Roman Dobroxotov
“Əl-Cəzirə”
ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında iyulun 16-da keçirilən görüş ictimai sahədə bir-birinə zidd əks-sədalar yaradıb. Tramp və Putin tərəfdarları, habelə Rusiya dövlət mediası üçün zirvə Rusiya-ABŞ əlaqələrinin inkişafında böyük bir müvəffəqiyyət olub. Amerikalı demokratlar, bəzi respublikaçılar və ABŞ-ın aparıcı mediasının fikrincə, Tramp Putinin kuklası halına gəlib.
Sonuncu qrupun qəzəbi o qədər güclüdür ki, ABŞ prezidenti 2016-cı ildə keçirilən seçkilərə Rusiyanın müdaxilə etməməsi barədə açıqlamasından boyun qaçırıb.
Hər iki tərəfin razılaşdığı yeganə şey – Trampın Putinlə ümumi dil tapmasıdır. Məsələ ondan ibarətdir ki, bir tərəf bunu – dövlətə xəyanət, digəri isə – diplomatik qabiliyyət kimi qəbul edib.
Bu şərhlərin hər ikisində Trampın Putinə bənzədiyi nəzərdən qaçırılır: onlar ritorika deyil, hərəkətlərinə görə mühakimə olunmalıdırlar. Son aylarda isə “rus kuklası” gözə dəymir.
Gəlin Trampın siyasətini Rusiyanın milli maraqlarına uyğun enerji sektoru ilə əlaqələndirək.
Neft və qaz Kremlin əsas xarici siyasət silahı və daxili sabitliyin təmin edilməsinin əsas vasitəsidir. 2000-ci illərin əvvəllərində neftin qiymətinin artması Putini bugünkü halına gətirib. Qaz həm də Aİ üzərində olan əsas nüfuz vasitəsidir. Rusiya Avropanın əsas qaz ixracatçısıdır və hazırda onun qaz ehtiyaclarının 50 faizini təmin edir. Qaz və neft boru kəməri də Kremlin, Qazaxıstan və Türkmənistan kimi, Orta Asiyanın enerji ixrac edən ölkələrinə başlıca nəzarətetmə vasitələrindən biridir.
Ancaq elə bu Putin sisteminin zəifliyidir. Rusiya iqtisadiyyatı enerji resurslarının ixracına daha çox bağlıdır və bu gün bütün ixracatın 60 faizindən çoxunu məhz o təşkil edir.
Tramp bununla bağlı nə edib?
ABŞ-ın sanksiyaları ilə İranın bazardan çıxarılmasını kompensasiya etmək və qiymətləri aşağı həddə saxlamaq üçün Səudiyyə Ərəbistanına neft istehsalını artırmaq üçün təzyiq göstərir. Rusiya iqtisadiyyatı hələ 2014-cü ildə neft qiymətlərinin düşməsindən qaynaqlanan bir azalma ilə qarşılaşsa da, Tramp Rusiyanın bu addımı dəstəkləyəcəyini gözləyir.
Bundan daha da mühüm – Tramp Avropanın Şimali Avropa, xüsusilə Almaniyaya rus qazının tədarükünü artırmağı nəzərdə tutan “Nordstream-2” qaz kəməri layihəsinin ləğvini tələb edir. “Nordstream” – Putinin zəka məhsuludur və yalnız iqtisadi baxımdan əhəmiyyətli deyil; bu, Rusiyanın Avropaya təsirini artırmaq deməkdir.
Putin layihədə çox sayda diplomatik, lobbi və maliyyə qaynaqları yatırıb. Bunun qarşısını almaq üçün Tramp Obama administrasiyasının siyasətini izləyib. Bolqarıstana təzyiq göstərərək, Cənubi Avropaya və Avstriyaya rus qazının tədarükü üçün nəzərdə tutulmuş “Cənub Axını” boru xəttini ləğv etdirib.
Trampın “Nordstream”-i sarsıtmaq niyyətinin səbəbi Avropa bazarını ABŞ-ın sıxılmış qazına (LNG) açıq saxlamaqdır. İyun ayında Polşaya ABŞ-dan ilk LNG göndərilib. Bir ay sonra Tramp Varşavaya yollanıb və Rusiya qazından asılı olan 12 Mərkəzi və Şərqi Avropa ölkəsinin toplantısında ABŞ LNG-ni mədh edib.
Həmin görüşdə o deyib: “Mənə bir mühüm məqamı izah etmək izni verin: ABŞ heç vaxt sizin xalqlarınıza təzyiq göstərmək üçün enerjidən istifadə etməyəcək və başqalarının da bunu etməsinə icazə verməyəcəyik”.
“Başqaları” dedikdə, onun kimi nəzərdə tutduğunu təxmin etmək çətin deyil.
Bu ilin yayında ABŞ LNG-sinin ilk tədarükü Litva, İspaniya və Böyük Britaniyaya olub.
ABŞ-ın Enerji İnformasiya İdarəsi bu ilin mart ayında ABŞ-da LNG ixracının 2016-cı ildən 2017-ci ilə qədər olan dövrlə müqayisədə, dörd dəfə artdığını bildirib. Avropa ölkələrinə (Türkiyə daxil olmaqla) ixracat beş qat artıb.
Putinlə qarşılaşmasından bir neçə gün əvvəl Tramp kansler Angela Merkelə xitabən Almaniyanın Rusiyadan asılı olduğunu söyləyib.
Bu cür bəyanatlar verən Barak Obama olsaydı, Rusiyanın dövlət mediası onu yıxıb-sürüyərdi. Ancaq Rusiyanın siyasi şoularında bu barədə heç nə deyilmir, ehtimal ki, Kreml hələ də gizli şəkildə Trampın güzəştə gedəcəyinə və sanksiyaları ləğv edəcəyinə ümid edir.
ABŞ mətbuatında da bu bəyanata maraq göstərilməyib, çünki Tramp indi Putinin kuklasıdır.
Rusiya neft və qazdan başqa Trampın tarif döyüşlərindən (ABŞ Rusiyanın beşinci böyük ticarət tərəfdaşıdır) də əziyyət çəkir. Metallar, həmçinin Rusiya ixracatının böyük bir hissəsidir və Trampın alüminium və polada müvafiq olaraq 25 və 10 faizlik tarifi Rusiya üçün pis xəbərdir. Hazırda rus şirkətlərinin zərərləri hələ böyük deyil, lakin bu, ticarət müharibəsinin başlanğıcıdır.
Xarici siyasət sahəsində də Trampın rus skripkasında ifa etməsi görünə bilər, ancaq bu da onun üçün bizneslə bağlıdır.
Rusiya və ABŞ arasındakı ehtimal edilən mübahisənin əsas səbəbi olan İran, Trampın Körfəz ölkələri ilə böyük təhlükəsizlik müqavilələri və 2020-ci il seçkiləri üçün İsraildən alınacaq siyasi dəstəyə görə Putinlə müzakirə edilməli idi.
Suriyada, o, geri addım atmış kimi görünə bilər, amma bu, Putinin maraqlarını qəbul etdiyi üçün deyil. ABŞ prezidenti əvvəlcə İŞİD-in məğlubiyyətini elan etdikdən sonra ölkədən çıxmaq istəyib. Qoşunları sahədə saxlayan Pentaqondur və o, fevral ayında Suriyanın şimalında yerləşən mövqelərinə doğru irəliləyən bir qrup rus əsgəri və rejimi qoşunlarına zərbə endirib.
Ukrayna ilə bağlı Tramp heç bir güzəştə getmir. Əslində, bu ilin yanvarında ABŞ Kiyevə “Javelin” tank əleyhinə raketlərini satıb. Hətta Obama administrasiyası belə bir şey etməyib.
Başqa sözlə, Tramp Putinin kuklası kimi davranmır. Özünü yaxşı tacir kimi aparır, Putindən Kimə qədər kimlə desən müzakirə apara biləcək tacir.
ABŞ prezidenti – karyerasını daşınmaz əmlak sektorunda başlayan iş adamıdır. O, ən yüksək gəlirli müqavilələr axtarışındadır.
Əlbəttə, bu strategiyanın həqiqətən, effektiv olub-olmaması müzakirə edilə bilər. Bir çox ekspert bunun əksini düşünür, amma bu, Trampın siyasətinin Putin tərəfindən diktə etdiyi anlamına gəlmir; öz fikirləri ilə diktə edilir, ancaq yanlış da ola bilər.
Bu, Putin üçün mütləq mənada yaxşı deyil. Zirvə toplantısında hətta futbol topu hədiyə edilsə də, Kreml üçün narahatlıq doğuran əsas məsələlər: sanksiyalar və Ukraynaya dair heç bir inkişaf yoxdur.
Tramp növbəti iki ildə də bizneslə məşğul olacaq və yenidən seçilsə, Rusiya prezidenti Demokratik Milli Komitə e-poçtlarının “hak”lanmasının elə də yaxşı bir fikir olmadığını düşünməyə başlaya bilər.
MilliYol.Az
Digər xəbərlər
loading...