Hüquqşünaslar deyir ki, məhkəmədə üzə çıxan çoxmilyonluq pul qovğası Alışanovun korrupsiya əməliyyatlarına işıq salıb, müvafiq qurumlar bunu istintaq edə bilər
AzTV sədri Arif Alışanov və onun ailə üzvlərinə qarşı sui-qəsd təşkil etməkdə təqsirləndirilən Şücaət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov, Aqşin Hüseynovla əlaqəli məhkəmə prosesi yekunlaşdı. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyev Ş.Əkbərovun 18 il, Q.Cəbiyevin 17 il, Zöhrab Şirinovun 16 il və Aqşin Hüseynov 1 il 4 ay müddətinə azadlıqdan məhrum edilməsi haqda hökm çıxarıb.
Məhkəmə zamanı A.Alışanovun 6 milyon manata yaxın ziyana düşdüyü üzə çıxıb. Təqsirləndirilən şəxslərin vəkilləri AzTV sədrinin zərərçəkən statusunda keçdiyi iş üzrə istintaqın qərəzli aparıldığını bəyan ediblər. Onlar Arif Alışanovun barəsində xüsusi qərardad çıxarılmasını, onun 6 milyon manatı haradan alması haqda suallara da aydınlıq gətirilməsini istəyiblər. Bunun üçün dəfələrlə vəsatətlə çıxış ediblər. Lakin hakimlər Alışanovun bunca sərvətinin mənbəyinin aydınlaşdırılmasını əngəlləyiblər.
Hələ məhkəmə dövründə “A.Alışanovun AzTV sədri olaraq gəlirləri onun milyonçular sırasına qatılmasına imkan verirmi” sualına cavab axtarmışdıq. Media üzrə ekspert və jurnalist Qulu Məhərrəmli demişdi ki, Arif Alışanovun pullarının mənbəyi haqda neçə illərdir mətbuatda yazılar dərc olunur. Müxtəlif maliyyə əməliyyatlarında, pulların nəğdləşdirilməsi ilə bağlı “məharəti” haqda danışırlar. Tenderlərdəki qanunsuzluqlar, azad zonalara ötürülən pullarla bağlı da adı hallanır. Şamaxı əhvalatı da ortaya çıxandan sonra bir daha sübut olunur ki, yazılanlar havayı deyil, pulun mənbəyi haradandır.
Qulu Məhərrəmli əlavə etmişdi ki, baş verənlər, məhkəmədə üzə çıxanlar təkcə maddi məsələləri deyil, həm də mənəvi məsələləri də ortaya çıxarıb: “Məsələn, orada qətl hadisəsi haqda söhbət açılır. Əslində bu məsələ çox ciddi şəkildə araşdırılmalıdır. Çox məyusedicidir ki, AzTV tarixində belə bir fiqur ortaya çıxıb. Bu məsələlər təkcə televiziyanın adını batırmır, həm də orada çalışan çox dəyərli insanların adına xələl gətirir”.
Hüquqşünaslar isə deyir ki, məhkəmədə üzə çıxan çoxmilyonluq pul qovğası ilk növbədə korrupsiya faktlarını ortaya çıxarıb və bu məsələlərin araşdırılması hər zaman mümkündür.
Məhkəmə istintaqı dövründə bu məsələlər araşdırılmasa da, ümumilikdə bu faktları Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi hər zaman araşdıra bilər.
Televiziya üzrə mütəxəssislər deyir ki, AzTV-dən başqa digər televiziyalarda bu cür irimiqyaslı korrupsiya faktları yoxdur. İTV və AzTV dövlət büdcəsindən maliyyələşdirilir. AzTV-nin ötən illərə qədər 50 milyon manat büdcəsi olub. Sonra bu məbləği 31 milyon manata qədər endiriblər. Bu məbləğin özü də çox böyük maliyyədir. Bundan əlavə, prezidentin xüsusi göstərişi ilə texnika alınması üçün də əlavə maliyyə ayrılır. Belə bir halda AzTV sədrinin korrupsiyaya bulaşması haqda məlumatlar diqqətdən kənar qalmamalıdır.(musavat.com)
Digər xəbərlər
loading...