Bu gün İtaliyanın Turin şəhərində rəsmən təqsim olunan Kriştianu Ronaldu “Yuventus”u seçməsinin səbəbini açıqlayıb
“Report”un məlumatına görə, portuqaliyalı hücumçu “Qoca Sinyora”nı dünyanın ən yaxşı klublarından biri adlandırıb. O, ölçülüb-biçilmiş qərar verdiyini vurğulayıb: “Dostlarım və komanda yoldaşlarım bu klubun mənə uyğun olduğunu çoxdan deyirdilər. Qərarı asanlıqla qəbul etdim. Axı İtaliyanın ən böyük klubunu seçmişəm. Əlbəttə, Çempionlar Liqasının ilk 1/4 final matçı zamanı Turində alqışlanmağım xatirimdədir. Oyunumun belə qiymətləndirilməsi gözəl hissdir. Ümidvaram ki, fanatların bu diqqətinin qarşılığını verə biləcəyəm. Bu gün səhər hava limanına gələn bütün azarkeşlərə də təşəkkürümü bildirirəm. “Yuventus” əla məşqçi heyəti və rəhbərliyə malik klubdur. Bu amil də qərarımda rol oynadı”.
Ronaldu Çempionlar Liqası, İtaliya çempionluğu və digər mükafatları qazanmaq üçün vuruşacaqlarını dilə gətirib: “Başa düşürəm ki, rəqabət böyük olacaq. Lakin biz soyuqqanlılığımızı və konsentrasiyamızı qorumalıyıq. Çünki Çempionlar Liqasını qazanmaq asan deyil. Ümidvaram ki, yeni komandama köməyim dəyəcək. Əvvəllər “Yuventus” qələbənin bir addımlığında olub. Lakin son addım çatmayıb. Hətta finala çıxırsansa belə, bu, qələbə qazanacağın demək deyil. Ümidvaram ki, komandama uğur gətirəcəyəm”.
Təcrübəli futbolçu deyib ki, 2017-2018 mövsümündə Çempionlar Liqasının qalibi olduqdan sonra “Real Madrid”dəki gələcəyi ilə bağlı açıqlama verərkən, “Yuventus”a keçəcəyini bilmirmiş: “Mənim yaşda oyunçular adətən Qətərə və ya Çinə gedirlər. “Yuventus” rəhbərliyinə minnətdaram ki, böyük klubda oynamağa davam edəcəyəm. Onlar mənim barəmdə düşünür, mənə inanırdılar. Hazırda fiziki, emosional və psixoloji baxımdan yaxşı vəziyyətdəyəm. Burada olmaqdan qürur duyuram”.
Oynamaqdan zövq aldığını deyən Ronaldu “Düşünmürəm ki, futbolda daha nəyəsə nail ola bilərəm. Hələlik kifayət qədər gəncəm. Yarışmaqdan xoşum gəlir. Bunu hər yerdə – “Sportinq”də də, “Mançester Yunayted”də də, “Real Madrid”də də sevmişəm, indi də “Yuventus”da davam etdirəcəyəm. Futbol oynamağa yenicə başlayanda bu qədər mükafatı arzulaya da bilməzdim” söyləyib.
33 yaşlı forvard “Real Madrid”i tərk etməsindən təsirlənmədiyini də dilə gətirib: “Bu klubda işimiz əla idi. Madriddə 9 gözəl il keçirdim. Lakin indi həyatımda yeni dövr başlanır. “Real Madrid” azarkeşlərinə ürəkdən minnətdaram. Artıq yeni məqsədlərə köklənmək lazımdır. Yüksək səviyyəli oyunçu olduğumu sübut etməyə çalışacağam. Səylə çalışmaq niyyətindəyəm, çox ambisiyalıyam”.
Ronaldu “Yuventus”la tarix yazmaq istədiyini vurğulayıb: “Çətin tapşırıqlar xoşuma gəlir. Hər şeyin yaxşı alınacağına ümidvaram. A Seriyasında oynamağın çətin olduğunu anlayıram. Taktiki nüanslar da vacibdir. Lakin yeni nə iləsə üz-üzə qalmaqdan xoşum gəlir. Çətin olsa da, karyeramda əvvəllər də belə sınaqlar olub. Oturub əvvəlki uğurlarla yaşamaq mənlik deyil. İrəliyə, yeni qələbələrə doğru getmək istəyir, bunu bacaracağıma inanıram. Komanda yoldaşlarıma da inanıram”.
Qeyd edək ki, Kriştianu Ronaldu “Yuventus”la iyulun 10-da 4 illik müqavilə bağlayıb. “Real Madrid” bu transferdən 112 milyon avro qazanacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...