ABŞ Suriya kürdləri məsələsində maraqlı olduğunu ortaya qoyur
ABŞ hökuməti kürdlərin Suriya münaqişəsinin nizamlanması prosesində iştirak etməsini istəyir. Bu barədə dövlət katibi Mayk Pompeo açıqlama verib. O deyib ki, “Suriya Demokratik Qüvvələri” tərəfindən İŞİD-dən azad edilən Suriyanın şimal-şərq bölgələrinin sakinləri vətəndaş müharibəsinin nizamlanması prosesində iştirak etməlidir.
Pompeo ABŞ və müttəfiqlərinin Suriya münaqişəsinin davamlı nizamlanmasına nail olmaq üçün BMT ilə birgə çalışmaqda davam edir. Məlum olduğu kimi, Suriyanın şimalında böyük bir əraziyə hazırda kürdlər, ya da başqa adla “Suriya Demokratik Qüvvələri” koalisiyası nəzarət edir. Bu koalisiyanı 2 il əvvəl amerikalılar yaradıb və məqsəd yalnız kürdlər deyil, bölgədə yaşayan digər etnik qrupları da birləşdirməklə Bəşər Əsədə qarşı ciddi bir koalisiya yaratmaq olub. Buna artıq bir mənada nail olublar. Artıq kürdlər, yəni SDQ Suriyanın 25 faizə qədər ərazisinə nəzarət edir, 3 vilayətin birləşdiyi bölgədə siyasi idarəçilik formalaşdırılıb, məclis, hətta konstitusiya hazırlanıb.
ABŞ hökuməti isə Türkiyənin israrlarına rəğmən İŞİD-in Suriyadakı “paytaxtı” Raqqanı digər güclərlə deyil, yalnız kürdlərlə birlikdə azad etdi. İndi hazırda Suriyanın şimalında SDQ bölgəsində amerikalıların 2 mindən çox hərbçisi, 20-dək hərbi bazası var. Eyni zamanda Fransa ordusunun da 5 hərbi bazası kürdlərə dəstək verir.
Bir sıra müşahidəçilərə görə, Vaşinqton məhz münaqişə sonrası Suriyanın şimalında kürd muxtariyyətinin yaradılmasına və kürdlərə SDQ çətiri altında muxtariyyət verilməsinə çalışır. Pompeonun bəyanatı da məhz buna işarədir. Çünki son günlərdə Suriyanın cənubunda müxaliflərin nəzarətində olan bölgələri azad edən Bəşər Əsədin növbəti mərhələdə şimala yönələcyi gözlənilir. Şimalda isə Bəşər Əsədin iki əsas düşməni var: İdlib və ətrafında Türkiyə və islamçı müxalif silahlılar, şimal-şərqdə isə kürdlər, yəni SDQ və ABŞ ordusu. Pompeo isə Vaşinqtonun mövqeyini, münasibətini bəri başdan Bəşər Əsəd və onun müttəfiqi olan Rusiya və İrana çatdırır.
Görünən odur ki, Bəşər Əsəd də indi kürdlərlə savaşa meyilli deyil. Doğrudur, Bəşər Əsəd mayın 31-də Rusiya kanalına verdiyi müsahibəsində kürdlərə xəbərdarlıq edib ki, əgər kürdlər danışıqlardan imtina edərsə, hökumət onlarla zor dilində danışacaq. Və kürdlərin əlindəki bölgələr ordu gücünə azad ediləcək. Eyni zamanda Əsəd amerikalıların Suriyanın şimalındakı kürd bölgələrini tərk etməsini tələb edib.
Ancaq aydın məsələdir ki, Bəşər Əsəd ölkənin 25 faizinə nəzarət edən, ABŞ, Fransa kimi ölkələrin ordusu ilə dəstəklədiyi kürdlərə qarşı birbaşa savaşmağa həvəsli deyil. Elə kürdlər özləri də Bəşər Əsəd kimi düşünür. Onlar da Dəməşqlə savaşmaqdansa, sülh danışıqlarına meyillidirlər. Çünki kürdlər də yaxşı anlayır ki, regionun böyük xalqlarından biri olan ərəblər onlarla düşmən olsalar, əvvəl-axır bunun cəzasını çəkə bilərlər. Buna görə də danışıqlar vəziyyəti düzəltmək daha yaxşıdır. Bu səbəbdən də kürdlər prezident Bəşər Əsədin danışıqlar təklifini qəbul edib. Hətta SDQ bununla bağlı Dəməşqə göndəriləcək danışıqlar heyətini də ötən həftə müəyyənləşdirib.
Təşkilatın yaydığı açıqlamada qeyd olunur ki, Dəməşqin danışıqlar təklifini qəbul edir. Bununla Suriyada qan axmasının dayandırılması, sabitliyin yaradılması, ölkənin yenidən inşa olunması müsbət addımdır.
Bu mənada kürdlər üçün ən optimal yol Rusiyanın dəstəklədiyi Bəşər Əsəd hökuməti ilə anlaşmaq və minimum da olsa güzəştlər əldə etməkdir. Təbii ki, kürdlərin Suriyada vəziyyəti heç bir halda 2011-ci ildən əvvəlki vəziyyətə dönməyəcək. Ona görə də tamamilə Vaşinqtondan, Ağ Evin maraqlarından asılı olmaqdansa, kürdlər bu dəfə daha praqmatik olmağa çalışdılar. Kürdlərin Bəşər Əsədlə danışıqlara getməsinin daha bir səbəbi isə yerli ərəb qəbilələrinin mövqeyidir.
Qeyd edək ki, bir neçə ay əvvəl Hələb yaxınlığında İraq və Suriyadan olan 70-ə qədər ərəb qəbiləsi rəisi iclas keçirərək xarici qüvvələrin, ABŞ ordusunun bölgədən çıxmasını tələb ediblər. Təbii ki, bölgədəki qəbilə rəislərinin gücü və nüfuzu haqda uzun-uzadı danışmağa gərək yoxdur. Ancaq müharibə gedən bölgədə illərdir səsləri çıxmayan qəbilə başçılarını yenidən bir araya toplayıb qərar qəbul etdirən səbəb, hər halda, sıradan hadisə deyil. Görünür ki, Bəşər Əsəd yerli tayfaları danışıqlara cəlb edib və ehtimal ki, kürdləri meydanda tək qoyacaq.
Bu səbəbdən də Bəşər Əsəd isə hələlik yalnız manevr etməyə, regional və yerli imkanları səfərbər etməklə kürdlərə təsir göstərməyə çalışır. Çünki ABŞ və Qərb ölkələrinin dəstəklədiyi kürd bölgəsi Bəşər Əsəd üçün ciddi sınağa çevrilə bilər.(“Yeni Müsavat”)
Digər xəbərlər
loading...