Bakıda oteldə daha bir ərəb turist ölüb
Hadisə "Viva Boutique Hotel"də baş verib. Ərəb turistin mədə qanaxmasından öldüyü ehtimal edilir. Xatırladaq ki, bu ilin yanvar ayında Bakıda hoteldə ərəb turist ürək çatışmazlığından dünyasını dəyişmişdi. Nərimanov rayon Prokurorluğunun məlumatına görə, 56 yaşlı Məsfər Oman Əlbillahi qaldığı hotel nömrəsinə yüngül əxlaqlı 3 qadınla gəlib. Polis hadisə yerinə gələn zaman qadınlar həmin nömrədə olmayıb.
Fakt bununla da bitmir.
PİA.az musavat.com-a istinadən bildirir ki, bundan 2 il əvvəl JW Marriott Abşeron otelindəki nömrələrdən birində ərəb turistinin cəsədi aşkarlanmışdı. 1953-cü il təvəllüdlü Əlmuhanna Məhəmməd Əli Aminənin cəsədində zorakılıq əlamətlərinə rast gəlinməyib. Məhkəmə-tibb ekspertləri 270 kiloqram çəkisi olan ərəbin cəsədini yarıblar. Ərəb turistin ürək tutmasından öldüyü qənaətinə gəlinib.
Ərəb turistlərin Bakıda ölmələri ilə bağlı bir neçə versiya var. Azərbaycana axın edən ərəb kişiləri özlərini burada sərbəst aparır, həddindən çox spirtli içki qəbul edir və yüngül əxlaqlı qadınların xidmətlərindən istifadə edirlər. Ehtimal olunur ki, ərəb kişilərin orqanizmi buna davam gətirmir.
Tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl hesab edir ki, Bakıdakı ərəb turistlərin ölümünə sağlam olmayan həyat tərzi səbəb olsaydı, onda gərək Bakıya gələn bütün ərəblər öləydi: "Ərəbistanda iqlim şəraiti Azərbaycanda daha ekstremal və daha istidir. Ərəblərin ölümünə iqlim və sağlam olmayan həyat tərzinin səbəb olduğuna inanmıram. Ərəblərin yeməyi bizimkilərdən daha ağırdır. Bir məsələ var ki, ərəblər içkinin qədərini bilmirlər. Mədə qanaxmasına həddən artıq spirtli içki qəbul etmək səbəb ola bilər. Marketdə dəfələrlə görmüşəm ki, ərəblər xeyli spirtli içki alıb. Bir dəfə yaxınlaşıb soruşdum, siz nə aldığınızı bilirsiniz? Dedi, hə. Bildirdim ki, aldıqları içkiləri çox içmək olmaz. Dedilər, narahat olma, bilirik. Onlar aldıqları spirtli içkiləri həmin gecə içib bitirsəydilər, sabaha sağ çıxmayacaqdılar. Biz ən azından nəyi necə içiləcəyini bilirik. Ərəblərin içki təcrübəsi, içki mədəniyyəti yoxdur. Biz elə bir coğrafiyada yaşayırıq ki, uşağı qatıq, süd, ayranla böyüdürük. Həmçinin, çörəyimiz qıcqırmış xəmirdən hazırlanır. Bir yaşından da uşağa çörək veririk. Qatıq, ayran, mayalı çörəyin tərkibində də spirt var. Bizim bədənimiz ta uşaqlıqdan spirtə alışır. Orqanizmimizdə spirtə qarşı mexanizm formalaşır. Amma ərəblərin yediyi çörək Pitadır. Çox vaxt da lavaş yeyirlər. Pita da, lavaş da mayasız hazırlanır. Bizim qədər qatıq yemirlər. Əsas düyü, ət yeyirlər. Məsələn, biz qıcqırmış meyvələrdən tut və s. yeyirik. Qıcqırmış meyvənin tərkibində spirt var. Ərəblər heç qıcqırmış meyvə də yemirlər. Onların yediyi xurmadır. Xurma da nə qədər qalsa, qıcqırmır. Bunun da təsiri var".
V.İsmayıl ərəblərin ölümünə səbəb olacaq cinsi aktivliyi artıran dərmanları da ikinci ehtimal kimi qeyd edir: "Ərəblər Azərbaycana 5-6 günlük gəlir. Fələkdən bir gün çalmış kimi istəyirlər cinsi əlaqədə çox olsunlar və "Viaqra"dan istifadə edirlər. Amma bunlar konkret hadisəni izah etmir. Bunlar sadəcə versiyadır. Konkret hadisə haqda məlumatım yoxdur".
Androloq-seksopatoloq Orxan Ağabəyov deyir, cinsi aktivliyi artıran dərmanlar o zaman ölümə səbəb ola bilər ki, insanda əvvəlcədən ürək problemləri olsun: "Bu dərmanlar ürək xəstəsi, yaxud ürəyindən əməliyyat olun insanları öldürə bilər. Əks halda heç bir doza aşması ölümlə nəticələnə bilməz. Ümumiyyətlə, dozanı aşmağın müsbət effekti yoxdur. Ona görə də dozanı aşmağın mənası yoxdur. 150 qram kifayətdir. Sağlam, normal, ürək xəstəliyi olmayan insan qəbul edərsə, pis heç bir şey olmayacaq".
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev Bakıda olan ərəb turistlərin də tez-tez təcili yardıma müraciət etdiklərini deyir. Şikayətlər isə müxtəlifdir. Əsasən qızdırma, baş və qarın ağrısına görə təcili yardıma müraciət edirlər.
Maraqlıdır, Azərbaycana gələn kütləvi ərəb turistləri sərhəd-gömrük keçid məntəqələrində müayinədən keçirmi?
Dövlət Gömrük Komitəsi bildirir ki, bütün sərhəd-gömrük keçid məntəqələrində quraşdırılan xüsusi termovizorlar vasitəsilə ölkənin gömrük ərazisinə daxil olan şəxslərin bədən hərarəti ölçülür. Bədən temperaturu normadan artıq olan şəxslər dərhal müəyyən edilir və bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir.
Bundan başqa, hər hansı region və ya ölkədə yoluxucu xəstəliklərin yayılması faktı qeydə alındığında Səhiyyə Nazirliyinin məktubuna əsasən həmin region və ya ölkədən gələn şəxslər sanitar həkimlərin köməyi ilə sorğu-sual edilərək lazımi zəruri tədbirlər görülür. Hazırda bu istiqamətdə hər hansı riskli hallar müşahidə olunmur.
Məlumatda o da qeyd edilir ki, beynəlxalq təcrübədə sərhəd-gömrük keçid məntəqələrində insanların kütləvi şəkildə tibbi müayinədən keçirilməsi praktikası mövcud deyil.
Digər xəbərlər
loading...