Neft ixracatçıları ölkələri təşkilatı (OPEC) 2017-ci ildə təşkilata üzv olmayan dövlətlərin neft hasilatını artıracağını proqnozlaşdırır. "Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, OPEC-in bu proqnozu təşkilata üzv olmayan ölkələrdə yeni yataqların kəşfi və ABŞ-da şist neft hasilatçılarının aşağı qiymət həddinə dayanıqlılıq göstərərək hasilata davam etməsi amilinə əsaslanır.
OPEC-in aylıq hesabatında həmçinin üzv ölkələrin neftinə tələbatın 2017-ci ildə 32,48 mln. barel/gün təşkil edəcəyi qeyd olunur ki, bu da əvvəlki proqnozdan 530 min barel/gün və ya 1,6% azdır.
Sənədə əsasən, 2016-cı ilin ikinci yarısında hasılatın ilk yarımillik göstərici ilə müqayisədə artacağı vurğulanır. Təşkilat üzv olmayan ölkələrin 2017-ci ildə neft təklifini gündəlik 200 min barel artıracağını proqnozlaşdırır. Belə ki, əvvəlki hesabatda 2017-ci ildə təklifin gündəlik 150 min barel azalacağı ehtimal edilib. OPEC gələn il neft təklifinin artmasını Qazaxıstanın "Kaşaqan" yatağında hasilata başlanması və ABŞ-da şist neft hasilatının azalmaması ilə izah edərək bildirib ki, ABŞ-da hasilat yaxın perspektivdə artmağa davam edəcək.
Qeyd edək ki, sentyabrın 9-da ABŞ-da mütəmadi olaraq "Baker Hughes" şirkəti tərəfindən açıqlanan həftəlik hesabata görə, ABŞ-da fəal neft-qaz qazma quyularının sayı sentyabrın 3-9-da 11 ədəd və ya 2,21% artaraq 508 ədədə çatıb. Neft quyularının sayı 7 ədəd və ya 1,72% artaraq 414 ədəd, qaz quyularının sayı isə 4,55% artaraq 92 ədədə yüksəlib.
Açıqlanan xəbərlər neft kotirovkalarının aşağı düşməsinə səbəb olub. Hazırda neftin qiyməti əvvəlki günlə müqayisədə 1,16% azalaraq 47,75 dollar/barelə enib. Neftin qiymətinin mövcud xəbərlər nəticəsində daha sərt enməməsinə səbəb isə ABŞ-da "Ermine" tropik qasırğası nəticəsində Meksika körfəzində hasilatın dayandırılması və sentyabrın 26-28-də Əlcəzairdə neft hasilat edən ölkələrin növbədənkənar sammitinin yekununda hasilatın dondurulması perspektivləridir.
"Report"un analitik qrupu hesab edir ki, sentyabr ayının sonuna qədər neftin qiymətində ciddi dəyişiklik gözlənilmir və dalğalanma 45-55 dollar/barel diapazonunda müşahidə olunacaq. Əlcəzair görüşündən müsbət qərar çıxmayacağı təqdirdə neft kotirovkalarını kəskin azalma gözləyir və qiymətin 30 dollar/barelə qədər enməsi mümkündür. Hasilat dondurularsa, neftin qiyməti 55-60 dollar/barelə qədər yüksəldikdən sonra razılaşmada iştirak etməyən ölkələr tərəfindən təklifin artırılması və tələbin getdikcə azalması fonunda yenidən geriləyəcək.
MilliYol.Az
Digər xəbərlər
loading...