Erkan Özoral: “Bütün Türk milləti 15 iyul gecəsində öz gələcəyinə sahib çıxdı”
Əli Həsənov: “15 iyulda Türkiyədə xalqa silah çəkən yolunu azmış, azğınlaşmış insanlar xalqın iradəsi ilə formalaşmış hakimiyyəti devirməyə çalışırdılar və sonda məğlubiyyətə düçar oldular”
Türkiyənin Bakıdakı səfirliyində FETO adlanan terror qruplaşması tərəfindən 15 iyul 2016-cı ildə Ankarada və İstanbulda baş vermiş dövlət çevrilişinə cəhdlə bağlı anım tədbiri keçirilib.
Musavat.com xəbər verir ki, tədbirdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, azərbaycanlı deputatlar, media kapitanları, müxtəlif ictimai birliklərin nümayəndələri iştirak edirlər.
İlk olaraq şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra professor Kamil Günəş 15 iyul şəhidlərinin ruhuna "Fəth surəsi"ni oxuyub.
Daha sonra Türkiyənin TRT kanalının 2016-cı ilin qanlı 15 iyul gecəsindən hazırladığı qısa film təqdim olunub. Filmin nümayişinin arıdınca çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxışında deyib ki, 15 iyulda Türk milləti kiminsə onun əvəzinə qərar verməsini qəbul etmədiyini bütün dünyaya elan edib: "İlk olaraq anım tədbirində bizimlə birlikdə olduğunuz üçün hər birinizə təşəkkür edirəm. Az öncə izlədiyimiz film bizə 22 saatlıq bir əməliyyatı anlatdı. Lakin bu 22 saatın arxasında 40-50 illik xaincəsinə çalışma var. Dəyərli qonaqlar, hər ölüm insana hüznlü gələr. Ancaq gözləmədiyimiz, sıradan olmayan ölümlər eyni zamanda bizə acı verir. Bizlər 15 iyul 2016-cı ildə 251 nəfər qardaşımızı şəhid verdik. Bu gün onları itirdiyimiz üçün üzülürük. Lakin həm də onları cənnətə göndərdiyimiz üçün sevincliyik və qürurluyuq. Bütün Türk milləti 15 iyul gecəsində öz gələcəyinə sahib çıxıb. Türk milləti heç kimin onun taleyi barəsində qərar verə bilməyəcəyini bütün dünyaya isbat edib. Ona görə də 15 iyul bizim bir milli dastanımızdır. Bu dastanla nə qədər qürur duysaq, yenə də azdır. 15 iyulu planlayanlar bir xain şəbəkəsi idi. Xain planları üçün dinimizi belə, istismar etməkdən çəkinmədilər. Onlar İslam dinindən sui-istifadə etdilər. Hansı ki, İslamdan anladıqları bizim anladığımızdan çox fərqliydi. Bu adamlar nə müsəlman idilər, nə İslam dininə mənsub idilər, nə də bu dinlə yaxından-uzaqdan heç bir əlaqələri yox idi. Onlar bizim gənclərimizi aldatdılar, dövlətimizin qurumlarını zəiflətməyə çalışdılar, bu dövlətin təməlləri ilə oynamağa cəhd etdilər. Bunun üçün də yalan, hiylə ilə hər cür şərəfsizliyi etdilər. Çünki bu xainlər haqsızdırlar, satılmışlardır. Lakin millətimiz demokratiyasına sahib çıxdı. Heç kim Türk millətini zəncirlə bağlaya bilməz. Hər kəs bilsin ki, Yer üzü var olduqca, bu millət dövlətinə və vətəninə sahib çıxacaq. Biz bu vətəni, dövləti şərəfsizlər sürüsünə heç zaman buraxmarıq. Millətimiz dövlətimizə sonuna qədər sahib çıxacaq. Bütün millətlər bitər, ancaq Türk milləti yenə var olar”.
Türkiyə səfiri ötən günlərdə Gəncədə baş verən hadisələr barəsində də danışdı: “Bu günlərdə yenə də İslam dini ilə, müsəlmanlıqla heç bir əlaqəsi olmayan bəzi ünsürlər, Azərbaycanda hadisələr törətdilər. Eynilə 15 iyulda olduğu kimi, bu xainlər də bilməlidirlər ki, Türkiyə və Azərbaycan dövləti düşmənləri ilə baş edə biləcək gücdədir. Biz bu FETÖ-lərin, bütün şərəfsizlərin necə yox edildiyini birlikdə görəcəyik. O gün heç də uzaqda deyil. Buna ürəkdən inanıram”.
Daha sonra yenə də həmin gecədən hazırlanan qısa filmlər təqdim edildi. Bunun ardınca isə söz Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova verildi.
Musavat.com-un məlumatına görə, Əli Həsənov çıxışı zamanı söyləyib ki, həmin gecə Türkiyənin tarixinə yeni bir qəhrəmanlıq səlnaməsi həkk edildi: “Düşünürəm ki, Türk xalqı yaşadıqca 251 şəhidin xatirəsi də böyük ehtiramla yad ediləcək. Elə bir neçə gün bundan öncə Azərbaycanın Gəncə şəhərində dövlətçiliyimizə əl qaldırmaq istəyən xainlər dövlətimizin iki polis zabitini qətlə yetirdilər. Onlara da Allahdan rəhmət diləyirəm. Bu şəxslər də Azərbaycanın polis tarixinə öz adalarını qızıl hərflərlə həkk etmiş zabitlərdir. Özünüz də müşahidə etdiniz ki, nə qədər oxşar taleyimiz var. Burada oturan hər kəs şahiddir ki, biz 2016-cı ilin 15 iyul gecəsində Türkiyədə yaşananları necə ürəkağrısı ilə izlədik. Səhərə qədər demək olar ki, Azərbaycan xalqı, iqtidarı yatmadı. Prezident İlham Əliyev səhərə qədər bu hadisələri həyəcanla seyr etdi və nəinki seyr etdi, öz köməyini əsirgəmədi, Türkiyə dövlətinə, hökumətinə Azərbaycanın, onun mövcud iqtidarının və xalqımızın nə edə biləcəyi ilə bağlı mesajlar göndərdi”.
Ə.Həsənov Türkiyədəki hadisələrin 20 Yanvar hadisələri ilə oxşarlığına da diqqət çəkib: “Sadəcə, bir fərq ondadır ki, Türkiyədə bu hadisəni törədənlər türk idilər, yolunu azmış, dövlətçiliyinə, xalqının iradəsinə qarşı çıxan türk əsgərlərinin bir qismi idi. Bunu da təşkil edən xainlər idi. 1990-cı ildə Bakıda isə əhalini qanına qəltan edənlər erməni, erməni xislətli yad əsgərlər idi. O zaman Azərbaycan xalqının qanını axıdanlar və iki il bundan öncə Türkiyədə türk əsgərinin qanını tökənlər eyni xislətli insanlar idi. Hər ikisi milli iradəyə qalib gəlmək istəyirdilər. Millətin üzərinə getmək olar, onun iradəsinin üzərinə tanklar, hərbi təyyarələr qaldırmaq olar, amma kimsəyə nəsib olmayıb ki, milli iradəyə qalib gəlsin. Milli iradə ilə milli lider, milli iqtidar birlikdə olanda bu, mümkün deyil".
Ə.Həsənov onu da xatırladıb ki, 1994-cü ilin oktyabr və 1995-ci ilin mart ayında Azərbaycan xalqının iradəsini ifadə edən Prezident Heydər Əliyevi devirmək üçün təxminən 15 iyul hadisələrinə oxşar hadisələr baş verib: “O zaman da Azərbaycan ordusunun, Daxili Qoşunlarının, polisin tərkibində yuva salmış, öz doğru yolundan sapdırılmış Azərbaycan vətəndaşları dövlətə və dövlətçiliyə silah yönəltdilər. Bəs, niyə qalib gələ bilmədilər? Çünki Heydər Əliyev o qüvvələrin qarşısına xalqın iradəsi ilə çıxdı. Heydər Əliyev çağırış etdi ki, Azərbaycan dövlətini dəstəkləyən vətəndaşlar meydanlara çıxsın. Yüz minlərlə vətəndaş öz sinəsini sipər edərək, bu silahlı, azğınlaşmış quldur dəstələrinin qarşısına çıxıb, onları tərksilah etdi. Bir sözlə, tarixdə millətin iradəsinə qalib gələn qüvvə yoxdur və yəqin ki, bundan sonra da olmayacaq. Xüsusən də bu millətin iradəsi onun dəstəklədiyi liderin simasında ifadə olunursa... İki il əvvəl - 15 iyulda Türkiyədə xalqa silah çəkən yolunu azmış, azğınlaşmış insanlar xalqın iradəsi ilə formalaşmış hakimiyyəti devirməyə çalışırdılar və sonda məğlubiyyətə düçar oldular. Elə 1994-1995-ci il hadisələri də xalqın iradəsini ayaqlar altına almaq, Heydər Əliyev hakimiyyətini devirmək cəhdi idi. Ulu öndərlərimizin, böyük Atatürk və böyük Heydər Əliyevin təməlini qoyduğu "tək millət, iki dövlət" formulu həmin günlərin sınağından şərəflə çıxdı və öz məğlubedilməzliyini bir daha dünyaya nümayiş etdirdi. Yaşasın Türkiyə və Azərbaycan dostluğu! Allahdan şəhidlərimizə rəhmət, qəhrəman xalqlarımıza can sağlığı diləyirəm”.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...