Ermənistanın ikinci prezidenti Robert Koçaryan iyulun 26-da Xüsusi İstintaq Xidmətində istintaqa çağırılıb. Bu haqda xidmətin rəhbəri Sasun Xaçatıryan məlumat verib
Koçaryan 2008-ci ilin 1 mart hadisələri üzrə şahid kimi ifadə verməyə çağırılıb. İş üzrə Yerevan qarnizonunun ovaxtkı rəhbəri Yuri Xaçaturov da şahid kimi dindiriləcək. Təqsirləndirilən isə keçmiş müdafiə naziri Mixael Arutiunyandır. O, hazırda xaricdədir.
Koçaryanın idarəsi daha öncə onun iyulun 25-də Ermənistana qayıdacağını, hüquq-mühafizə orqanlarının suallarını cavablandırmaqda problem görmədiyini açıqlamışdı.
“Cənab Koçaryana çağırış göndərilib və onun iyulun 26-da istintaqa gələcəyi gözlənir”, – deyə Xaçatıryan deyib.
“Dindirilmənin videoçəkilişi aparılacaqmı” sualına cavabında o deyib ki, bu məsələ, hələlik, müzakirə olunmayıb.
2008-ci ildə müxalifət hərəkatının başında olanlar dindirilməyə çağırılıbmı? Xüsusi İstintaq Xidməti bu məsələyə aydınlıq gətirməyib. Söhbət ilk növbədə birinci prezident Levon Ter-Petrosyan və indiki baş nazir Nikol Paşinyan-dan gedir.
“Dindirilməyə kimin çağrılmasıyla bağlı heç bir məhdudiyyət yoxdur. Şahid kimi vacib informasiyası ola biləcək istənilən şəxs dindirilə bilər”, – Sasun Xaçaturyan deyib.
“Petrosyan və Paşinyan istintaqa çağırılıbmı?” “Azadlıq Radiosu”nun erməni xidmətinin bu sualına qurum rəhbəri indi cavab vermək istəmədiyini açıqlayıb.
Qeyd edək ki, 2008-ci il martın 1-də, Serj Sarkisyan-ın qalib gəldiyi prezident seçkisindən sonra kütləvi etirazlar olmuş, hüquq mühafizə orqanları ilə etirazçılar toqquşmuşdu. Martın 1-də səhər polislər Yerevandakı Azadlıq meydanında gecələyən müxalifətçilərə hücum etmişdi. Müxalifətçilər seçkinin rəsmi nəticələrinə etiraz edirdilər. Həmin gün baş vermiş toqquşmalarda 10 nəfər həlak olub, yüzlərlə adam yaralanıb.
Qanlı hadisələrdən 10 il keçir, ancaq ölüm səbəbləri də hələ də aydın deyil.
Bu ilin aprel-mayında Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Sasun Xaçatıryan istintaq xidmətinin rəhbəri təyin olunub. O deyib ki, “1 mart” işinin açılmasından ötrü xidmətin siyasi iradəsi var.
Xidmət iyulun 3-də bildirib ki, keçmiş müdafiə naziri Mixael Arutiunyan “1 mart” işi üzrə təqsirləndirilən qismində cəlb olunub, ona ittiham irəli sürülüb, axtarış elan edilib. Məhkəmə Arutyunyan barəsində iki aylıq qiyabi həbs qərarı çıxarıb.
MilliYol.Az
Digər xəbərlər
loading...