Türkiyənin tanınmış iqtisadçısı, keçmiş millət vəkili, ”Yeniçağ” qəzetinin köşə yazarı, professor Esfender Korkmazın APA-ya müsahibəsi
- Yeni dövlət üsul-idarəsində xəzinənin nazirlik halına gətirilərək Maliyyə Nazirliyi ilə birləşdirilməsi Osmanlı və Türkiyə tarixində olmuş bir hadisədirmi? Xəzinə və Maliyyə Nazirliyinin yaradılması hansı zərurətdən meydana çıxdı? İqtisadiyyatın idarəsinin Berat Albayraka verilməsi yerli və əcnəbi sərmayədarlara hansı mesajları göndərməkdədir? Bunun davamında Mərkəzi Bankın və digər muxtar qurumların prezidentə bağlanmasına dair iddialar Türkiyə iqtisadiyyatı üçün hansı mənzərəni meydana çıxara bilər?
- Osmanlı dövlətində - 1863-cü ildə xəzinə Maliyyə Nazirliyinin tərkibində “Xəzineyi-kassa” adı altında fəaliyyət göstərirdi. Cümhuriyyət dönəmində də 1983-cü ilə qədər xəzinə Maliyyə Nazirliyinin tərkibində qalmışdı. 13 dekabr 1983-cü ildə Xəzinə və Xarici Ticarət Baş İdarəsi adı altında baş nazirin icra aparatının tabeliyinə verildi. 1993-cü ildə qurumun adı Baş nazirin icra aparatının tabeçiliyindəki Xəzinə Baş İdarəsi şəklində dəyişdirildi.
Xəzinənin Maliyyə Nazirliyi ilə eyni nazirlik içində idarə edilməsinə və idarəçiliyin adını çəkdiyiniz nazirə verilməsinə bazarın münasibəti mənfi oldu. Məzənnə yüksəldi. İşin bundan sonrakı hissəsi nazirin qəbul edəcəyi qərarlara bağlıdır. Konstitusiyanın və qanunların verdiyi vəzifə və səlahiyyətlərə uyğun olaraq, Mərkəzi Bank müstəqil olmalıdır. Belə ki;
- Türkiyə Cümhuriyyəti Konstitusiyasının 87-ci maddəsinə görə pul kəsmə səlahiyyəti Türkiyə Böyük Millət Məclisindədir. Ancaq Türkiyə Böyük Millət Məclisi bu səlahiyyəti müddətsiz şəkildə Mərkəzi Banka verib.
- Mərkəzi Bankın əsas məqsədi qiymət sabitliyinə nail olmaqdır. Bu məqsədə uyğun olaraq həyata keçirəcəyi pul siyasətini və istifadə edəcəyi vasitələri birbaşa Mərkəzi Bankın özü müəyyənləşdirir, başqa sözlə desək, Mərkəzi Bank vasitələrdən istifadə etməkdə müstəqildir.
- Mərkəzi Bankın nöqteyi-nəzərindən maliyyə sabitliyini dəstəkləyici məqsədi vardır. Bu çərçivədə Mərkəzi Bank Türkiyədəki maliyyə sisteminin sabitliyi üçün pul və valyuta bazarları ilə bağlı sistemləşdirici tədbirləri görməyə cavabdehdir.
- Mərkəzi Bank Türkiyədəki qızıl və valyuta ehtiyatlarını qorumağa və onları ölkənin mənafeyinə uyğun şəkildə idarə etməyə cavabdehdir.
- Mərkəzi Bank fondların və qiymətli kağızların etibarlı və sürətli şəkildə yer dəyişdirmələri və öz qarşılıqlarını tapmaları üçün yeni sistemlər yaratmaq, yaradılmış və yaradılacaq olan sistemlərin fasiləsiz şəkildə işləməsinə nail olmaq, nəzarətdə saxlamaq və lazımi sistemləşdirmələri hazırlamağa cavabdehdir.
Nəticə etibarilə əgər siyasi müdaxilə olarsa, Mərkəzi Bank öz vəzifəsini yerinə yetirə bilməz və indiki durumda olduğu kimi, iqtisadi sabitlik pozular.
- Keçən həftə beynəlxalq kredit dərəcələndirmə qurumu olan “Fitch” Türkiyənin kredit reytinqini yenidən aşağı saldı. Daha sonra “Moody”s iyun ayının axırında banklardakı problemli kredit miqdarında sərt artım olduğunu bildirdi. Bunlarla bağlı fikrinizi öyrənə bilərikmi?
- Türkiyənin 16 ildəki cari kəsiri 600 milyard dollara çıxdı, xarici borc 470 milyard dollara yüksəldi. İki il əvvələ qədər gələn “isti” pul və birbaşa investisiyalar xeyli azaldı. Bu şərtlərdə xaricdən maliyyələşdirmə riski meydana çıxdı. Bu durumu davam etdirmək mümkün deyil. Bundan da o tərəfə çətin tapılan və xammal istehsalına söykənən bir istehsal yapısı yarandı. Valyuta problemi olanda xarici borcların ödənməsində problem yaşanar və bundan əlavə, idxalat və istehsal da azalar.
- 2016-cı ilin fevralında “Varlıq Fondu” yaradılanda şərhlərinizi almışdıq. Gəldiyimiz nöqtədə Türkiyə iqtisadiyyatının inkişafı baxımından “Varlıq Fondu”nun hansı rolu vardır?
- Təəssüf ki, tam bir fiasko yaşandı. Beynəlxalq iqtisadi münasibətlərdə “bic” fikirlər və arxadan fırlanmaq həmişə uğursuz olur.
- Türkiyə iqtisadiyyatındakı kövrəkliyə dair Beynəlxalq Valyuta Fondunun son təsbitləri barədə nə demək istərdiniz?
- Təkcə Beynəlxalq Valyuta Fondu deyil, BMT də daxil olmaqla, bir çox beynəlxalq qurum ən “kövrək” iqtisadiyyatları açıqladı. Bu ölkələrin arasında həmişə Türkiyə də var. ”Kövrəklik” xarici maliyyə riskini artırdı. Buna görə də Türkiyənin kredit riskini göstərən faktorlar başqa ölkələrlə müqayisədə çox yüksəkdir.
- İqtisadi vəziyyətin sıxıntılı olduğu və hətta yeni bir böhranın astanasına gəlindiyi barədə danışılarkən neqativ gedişatın dayandırılması üçün Türkiyənin ən təcrübəli iqtisadiyyat professoru və şərhçisi kimi hansı təcili tədbirləri təklif edərdiniz?
Uzunmüddətli strateji planlaşdırma aparılmalıdır. O planlaşdırma içində:
- Dövlət iqtisadiyyatının məhsuldarlığını artıracaq olan islahatlar aparılmalı;
- Vergi sistemində islahatlar aparılmalı;
- İdxalatdan asılı istehsal yapısını dəyişdirmək üçün üzən məzənnə sistemi dəyişdirilməli və onun yerinə nəzarətdə olan məzənnə sistemi gətirilməlidir. Bundan əlavə, daimi istehsal edilən xammalın ölkəmizdə istehsalı üçün lazımi investisiyalar olmalıdır;
- Hüququn üstünlüyü və məhkəmə müstəqilliyində Avropa Birliyi standartları tətbiq edilməlidir;
- Demokratiya və insan haqları məsələlərində, fikir azadlığında Avropa Birliyi kriteriyaları həyata keçirilməlidir.
MilliYol.Az
Digər xəbərlər
loading...