“Trampın siyasəti həm də beynəlxalq institutların fəaliyyətinə təhdid yaradır və bu institutların, ümumilikdə qlobal iqtisadi münasibətlər sisteminin dağılması riski doğurur”
Beynəlxalq Valyuta Fondunun sədri Kristin Laqard ABŞ prezidentinin vergi islahatlarını tənqid edib. Laqard deyib ki, Trampın vergi islahatları yaxın dövrdə Amerika iqtisadiyyatının böyüməsinə səbəb olsa da, orta dövrdə büdcə kəsiri və borclanmada mənfi nəticələr doğuracaq. BVF sədri deyib ki, hazırkı sürətli iqtisadi artım xidmətlərin bahalaşmasına və inflyasiyaya səbəb olacaq, son nəticədə isə FED faizləri artıracaq.
Qeyd edək ki, Laqard Trampın iqtisadi siyasətindən narazı olan ilk nüfuzlu maliyyəçi deyil. Ondan əvvəl Çin, Avropa Birliyi kimi dünya iqtisadi nəhəngləri də ABŞ prezidentinin iqtisadi qərarlarını tənqid edib. lakin ən çox diqqət çəkən məhz ABŞ iqtisadiyyatına istiqamət verən şəxslərin Trampı tənqid etməsidir. Çünki indiyə qədər belə bir fikir geniş yayılıb ki, Trampın iqtisadi sahədəki qərarları Amerikanın maraqlarına xidmət edir və ABŞ-ın daha da güclənməsinə gətirəcək.
Yeri gəlmişkən, bir neçə ay əvvəl dünyaca məşhur Corc Soros da Trampı tənqid edib. O deyib ki, Tramp dünyanı məhv etməyə hazır olan narsistdir. Soros Trampın bacardığı hər yerdə səhv etdiyini bildirib.
Siyasi şərhçi Şahin Cəfərli deyir ki, dünyanın maliyyə nəhənglərinin Tramın fəaliyyətindən narazılığının səbəbi ABŞ prezidentinin yeni iqtisadi siyasət tətbiq etməyə başlaması ilə əlaqədardır: “ABŞ-ın onillər boyu formalaşmış iqtisadi siyasəti var idi və bu siyasət iqtisadi qloballaşmaya əsaslanırdı. Yəni açıq sərhədlərin mövcud olması, gömrüksüz və ya minimal rüsumlarla qarşılıqlı ticarət, transmilli korporasiyaların qlobal miqyasda maneəsiz fəaliyyəti təşviq edilirdi. ABŞ dövləti, daha doğrusu, Qərbdə liberal dünyagörüşün hakim olduğu çevrələr düşünürdülər ki, qlobal ticarətin artması və qarşılıqlı asılılığın yaranması nəticəsində həm də liberal prinsiplərə əsaslanan Qərb mədəniyyətinin təsiri güclənəcək, digər dövlətlər, xüsusən Çin tədricən bu dəyərləri qəbul edəcək, mənimsəyəcək. Bir sözlə, qlobal ticarət vasitəsilə həm də liberal dəyərlərin daha geniş yayılması məqsədi güdülürdü. Bu məqsədə nə dərəcədə nail olunduğu başqa bir söhbətin mövzusudur, sadəcə, bir cümlə ilə onu diqqət çatdırım ki, ABŞ-ın Tramp tərəfindən 2017-ci ilin dekabrında elan olunan yeni Milli Təhlükəsizlik Strategiyasında xüsusən Çinin timsalında həmin siyasətin iflasa uğradığı bildirilir”.
Ş.Cəfərlinin sözlərinə görə, Tramp iqtidara gəldikdən bəri ABŞ-ın iqtisadi qloballaşma siyasətini dəyişməyə cəhd göstərir. Həmsöhbətimizə görə, ABŞ-ın hazırkı prezidentinin iqtisadi siyasəti proteksionizmə, yəni yerli şirkətləri qorumağa, yerli istehsalın və kapitalın xaricə çıxmasını əngəlləməyə, xarici məhsulların aşağı rüsumlardan yararlanaraq ölkə bazarlarını zəbt etməsinin qarşısını almağa yönəlib: “Tramp hesab edir ki, ABŞ indiyədək xarici ticarətdə öz tərəfdaşları tərəfindən axmaq yerinə qoyulub və digərləri qarşılıqlı ticarətdən qazandıqları halda, ölkəsi böyük itkilərə məruz qalıb. Bu səbəblə o, vəziyyəti kökündən dəyişməyə çalışır və müttəfiq ölkələr də daxil olmaqla, ölkənin ən böyük iqtisadi tərəfdaşlarına ”ticarət müharibəsi" elan edib. Əslində Trampın sözlərində həqiqət var, doğrudan da istər Çin, istərsə də Avropa Birliyi ilə ticarətdə ABŞ-ın ziyanına rekord miqdarda mənfi saldo yaranıb. Xüsusən Çinlə ticarətdə ABŞ əleyhinə 375 milyard dollarlıq kəsir mövcuddur ki, bunu davam etdirmək ABŞ üçün artıq çox ağır yükə çevrilib".
Lakin eyni zamanda Ş.Cəfərliyə görə, Trampın seçdiyi metodun ABŞ üçün arzu olunan nəticəni verib-verməyəcəyi şübhəlidir: “Məsələn, 1930-cu ildə Konqresin qəbul etdiyi Smut-Houli qanunu (The Smoot-Hawley Tariff Act) əsasında 20 mindən çox idxal məhsulunun tarifləri artırılmışdı. Lakin bu qanun ABŞ-ın Böyük Depressiyaya sürüklənməsinin səbəblərindən biri oldu. Beynəlxalq maliyyə qurumları, banklar, ekspertlər bildirirlər ki, ticarət savaşının qalibi olmayacaq. Nəticə sadəcə bu olacaq ki, qlobal iqtisadi artım zəifləyəcək və qlobal ticarət həcmləri azalacaq. Bəsit ifadə etsək, bu, o deməkdir ki, dünya ölkələri arasında tədricən alver azalacaq, satışlar aşağı düşəcək, gəlirlər azalacaq, işsizlik artacaq və s... Yəni zəncirvari neqativ proseslər başlayacaq. Dünyanın maliyyə bossları məhz bu səbəblə Trampın siyasətinə qarşı çıxır”.
Digər tərəfdən, ekspertin fikrincə, bu proses iqtisadi qloballaşmanı dəstəkləyən beynəlxalq qurumların rolunun zəifləməsinə, hətta onların sıradan çıxmasına səbəb ola bilər: “Məsələn, Ümumdünya Ticarət Təşkilatının məqsədi azad ticarət prinsiplərinin bütün dünyada yayılması və iqtisadi artımın stimullaşdırılmasından ibarətdir. Üzv ölkələr öz tərəfdaşları ilə əlaqələrində əlverişli ticarət rejimi təqdim etməlidir. Hazırda müşahidə olunan proses - ABŞ tərəfindən birtərəfli qaydada tariflərin tətbiqi və digər dövlətlərin buna cavabı isə WTO-nun fəlsəfəsinə ziddir. Yəni Trampın siyasəti həm də beynəlxalq institutların fəaliyyətinə təhdid yaradır və bu institutların, ümumilikdə qlobal iqtisadi münasibətlər sisteminin dağılması riskini yaradır. ABŞ prezidentinin siyasətinə olan etirazların digər səbəbi bununla bağlıdır”.(“Yeni Müsavat”)
Digər xəbərlər
loading...