqiqədən sonra Dawn başağrısından şikayətləndi, elə paltarlı vannaya keçdi”, – deyən Rovley özü də maddədən əlinə aldığını, sonra da yuduğunu söyləyib. “Yağlı idi, iylədim, ətir iyi gəlmirdi”, – o deyib.
Hər ikisi xəstələnib və elə həmin – iyunun 30-da axşam xəstəxanaya yerləşdiriliblər.
Bir neçə gündən sonra rəsmi dairələr onların soyuq müharibə dövründə Sovet İttifaqında hazırlanmış “Noviçok” hərbi dərəcəli sinir qazından zəhərləndiyini təsdiqləyib.
Sturgess iyulun 9-da dünyasını dəyişib, Rovley isə iki həftə komada qalandan sonra, iyulun 20-də xəstəxanadan buraxılıb.
“The Sun” qəzetinə müsahibəsində o, başına gələnləri dəhşətli və sarsıdıcı adlandırıb. Sağ qaldığına görə özünü xoşbəxt hiss etdiyini, ancaq özünün də çox şey itirdiyini söyləyib.
Polis Sturgessin ölümünü qətl kimi nəzərdən keçirir və bildirir ki, keçmiş casus Sergey Skripal və qızı Yulianın zəhərlənməsi arasında əlaqə təhqiqatın ana xəttidir.
Britaniya və müttəfiqləri Rusiyanı Skripalı öldürmək cəhdində suçlayıb. O, vaxtilə Rusiya agentlərini Britaniyaya satmaqda təqsirli bilinərək məhkum edilib, ancaq 2010-cu ildə məhbus mübadiləsi nəticəsində buraxılıb. Rusiya böyük diplomatik qalmaqal yaratmış zəhərlənmə olayında əli olmadığını bildirib.
Rovley “insidentin onu çox qəzəbləndirdiyini” vurğulayıb.
“Zəhəri kiminsə götürməsi üçün qoymaq çox məsuliyyətsiz hərəkətdir. Onu uşaqlar da tapa bilərdi”, – o, ITV-yə deyib.
(Azadlıq radiosu)
MilliYol.Az
Digər xəbərlər
loading...