Kənd Təsərrüfatı Nazirliyi son zamanlar fermerlər tərəfindən taxıl biçinindən sonra əkin sahələrinin yandırılması hallarının çoxalmasına münasibət bildirib
Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov bildirib ki, buna səbəb fermerlərin şüurunda formalaşan yanlış təsəvvürdür:
"Belə addım atanlar hesab edir ki, biçindən sonra kövşənliyin yandırılması torpaq üçün faydalıdır. Yanmış kül doğrudan da torpaq üçün faydalıdır, amma torpağı yandıranda deyil, torpağa səpiləndə. Biçindən sonra əkin sahələrini yandıranlar anlamalıdır ki, yanğın zamanı təkcə küləş yanaraq kül olmur, yanğın bitki qalıqlarını, torpağın humus qatını, faydalı torpaq mikroflorası və mikrofaunasını məhv edir. Fermer kövşənliyi yandırarsa, növbəti il həmin sahədən əvvəlki qədər məhsul götürə bilməyəcək, çünki yanmış torpaqlar münbitliyini itirir, məhsuldarlıq avtomatik olaraq aşağı düşür".
Nazirlik rəsmisi fermerlərin nəzərinə çatdırıb ki, əkinə yararlı torpaq sahələrinin münbitliyinin qorunması, ekoloji mühitə vurulan zərərin qarşısının alınması və kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi məqsədilə hələ ötən il torpaq qanunvericiliyinə dəyişiklik edilib, bu cür yanğınların törədilməsi qadağan olunub. İnzibati Xətalar Məcəlləsinə edilmiş əlavəyə əsasən, əkin yerlərini yandıran fiziki şəxslər 400-600 manat, vəzifəli şəxslər 1500-2000 manat, hüquqi şəxslər isə 5000-6000 manat cərimə ediləcəklər.
Digər xəbərlər
loading...