"Qarabağ"ın sabiq hücumçusu Reynaldo Silva Qol.az-a müsahibə verib
2013-2016-cı illərdə Ağdam klubunun formasını geyinmiş, hazırda isə Qazaxıstan "Aktobe"sində çıxış edən braziliyalı futbolçu ölkəmiz üçün çox darıxdığını bildirib.
- "Aktobe"də işləriniz necə gedir?
- Hər şey yaxşı, qaydasındadır. Amma Azərbaycan üçün çox darıxıram. Ora qayıtmaq istəyirəm. Çünki Azərbaycan xalqını çox sevirəm.
- "Qarabağ"ı karyeranızın yaxşı vaxtında tərk etdiniz. Halbuki qalıb bir neçə il də oynaya bilərdiniz. Getməyinizə nə səbəb oldu?
- 4 ilə yaxın idi "Qarabağ"da oynayırdım. Yeni çempionat, yeni macəra axtarışında idim. Ona görə də belə bir qərar qəbul etdim.
- Ancaq "Qarabağ"dan ayrıldıqdan sonra belə bir fikir də var idi ki, Reynaldo komandanı pula görə tərk etdi...
- Yox, bu fikirlərlə razılaşmıram. Çünki "Qarabağ"dan pula görə ayrılmadım. Sadəcə, istəyim daha yuxarı səviyyəli çempionatda oynamaq idi.
- "Qarabağ"dan gedəndən sonra əvvəlki səviyyənizdən çox uzaqlaşdınız. "Adanaspor"da heyətə düşə bilmədiniz, sonra klubsuz qaldınız. İndi isə Qazaxıstanın ortabab klublarından "Aktobe"də çıxış edirsiniz. Bütün bunları nəzərə alsaq, seçiminizə görə hardasa peşmansınız?
- Təbii ki, yox. Mən indiki klubumda da özümü xoşbəxt hiss edirəm. Ancaq arzum yenidən hamının məni sevdiyi ölkəyə qayıtmaqdır. Karyeramı Azərbaycanda başa vurmaq istəyirəm.
- "Aktobe" ilə müqaviləniz nə vaxt başa çatacaq?
- Bu ilin noyabrında. Onlar mənim çıxışımdan razıdırlar və yeni müqavilə bağlamaq istəyirlər. Amma mənim niyyətim yenidən Azərbaycana qayıtmaqdır.
- "Qarabağ"a qayıtmaq istəyirsiniz, yoxsa bu, hər hansı başqa bir klub da ola bilər?
- Hələlik heç bir klubdan rəsmi təklifim olmadığı üçün konkret olaraq nəsə deyə bilmərəm. Amma daha çox Bakıya qayıtmaq istəyirəm.
- "Qarabağ" hazırda hücumçu axtarışındadır. Sizcə, bu boşluğu doldura bilərsiniz?
- Bu suala cavab vermək çox çətindir. Çünki tək məndən asılı məsələ deyil. Əvvəlki formama qayıdıb-qayıtmayacağımı deyə bilmərəm. Amma bunun üçün əlimdən gələni edirəm. Əgər zədələnməsəm, hər şey qaydasına düşəcək, əvvəlki kimi oynaya biləcəyəm.
- "Qarabağ"ın Çempionlar Liqasındakı çıxışlarını izləyirsinizmi? Ötən mövsüm hətta qrup mərhələsinə vəsiqə qazandılar...
- Əlbəttə, oyunlarına baxıram. Çox inamlı təsir bağışlayırlar. Ümid edirəm ki, ötən ilki nəticəni təkrarlayacaqlar. Onlara uğurlar arzu edirəm. Başda bu komanda olmaqla, bütün Azərbaycan üçün darıxıram.
- Həmyerliniz və keçmiş komanda yoldaşınız Riçard Almeyda da Qazaxıstan çempionatında çıxış edir. Bu yaxınlarda "Astana" ilə müqavilə bağladı. Onunla görüşmüsünüz?
- Hə, "Astana"ya keçdiyini bilirəm. Onunla Azərbaycanda 4 ilə yaxın birlikdə oynamışam. Yaxşı münasibətlərimiz var. Amma hələ görüşməmişik. İlk fürsətdə gedib ziyarət edəcəyəm.
MilliYol.Az
Digər xəbərlər
loading...