“Azərbaycandan istədiklərini ala bilməsələr, payızda daha böyük təxribatlara cəhd olacaq”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edirik:
- Qüdrət bəy, bu gün hər kəsi düşündürən bir məsələ var: Gəncədəki olaylar niyə təşkil olundu və bu olayları bitmiş hesab etmək olarmı?
- Zənnimcə, hadisələrin baş verməsində bir çox səbəblər təhrikçi rol oynadı. Məsələn, Rusiya yəqin ki, silah satışına dair yeni müqavilələr imzalamaq istəyir. Bundan başqa, Azərbaycanın Qərblə, xüsusilə ABŞ-la münasibətlərini genişləndirmək və gücləndirmək səyləri, İsraillə hərbi əməkdaşlıq da qonşularda qıcıq yaradır. Başqa bir səbəb isə, çox güman ki, ictimaiyyətin Qarabağın azad olunmasını daha israrla tələb etməsidir. Bu hadisələri təşkil etməklə bizə ismarıc yolladılar. Düşünürəm ki, hadisələr hələ bitməyib. Baş verənlər əsas döyüş qabağı düşmənin necə cavab verəcəyini yoxlamaq üçün aparılan kəşfiyyat döyüşünə bənzəyir. Azərbaycandan istədiklərini ala bilməsələr, payızda daha böyük təxribatlara cəhd olacaq. Xalqın iqtidara qarşı çıxmadığını görüb, bu dəfə hansısa bölgəni terrorçu qruplar (“yaşıl adamcıqlar”) vasitəsilə mərkəzi hökumətin nəzarətindən çıxarmağa və dövlət çevrilişinə cəhd edə bilərlər. Doğrudur, xalq iqtidara qarşı çıxmadı, amma bu yetərli deyil və xalqın daha fəal iqtidarın müdafiəsinə qalxması lazımdır. 1993-cü il iyunun 4-də baş verən qiyamın verdiyi dərsləri unutmalı deyilik. Nəzərə alsaq ki, kənarda və elə iqtidarın daxilində də oyuncaq prezident olmaq istəyən kütbeyin insanların sayı yetərincədir və təəssüf ki, həm də Azərbaycan türklərinin dövləti olan İran Azərbaycana münasibətdə həmişə Rusiyanın mövqeyindən çıxış edir, deməli, bizi ciddi sınaq gözləyir.
"Hökumət qarşıdakı aylarda ciddi və düşünülmüş qərarlar qəbul etməli, Rusiya və İranla eyhamlarla, üstüörtülü yox, açıq danışmalı, beynəlxalq birliyi baş verənlər barədə məlumatlandırmalıdır"
Ona görə də hökumət qarşıdakı aylarda ciddi və düşünülmüş qərarlar qəbul etməli, Rusiya və İranla eyhamlarla, üstüörtülü yox, açıq danışmalı, beynəlxalq birliyi baş verənlər barədə məlumatlandırmalıdır.
- Sizcə, daha hansı qərarlar qəbul oluna bilər?
- İlk növbədə icra hakimiyyətİ başçılarının islahatlar yolu ilə səlahiyyətləri azaldılmalı, ölkədə mülkiyyət toxunulmazlığı təmin olunmalı, sahibkarların aşağı faizli kreditlər almasına imkan yaradılmalı, sosialist təsərrüfat sistemindən əl çəkmək nə qədər çətin olsa da, həmişəlik imtina olunmalı, böyük özəlləşdirməyə gedilməli, ən başlıcası isə Prezident Administrasiyasını hüquqi islahatlar aparmaq potensialında olan kadrlarla gücləndirməklə məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və qanunun aliliyinin təmin olunması istiqamətində mühüm addımlar atılmalıdır. Əyalətdə oturub özünü hakimiyyət təmsilçisi kimi yox, quldurbaşı kimi aparan, xalqın hədsiz nifrətini qazanmış, marıqda məqam gözləyənlər əvvəlki xidmətlərindən və kimliyindən asılı olmayaraq, nə qədər gec deyil, ifşa olunub iqtidardan qovulmalıdırlar. Onların sosial gərginlik və siyasi böhran yaradılmasında iştirakına imkan vermək olmaz.
- Dediyiniz qərarlar qəbul olunmasa, bizi nə gözləyir?
- O zaman ya birləşmiş xarici və daxili düşmənlərə müqavimət göstərib məğlub oluruq, nəticədə ölkə ya vətəndaş müharibəsi ilə dağılır, ya da düşmənlər istədiyi adamı hakimiyyətə gətirirlər. Və yaxud düşmənlərə boyun əyib töycü veririk, onların müəyyənləşdirdiyi siyasətin icrası ilə məşğul oluruq, Qarabağ haqqında isə yalnız danışmaq səlahiyyəti alırıq. Amma bu da davamlı sabitliyə və iqtidarın tam toxunulmazlığına təminat verməyəcək, çünki həmişə ağalara daha “yaxşı” təkliflər verən tapılacaq.
- Bildiyimiz kimi, Türkiyənin Rusiyadan C-400 raket kompleksləri almasına görə NATO ilə qardaş ölkənin arasında gərginlik yaşanır. Bu problemi Türkiyə necə çözə bilər?
- Azərbaycan bu məsələdə Türkiyəyə öz köməyini təklif edə bilər.
"Türkiyənin F-35 təyyarələrini ala bilməsi və NATO üzrə müttəfiqləri ilə münasibətlərinin korlanmaması üçün həmin raket komplekslərini Türkiyə və Rusiyanın ayıracağı kreditlər hesabına Azərbaycan ala bilər"
Belə ki, Türkiyənin F-35 təyyarələrini ala bilməsi və NATO üzrə müttəfiqləri ilə münasibətlərinin korlanmaması üçün həmin raket komplekslərini Türkiyə və Rusiyanın ayıracağı kreditlər hesabına Azərbaycan ala bilər. Türkiyə NATO üzvü olaraq qalmalıdır. Türkiyə NATO-dan çıxarılarsa, ona münasibət bu gün onu şirnikləndirən dövlətlər tərəfindən qısa müddət sonra dəyişəcək.(APA)
MilliYol.Az
Digər xəbərlər
loading...