Uzun müddətdir Bakının dalana dirənən baş planı amerikalılar tərəfindən hazırlanacaq. Belə ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin Baş planının hazırlanması işinin təşkili prosesinə start verir
Bu barədə yayılan məlumatda qeyd olunur ki, prosesin beynəlxalq standartlara uyğun təşkil edilməsi və Bakı şəhərinin Baş planının ən uğurlu qlobal təcrübəyə əsaslanaraq tərtib olunması məqsədilə komitə “Böyük Üçlük” adlanan dünyanın ən nüfuzlu üç strateji məsləhətçi şirkətlərindən birini – “The Boston Consulting Group” şirkətini cəlb edir.
1963-cü ildə yaradılmış “The Boston Consulting Group” şirkəti 50 ölkədə fəaliyyət göstərən 90-dan çox nümayəndəliyini özündə birləşdirən qlobal şəbəkə vasitəsilə dünyanın bütün regionlarında dövlət, özəl və qeyri-hökumət sektoruna xidmət göstərir. Qeyd edilir ki, şirkət tərəfindən son dövrdə Moskva, Kiyev, Pekin, Stokholm, Boston, Nyu-York və s. iri şəhərlər üçün belə layihələr reallaşdırılıb.
“Yeni Müsavat”a danışan 1971-1986-cı illərdə Bakı Baş Tikinti İdarəsinin rəisi və Bakı Şəhər Soveti sədrinin 1-ci müavini vəzifəsində işləmiş Əzim Məsimov bildirib ki, əslində Bakının baş planının hazırlanmasında əsas üstünlük yerli mütəxəssislərə verilməlidir: “Baş planın hazırlanmasında Bakını bilən, köhnə mütəxəssislərin iştirakı olduqca vacibdir. Hazırda Bakıda tikilmiş olan abidə xarakterli və ya yaşayış binalarının sökülməsi, onların yerində yol salınması uyğun deyil. Çünki bu işlər çox böyük xərc tələb edir. Sovet dönəmində hər kəsi məcbur edirdilər ki, xüsusi proyekt olmasa, beşmərtəbədən artıq şəhərdə tikinti aparılmasın. Ona görə də hamısı eynitipli proyektlər idi. Biz də çalışırdıq ki, şəhərin amfiteatr deyilən mərkəzi hissəsində tikinti aparmayaq və oranı önəmli tikililər üçün saxlayaq. Lakin sonradan şəhəri bilməyənlər gəldi və bu sahədə vahid rəhbərlik də olmadığı üçün torpağı bölüşdürüb satdılar. İndi isə yalnız regenerasiya etmək olar. Ayrı-ayrı obyektləri seçib, nəqliyyat problemini həll etmək üçün sökmək mümkündür. Çünki hazırda Bakıda nəqliyyat məsələsi çox ciddi bir problemdir. Bakının şimal və cənubunda olmaqla iki çıxışı var. Ona görə də Bakının çıxış problemi də əsaslı şəkildə həll olunmalıdır. Yolda hər hansı bir problem yaranan zaman şəhər donur və nəqliyyatın hərəkəti iflic olur. Biz öyrənmişik ki, bir məsələ olan zaman xaricdən ekspert gətirək. Bayılda sürüşmə olan zaman Abid Şərifov deyirdi ki, Yaponiyadan mütəxəssis gətirmişik. Buna yapon lazım deyil axı… Bizim problemi bilən xeyli sayda mütəxəssisimiz var. Onları dinləmək lazımdır. Amerikalı ekspertlərə də milyonlarla vəsait xərclənəcək. Bəzi mütəxəssisləri dəvət etmək olar. Ancaq bütün işi hansısa şirkətə vermək böyük xərc tələb edir. Problem odur ki, keçmiş mütəxəssislərin biliyindən istifadə edən yoxdur. Onlar, sadəcə olaraq, bir kənarda qalıblar, fikir də verən yoxdur”.
MilliYol.Az
Digər xəbərlər
loading...