Köhnə rejimin biznesmenləri isə ölkədən qaçır
Ermənistanda 2008-ci ilin martın 1-də baş verən hadisələrin yenidən təhqiq olunmasına start verilib. Erməni mətbuatı bu işin əvvəl-axır Qarabağ klanının, daha doğrusu, onun iki başlıca nümayəndəsi - keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın axırına çıxacağını yazır.
Xatırladaq ki, Ermənistanda 2008-ci ilin fevralın 19-da keçirilən prezident seçkilərində Mərkəzi Seçki Komissiyası tərəfindən 53%-lik səslə Serj Sərkisyan qalib elan olunmuş, onun əsas rəqibi 22%-lik səs aldığı bildirilən Levon Ter-Petrosyanın tərəfdarları seçkidə saxtakarlıq törədildiyini bildirərək kütləvi aksiyalar seriyası təşkil etmişdilər.
Nəhayət, martın 1-də hökumət qüvvələri ordu və polisin köməyi ilə müxalifətin mitinqini dağıtmağa müvvəffəq olmuşdu. Həmin hadisələrdə ən az 8 nəfərin həlak olduğu, 250-dən çox insanın yaralandığı bilinir. 1 mart aksiyasından sonra minlərlə müxalifətçi, o cümlədən Ermənistanın indiki baş naziri Nikol Paşinyan da həbs olunmuşdu.
İndi Nikol Paşinyan özü hakimiyyətdədir və rəqiblərindən qisas almaq fürsətini əlindən qaçırmır.
Paşinyanı müdafiə edən erməni mediası isə hadisələrdə əli olan və həbs olunması ehtimalı yüksək sayılan bütün keçmiş hakmiyyət nümayəndələrinin siyahısını tutur.
Artıq 1 martda kütlə üzərinə atəş açmağa əmr edən keçmiş müdafiə naziri Mikael Arutunyanın axtarışa verildiyi məlumdur. İyul ayının 25-də isə həmin vaxt hələ prezident səlahiyyətlərini icra edən Robert Köçəryan şahid olaraq istintaqa dəvət edilib.
“1in.am” saytının yazarı Qarnik Gevorkyan həmin hadisələr zamanı ölkədə fövqaldə vəziyyət rejimini tətbiq edən dövrün parlamenti və onun sədri Tiqran Torosyanı məsul tutur. Gevorkyanın fikrincə, bunun sayəsində bəzi deputatların toxunulmazlığına son verilmiş və onların həbsinə şərait yaradılmışdı.
Gevorkyan bu siyahıya keçmiş xarici işlər naziri Vardan Oskanyanı da aid edir: “Məhz Oskanyan xarici aləmdə Ermənistan hakimiyyətinin vəhşiliyinə haqq qazandıraraq onu legtimləşdirməyə və iqtidarın beynəlxalq birlik qarşısındakı cinayətlərini ört-basdır etməyə çalışıb”.
Yazıda baş qərargahın keçmiş rəisi, sonradan müdafiə naziri olmuş Seyran Ohanyana da yer ayrılıb. Çünki Ohanyan ordunun prosesə cəlb olunmasında və dinc nümayişçilər üzərinə atəş açılmasında əsas məsul şəxslərdən biridir.
Gevorkyan yazısında hadisələrdən sonra 150 Ermənistan vətəndaşını həbslərə göndərən məhkəmə sistemini və onun onlarla hakimini yaddan çıxarmayıb.
Yazıda dinc nümayişçiləri silahlı cinayətkarlar olaraq təqdim edən, onların üzərinə atəş açılmasına haqq qazandıran və ictimai rəylə manipulyasiya həyata keçirən Ermənistanın İctimai televizisiyasının o vaxtkı rəhbərliyi də təqsirkarlar sırasına daxil edilib.
Təbii ki, bütün bunlar keçmiş rejimin köhnə dayaqları, xüsusilə də iş çevrəsini qorxutmaya bilməz.
Mətbuat köhnə sistemlə sıx bağları olan biznes nümayəndələrinin ölkədən qaçmaq prosesinin sürətləndiyini yazır.
1in.am saytının digər yazarı Avetis Babacanyanın qeyd etdiyinə görə, Ermənistan parlamentinin deputatı Aşot Arsenyan özünə məxsus “Cermuk” mineral suları zavodunu satmaq niyyətindədir. Əsas alıcının isə Rusiyanın nüfuzlu maliyyə qruplarından biri olduğu bilinir.
“İrəvan siti” supermarketlər şəbəkəsinin sahibi, şəkər və yağ inhisarçısı Samvel Aleksanyan isə artı Rusiyanın “Maqnit” mağazalar şəbəkəsi ilə danışıqlar aparır.
Keçmiş rejimə yaxın daha bir oliqarx, “SAS” supermarketlər zəncirinin sahibi Artak Sərkisyanın da ərəb alıcılarla sıx təmasda olduğu xəbər edilir.
MilliYol.Az
Digər xəbərlər
loading...