"Qardian" qəzeti Con Hopkins Universitetinin Berman Bioetika İnstitutunun alimi Travis N Riederin məqaləsini dərc edib.
Alimin məqaləsində bildirilir ki, bəşəriyyət Yer planetinin gələcəyini xilas etmək istəyirsə, öz artımını nəzarət altına almalıdır.
BBC-nin verdiyi xəbərə görə, müəllif yazır ki, onun bu barədə mətbuatda çıxışı Feysbuk-da 70 min dəfə paylaşılıb və ona minlərlə reaksiya verilib.
Rieder yazır ki, bu məqaləsində elə sosial mediadakı bəzi reaksiyalarla bağlı münasibətini bildirmək istəyib.
Alim bildirir ki, tənqidçilərin böyük əksəriyyəti onu iqlim dəyişikliyi barədə söhbətlərə aşırı reaksiya verməkdə günahlandırıblar. Bu adamlar bildirirdilər ki, insanların doğumu məhdudlaşdırması iqtisadiyyatı inkişafdan qoya bilər.
Bəziləri isə ümumiyyətlə iqlim dəyişikliyi məsələsini fırıldaq hesab edirlər və yazırlar ki, bunu dünya resurslarını ələ keçirmək istəyən qüvvələr uydurublar.
Alim yazır ki, belələrini alimlərin 97 faizinin iqlim dəyişikliyinin artıq baş verdiyini bildirməsi inandıra bilməyibsə, o necə inandıra bilər?
"Elə adamlar da var ki, qlobal istiləşmənin deyildiyi qədər də fəlakətli olmayacağına inanırlar, - yazır alim, - Onlar deyirlər ki, adamları lüzumsuz yerə qorxutmaq, onları dünyaya övlad gətirməkdən çəkindirmək lazım deyil".
İqlim qaçqınları
Bundan sonra müəllif konkret rəqəmlərə keçir. O yazır ki, dünya temperaturunun 1,5-2 dərəcə artması "təhlükəli" və "çox pis" olacaq, temperaturun 4 dərəcə artması isə fəlakətlə nəticələnəcək, dünyanın böyük əraziləri insanın yaşaması üçün yararsız hala düşəcək.
Dünya Bankının hesabatında bildirilir ki, qlobal temperaturun 1.5-2 dərəcə artması ekstremal hava şəraitlərini artıracaq, dəhşətli istilər və kəskin daşqınlar baş verəcək. Ərzaq istehsalı azalacaq, proqnozlaşdırılmayan infeksiyalar yayılacaq. Okeanın səviyyəsi yüksələrək sahil şəhərlərini təhlükə qarşısında qoyacaq.
Məqalədə deyilir ki, Dünya Səhiyyə Təşkilatının təxminlərinə görə 2030-2050-ci illərdən başlayaraq ildə azı 250 min insan iqlimlə bağlı səbəblərdən dünyasını dəyişəcək.
Alim yazır ki, ola bilsin, inkişaf etmiş ölkələr ilkin ziyandan qoruna biləcəklər, lakin bu, bütövlükdə planeti bürüyəcək fəlakətin sərtliyini azaltmayacaq.
Dünya Bankının hesabatında deyilir ki, qlobal temperaturun 4 dərəcə artması Yaxın Şərq, Şimali Afrika və Aralıq dənizi hövzəsi kimi yerlərin əhalisizləşməsinə səbəb olacaq. Milyonlarla, bəlkə də milyardlarla insan iqlim qaçqınına çevriləcək.
Hər bir uşaq emissiya mənbəyidir
Rieder yazır ki, onun doğum reytini aşağı salmaq ideyası uşaqlara nifrətindən qaynaqlanmır.
Məqalədə deyilir ki, yeni həyat artıq mövcud olan həyata ziyan vurmamalıdır.
Alim bildirir ki, hətta ən yaxşı halda da, yəni karbon emissiyalarını cilovlamağın mümkün olacağı təqdirdə də insanlar planet əhalisinin artımını cilovlamaq probemi qarşısında qalacaqlar, çünki Yerin nə qədər insan əhalisini saxlaya bilməsi də onun məhdud imkanlarından asılı olacaq.
Odur ki, dünyaya gətirilən hər bir uşaq lap dahi olsa belə karbon qazını emissiya edən mənbədir.
Alim yazır ki, onun bir sıra tənqidçiləri Yaponiya, Almaniya və İtaliya kimi ölkələrdə, əksinə sonsuzluğun problemə çevrilməsini əsas gətirirlər. Onlar deyirlər ki, məhz buna görə də artımı buxovlamaq yox, daha sağlam nəslin yetişdirilməsi haqqında düşünmək lazımdır.
Lakin Riederin fikrincə Yer əhalisi bütün hallarda sonsuza qədər arta bilməz.
Alim yazır ki, bəşəriyyət, ya planetin sabit və dayanıqlı əhalisi problemini həll etməli olacaq, ya da təbiət özü zorakı və gözlənilməz şəkildə bəşəriyyəti bu problemin həllinə məcbur edəcək".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
MilliYol.Az
Digər xəbərlər
loading...