“Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız!” (Hucurat, 10)
İslam dininin ən səciyyəvi xüsusiyyəti vəhdət dini olmasıdır. Bu dini təbliğ üçün göndərilən Həzrət Məhəmməd (s) bir tərəfdən pak İslam əqidəsinin naxışlarını insanların könlünə həkk etmişdir. Digər tərəfdən isə bu əqidə ətrafında cəm olan insanları, dil, irq və millət fərqi qoymadan “din qardaşlığı” adı altında birləşdirməyə nail olmuşdur. İslamın ümmət prinsipi praktiki həyata məhz bu şəraitdə tətbiq olunmuşdur. Bunun ən canlı nümunəsi də hicrətin ilk illərində Məkkədən Mədinəyə pənah aparan mühacirlər ilə ənsar arasında yaranmış qardaşlıq bağıdır. Tarihdə başqa bir nümunəsi olmayan sözügedən qardaşlıq, aralarında qan bağı olmasa da insanların bir-birinə qarşı maddi və mənəvi dəstəyinin, bir-birini qorumasının, bir sözlə ictimai məsuliyyətin və əsl humanizmin təzahürüydü.
Vəhdətin mənası birlikdir. Eyni duyğu, eyni hiss, eyni qəlb, eyni fikir və eyni inanc üstündə köklənmiş müsəlmanların tək vücud halında birlikdə hərəkət etməsidir. Uca Allah Qurani-Kərimdə belə buyurur: “Hamılıqla Allahın ipinə möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!” (Ali İmran, 103)
“Allahın ipi” hər şeydən əvvəl Qurani-Kərimdir. O Quran ki, təqva və səmimiyyətin əsas meyarlarını açıqlayan ilahi lütfdür. İkincisi aləmlərə mərhəmət timsalı olaraq göndərilən Həzrət Məhəmmədin (s) sünnəsidir. Sevgi peyğəmbərinin sözləri və öz həyatında tətbiq etdiyi davranışlar bu meyarların praktikadakı təzahürləridir. Üçüncüsü isə ilahi hikmətiqiyamətə qədər özü ilə daşıyaraq bütün dövrlərə yayan, Quran və Sünnənin birliyinin pak tərənnümü olan Əhli-Beytdir. Bütün bunları idrak edən bir insan nə ilahi buyruqları ələ salıb dinlərə qarşı təxribat aparar, nə təəssübkeşlik bataqlığına saplanıb özü kimi düşünməyənləri kafir elan edər, nə də saxta cənnət vədləri ilə öz vətənindən və millətindən üz döndərib məsum insanları qəddarcasına qətl edər.
Həqiqət budur ki, Allah biz insanları özümüzdən daha yaxşı tanıyır. O bizə şah damarımızdan da yaxındır. Fitrətimizi və seçim iradəmizi yaradan Odur. Fərqli düşünmək qabiliyyətini bizə verən və bu dünyadakı imtahanımız üçün Şeytanı xəlq edən yenə Odur. Çünki insanlar fərqli düşünə bilməsələr bu dünyanın bir əhəmiyyəti qalmazdı. Əsas məsələ düşüncələrdəki fərqlilik deyil, niyyətlərdəki ixlas və səmimiyyətdir. Hansı əməlin nəyə xidmət etdiyini və hansı nəticələr doğuracağını dərk etmək, Haqqı bilməkdir. Allah bizə yaxın olduğu kimi bizim də Ona yaxın olmağımızı istəyir. Bizi özünə yaxınlaşdırmaq üçün isə saysız-hesabsız nemətlər bəxş etmiş, ibadətləri buna vəsilə etmişdir. Ona yaxın olmaq ədalət və mərhəmətə yaxın olmaq, Şeytandan uzaqlaşmaq deməkdir.
Müsəlmanların iki dini bayramından biri olan Qurban bayramını da bu çərçivədə başa düşmək lazımdır. Qurban bir heyvanın qanını tökməkdən ibarət deyil. Bu ibadət daha dərin məna və hikmətləri əhatə edir. Hər şeydən öncə qurban bizi Allahdan uzaqlaşdıran bütün yüklərdən xilas olma niyyətidir; uca rəbbimizə qarşı qulluq və səmimiyyətin ifadəsidir.
Qurban bayramı təslimiyyət və sədaqətin, vəfakarlıq və həmrəyliyin, fədakarlıq və paylaşmağın adıdır. Qurban bayramında Həzrət İbrahimin (ə) sədaqəti, Həzrət İsmailin (ə) təslimiyyəti və ən nəhayət Həzrət Məhəmmədin (s) mərhəməti bə bölüşmə əxlaqı vardır. Allah yolunda xərcləmə düşüncəsini canlı tutan bu bayram bayram edə bilməyənləri bayram sevincinə şərik edər. Uca Allahın buyurduğu kimi qurbanlar məhz bu məntiqlə kəsilməlidir: “Qurbanların nə ətləri, nə də qanları Allaha çatar, Allaha çatan ancaq sizin təqvanızdır.” (Həcc, 37)
Nəticə etibarilə, Allah müsəlmanlara ən mükəmməl inanc sistemini bəxş edib. Bu inancın doğru qəbul etdiyi yol bəşəriyyətə ancaq izzət, şərəf, əxlaq, ədalət və heysiyyət gətirə bilər. Müsəlmanlar bu yolda addımlayaraq çox gözəl bir vəhdət nümunəsi göstərə bilərlər. Hər bir müsəlman öz məzhəbinə uyğun qaydaları sərbəst şəkildə tətbiq etməklə birlikdə ümumi mövzularda digər din qardaşları ilə vəhdət yarada bilər. Bunun üçün isə ixlaslı iman ilə birlikdə elmi və əqli mühakiməni unutmamaq vacibdir.
“Həzrəti Cərcis Peyğəmbər Ziyarətgah”ının rəhbəri və Beyləqan rayonun axundu Hacı Mirsəccad Ağa
Digər xəbərlər
loading...