Türkiyədə bir neçə gün əvvəl çoxsaylı tərəfdarları ilə birlikdə həbs edilən, özünü “İmam Mehdi” kimi qələmə verib islam dinini yarıçılpaq qızların əhatəsində “tanıdan” Adnan Oktarın kitabları Bakıda mağazalardan yığışdırılıb. Bu barədə virtualaz.org saytının əməkdaşlarının Bakının bir neçə kitab mağazasının satıcıları ilə söhbətlərindən məlum olub
Adnan Oktarın, yaxud uzun illərdir Türkiyədə və Azərbaycanda “Adnan hoca”, “Harun Yahya” kimi təbliğ edilən təriqət liderinin yüzlərlə kitabı nəşr edilmişdi. Və bu kitabların Azərbaycanda da uzun müddətdir nəşr edilib yayıldığı, universitetlərə pulsuz paylandığı, kitab sərgilərində nümayiş etdirildiyi, mağazalarda satışda olduğu məlum idi. Adnan Oktara qarşı cinsi istismar, təcavüz, şantaj, silahlı qruplaşma yaratmaq, siyasi və hərbi cəsusluq da daxil olmaqla 30-a yaxın ittiham irəli sürülüb. Bu günə qədər məhkəmələr onun 200-ə yaxın tərəfdaşının, o cümlədən “kediciklərinin” həbsi barədə qərar çıxarıb. Türkiyə mediası hər gün Adnan Oktar və qrupunun iyrənc əməllərindən yazır, televiziyalar bu barədə səhərdən axşama süjetlər göstərir.
Türkiyə KİV-lərinin məlumatına görə Azərbaycanda da Adnan Oktarın əməllərindən zərər çəkənlər var və onlar Türkiyə konsulluğuna şikayət ərizələri təqdim ediblər. Türkiyə KİV-ləri bu təriqətin Azərbaycanda güclü strukturunun olduğu barədə yazır. Habelə bildirilir ki, Azərbaycanda da bu təriqətlə bağlı araşdırmalar başlayıb.
Virtualaz.org saytının əməkdaşları Adnan Oktarın kitablarının Bakıda hələ də satılıb-satılmadığını öyrənmək üçün şəhərin müxtəlif istiqamətlərində 10-dan çox kitab mağazalarında olublar. Məlum olub ki, son 2-3 aya kimi bu fırıldaqçı “din xadiminin” kitabları azərbaycanlı tərəfdarları tərəfindən kitab mağazalarına pulsuz paylanırmış. Kitabı satmaq üçün satıcılara əlavə pul və ya hədiyyə vədləri də verilibmiş. Amma Oktar həbs edilən kimi kitablar mağazalardan yığışdırılıb.
Metronun “28 May” stansiyanın yaxınlığında yerləşən “Kitabevim.az” mağazasının satıcısı deyir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin icazəsi olmadan dini ədəbiyyatların satışı qadağan edilib. Əvvəllər Adnan Oktarın kitabları satılsa da, son 1-2 ildə satışdan çıxarılıb. Yaxınlıqdakı digər kitab mağazasının satıcısı isə Oktarın müəllifi olduğu kitabların satışdan yığışdırılmasına göstəriş verildiyini söyləyir. “Bizdə onun kitabları var idi, amma Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin əməkdaşları polisin müşaiyəti ilə reyd keçirdilər və bütün kitablarını satışdan yığışdırdılar. Biz dini təbliğata xidmət edən heç bir ədəbiyyat satmırıq”, – satıcı bildirir.
“Səməd Vurğun” bağının qarşısındakı kitab mağazasının satıcısı Murad Əhmədov isə son bir-iki aya qədər mağazada Harun Yəhyanın kitablarının satıldığını deyir. Onun sözlərinə görə, həm Azərbaycan, həm də türk dilində olan kitablar cəmi 2-5 manata satılırmış və daha çox masonluqla bağlı kitablarına maraq var imiş. Amma Adnan Oktar həbs edilən kimi kitabları mağazadan atıblar.
Metronun “Neftçilər” stansiyasının çıxışındakı mağazada isə Oktarın kitabları ilə maraqlandığımızı biləndə təəcübləndilər: “Yəqin onun həbsindən xəbəriniz yoxdur, ehtiyatlı olun”, -satıcılardan biri xəbərdarlıq da edib. O da məlum olub ki, Adnan Oktarın kitablarına maraq göstərənlərin çoxu gənclərdir, satıcılar kitabların müxtəlif vaxtlarda, fərqli şəxslər tərəfindən onlara gətirildiyini deyiblər.
İnternetdə isə hələ də Oktarın kitabını onlayn satışı var. Oktarın azərbaycanlı tərəfdaşları tərəfindən yaradılmış internet saytında abunə olmaqla istənilən kitabı yükləmək mümkündür. Oktarın fəaliyyətini təbliğ edən “adnanoktar.az” saytı da hələ fəaliyyətdədir…
MilliYol.Az
Digər xəbərlər
loading...