“Arsenal”ın yarımmüdafiəçisi Məsut Özil Almaniya millisindəki karyerasını başa vurub
Qol.az-ın məlumatına görə, türk əsilli futbolçu qərarını şəxsi “Twitter” hesabından açıqlayıb. 29 yaşlı oyunçu bu addımını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Londondakı görüşündən sonra Almaniya ictimaiyyətinin ona göstərdiyi irqçi münasibətlə əlaqələndirib: “Son hadisələrlə bağlı xeyli düşündükdən sonra daha Almaniya millisində oynamamağı qərara aldım. Çünki özümə qarşı irqçi və ədalətsiz münasibət hiss edirəm. Millinin formasını hər zaman qürur və sevinclə geyinmişəm. İndi isə belə deyil.
Bu qərarı qəbul etmək çox çətin oldu. Həmişə komanda yoldaşlarım, məşqçilərim və alman xalqı üçün meydanda hər şeyimi ortaya qoymuşam. Ancaq Almaniya Futbol Federasiyası rəsmilərinin türk mənşəyimə hörmətsiz yanaşdıqlarını və məni eqoistcə siyasi təbliğata apardıqlarını görəndə, düşündüm ki, artıq bəsdir. Bunun mənim futbolçu olmağımla bir əlaqəsi yoxdur. Sadəcə, oturub, bunlara göz yummayacağam. Çünki irqçilik qəbulolunmaz bir şeydir”.
Qeyd edək ki, Özil “Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan və “Everton”un hücumçusu Cenk Tosunla birlikdə Londonda R. T. Ərdoğanla görüşdüyü üçün Almaniyada sərt tənqid olunmuş, siyasi təbliğatda günahlandırılmışdı.
Məsut Özil ilk dəfə bu məsələylə bağlı əsl türk kimi mövqe ortaya qoymuşdu. “AzPolitika.info”nun məlumatına görə, türk əsilli alman futbolçu şəxsi “Twitter” hesabında bunları yazmışdı: “Son yarım həftədə bir neçə ay ərzində baş verən hadisələri düşünmək üçün vaxtım oldu. Beləliklə, olanlarla bağlı öz fikir və hisslərimi bölüşmək istəyirəm. Bir çox insan kimi mənim də mənşəyim bir ölkənin hüdudlarından kənara çıxır. Almaniyada böyümüşəm, amma ailəm türkdür. Ona görə də mənim iki – alman və türk mənşəli ürəyim var. Uşaq vaxtı anam mənə hardan olduğumu unutmamağı və buna hörmət etməyi öyrədib. Hansı ki, bu, bugünə qədər düşündüyüm dəyərlərdir.
Mayda Londonda xeyriyyə və təhsillə bağlı bir tədbirdə Ərdoğanla görüşdüm. İlk dəfə isə onunla 2010-cu ildə Berlində keçirilən Almaniya – Türkiyə oyunundan sonra görüşmüşdüm. Həmin vaxt Angela Merkellə birlikdə matçı izləmişdilər. Bilirəm, bizim şəklimiz alman mətbuatında böyük rezonans doğurdu. Bəzi insanlar məni yalan danışmaqda günahlandırsalar da, bizim etdiklərimiz siyasi məqsəd daşımırdı. Dediyim kimi, anam heç vaxt mənə mənşəyimizi, ailə dəyərlərimizi unutmağa imkan verməz.
Mənim üçün Ərdoğanla şəkil çəkdirmək siyasət və ya hər hansı seçim deyil. Bu, mənim ailəmin ölkəsində ən yüksək vəzifəni tutan bir insana hörmətimdir. Mən futbolçuyam, siyasətçi deyiləm və bizim görüşümüz siyasi məqsəd daşımırdı. Mənim üçün prezidentin kim olmağı önəmli deyil. Vacib olan odur ki, bu insan prezidentdir”.
Özilin bu qərarı Almaniyada böyük səs-küy yaradıb. Almaniya mətbuatı bunu günün əsas xəbəri kimi yayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...