Xalq artisti Nazpəri Dostəliyeva elmi dərəcə alması barədə məlumat yayıb
Belə ki, xalq artistinin paylaşımına görə, onun “Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili” adlı dissertasiya mövzusu qənaətbəxş hesab edilib və fəlsəfə doktoru elmi dərəcəsi təsdiq olunub.
N.Dostəliyevanın elmi dərəcə alması sosial şəbəkədə müzakirələrə səbəb olub. Sənət dostları xalq artistini təbrik edib, bəzi şəbəkə izləyiciləri isə onun alim adı almasına istehza ilə yanaşıblar.
Ali Attestasiya Komissiyanın aparat rəhbəri Arif Quliyev isə lent.az-a açıqlamasında xalq artisti Nazpəri Dostəliyevanın elmi dərəcə alması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
O, bildirib ki, yayılan fotoşəkillərdəki imza onun deyil: “Ali Attestasiya Komissiyası Nazpəri Dostəliyevaya elmi dərəcə verməyib. Ümumiyyətlə, elə şey olmayıb. Şəkildə göstərilən imza da mənim deyil, başqa adamın imzasıdır. Kimsə götürüb, o imzanı ora vurub. Başdan-ayağa saxta bir şeydir”.
Musavat.com məsələ ilə bağlı xalq artistinin mövqeyini öyrənməyə çalışıb. Lakin onun məlum hadisədən dolayı telefonlarını söndürdüyü məlum olub.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov saytımıza açıqlamasında deyib ki, saxta sənəd qalmaqallı ilə bağlı onlara müraciət olunmayıb: “Bizə nə komissiyadan, nə də Nazpəri xanım tərəfindən müraciət olunmayıb. Mətbuatda gedən xəbərlərdən məlumatlıyıq, araşdırıb, geniş açıqlama verəcəyik”.
Bəs, saxta sənəd hazırlayan və saxta imza atan şəxsləri hansı cəza gözləyir? Nazpəri Dostəliyeva saxta sənəd hazırladıbsa və ya saxta sənəd olduğunu bilə-bilə ictimaiyyəti aldadıbsa, onu hansı cəza gözləyir?
Hüquqşünas Əsabəli Mustafayev musavat.com-a açıqlamasında deyib ki, bu hadisə müxtəlif motivlidir:“Nazpəri Dostəliyeva həmin idarədən gizli yolla, prosedur qaydalarını pozmaqla saxta sənəd düzəltdiribsə, istintaqa cəlb olunacaq. Bilə-bilə saxta sənəddən istifadə edibsə, onu 1 ilə qədər həbs cəzası gözləyir. Saxta sənəd düzəltdirib ondan istifadə etməyibsə, bu, məsuliyyət yaratmır. Saxta olduğunu bilərək sosial şəbəkədə paylaşıb, gündəmə gəlibsə, istintaq bunu özünə nüfuz qazandırmaq üçün saxta sənəddən istifadə kimi qiymətləndirə bilər.
Amma kimsə onu aldadıbsa, sənədin saxta olduğunu bilmirdisə, heç bir cinayət məsuliyyəti daşımır. Nazpəri Dostəliyevanı aldadıblarsa, motiv dəyişir. Vəzifə səlahiyyətlərini aşma, vəzifəli şəxsin vəzifəsini mənimsəmə, dələduzluq yolu ilə insanı aldadıb, saxta sənəd vermə kimi cinayət tərkibi var. Vəzifə səlahiyyətlərini aşma maddəsi iki bəndlidir. Birinci bənddə 3 il, ikinci bənddə 8 ilə qədər azadlıqdan məhrum etmə maddəsi var.
Qol çəkməli olan şəxs deyil, onun rəhbəri olduğu komissiyanın üzvü və ya ayrı şəxs qol çəkibsə, bu, 310-cu maddənin (Vəzifəli şəxsin vəzifəsini mənimsəmə) pozulmasıdır. Buna görə 3 ilə qədər azadlıqdan məhrum edilmə cəzası var”.
Digər xəbərlər
loading...