Ermənistanda 1 mart 2008-ci il qırğınının istintaqına cəlb olunan sabiq prezident Robert Köçəryan haqqında rəsmi məlumat açıqlanıb
Novator.az-ın məlumatına görə, Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan iyulun 19-da jurnalistlərə deyib ki, Robert Köçəryan iyulun 26-da şahid qismində ifadə verməlidir.
Sasun Xaçatryanın sözlərinə görə, rəsmi çağırış Robert Köçəryanın Yerevandakı ofisinə iyulun 6-da təqdim olunub, ofisdən sabiq prezidentin xaricdə olduğu, Ermənistana iyulun 25-də dönəcəyi bildirilib.
Robert Köçəryan Rusiyanın “Sistema” investisiya şirkətinin rəhbərlərindən biridir.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulan Robert Köçəryan 1997-ci ildə prezident Levon Ter-Petrosyanın sərəncamı ilə Ermənistana baş nazir gətirilib. Levon Ter-Petrosyan 1998-ci ilin fevralında istefaya məcbur edilib. Baş nazir kimi prezident səlahiyyətlərini icra etməyə başlayan Robert Köçəryan 1998 və 2003-cü illərdə dövlət başçısı seçilib.
2008-ci il fevralın 19-da Ermənistanda prezident seçkisi keçirilib. Mərkəzi Seçki Komissiyası Dağlıq Qarabağ bölgəsində doğulmuş baş nazir Serj Sərkisyanı qalib elan edib. Əsas namizədlərdən olan birinci prezident Levon Ter-Petrosyanın tərəfdarları paytaxt Yerevanda seçkinin rəsmi nəticələrinə davamlı etiraz aksiyaları keçiriblər. Martın 1-də aksiyalar hərbi güclə dağıdılıb, 8 mülki şəxs, 2 polis əməkdaşı həlak olub.
2008-ci ildə Robert Köçəryanı prezident postunda əvəzləyən Serj Sərkisyan 2013-cü ildə yenə prezident seçilib. 2018-ci il aprelin 9-da prezident səlahiyyətləri başa çatan Serj Sərkisyan aprelin 17-də baş nazir kürsüsünə oturub. Ancaq xalq etirazlarına görə Serj Sərkisyan aprelin 23-də istefa verib. Mayın 8-də Nikol Paşinyan baş nazir kürsüsünə oturub.
2008-ci ilin prezident seçkisində Nikol Paşinyan Levon Ter-Petrosyanın seçki qərargahının üzvü kimi fəaliyyət göstərib. O, seçkinin nəticələrinə etiraz aksiyalarında iştirakına görə cinayət məsuliyyətinə alınıb, 2009-cu ildən 2011-ci ilə kimi həbsdə yatıb.
Hakimiyyətə gələndən sonra Nikol Paşinyan 2008-ci il hadisələrinin istintaqının yenilənməsi prosesinə start verib.
MilliYol.Az
Digər xəbərlər
loading...