Qarabağ müharibəsinin veteranları ANS-lə bağlı prezident İlham Əliyevə müraciət edib. MilliYol.Az 150 veteranın imzaladığı müraciəti olduğu kimi təqdim edir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə,
Qarabağ müharibəsinin veteranları adından
AÇIQ MƏKTUB
Möhtərəm Ali Baş Komandan!
İlk növbədə, icazə verin, Sizi və ailənizi Müqəddəs Qurban Bayramı münasibətilə səmimi qəlbdən təbrik edək, can sağlığı arzu edək.
Biz, Qarabağ müharibəsində vətənimiz uğrunda mübarizə aparmış döyüşçülər, bu gün narahatlıq hissi keçiririk. Bu narahatlıq dövlətçiliyimiz üçün keçirdiyimiz narahatlıqdır. Hər zaman öz vətəndaşlıq missiyası ilə Azərbaycan dövlətinin yanında olmuş, ona sədaqətlə qulluq etmiş ANS televiziyası, ANS radiosunun yoxluğu ilə barışa bilmirik. Biz ANS-i yaxşı tanıyırıq. Hələ mərhum telereportyor, Milli Qəhrəman Çingiz Mustafayevin Qarabağ müharibəsi zamanı hazırladığı reportajlar, Xocalı həqiqətlərini dünyaya tanıtması o zaman biz döyüşçüləri ruhlandırır, hər kəsi silaha sarılaraq, vətən torpaqlarının müdafiəsinə qalxmağa səsləyirdi. Vahid Naxışın, Mir Şahinin hazırladıqları video süjetlər Azərbaycanın Ən Yeni Tarixi idi və bu tarixin bu gün hər bir məqamı “ANS-in Qızıl Fondu”nda əbədi olaraq həkk olunub. Biz, Qarabağ döyüşçüləri, hər gün o materialları ANS-dən izləyirdik. Azərbaycan döyüşçüləri ölümlə üz-üzə dayandıqları anlarda onların yanında olan həqiqət ANS-in kamerası idi. Allah şükürlər olsun ki, bu gün xalqımız məhz ANS-in sayəsində Qarabağ Müharibəsinin xronikasını təkcə sənədli kadrlarda deyil, eyni zamanda bədii ekranda da görmək imkanına müvəffəq olub. Vahid Mustafayevin Qarabağda gördükləri əsasında lentə aldığı “Yaddaş”, “Xoca” bədii filmləri Azərbaycan təbliğatı üşün kəsərli silaha çevrilib.
Bu gün ANS efirdə yoxdur... Hər zaman gözümüzün qabağında və qulağımızın dibində olan televiziya və radio qurumunun bağlanması ilə heç cür barışa bilmirik. Biz öz ANS-imiz üçün sadəcə, darıxırıq. Çünki onların kim olduğunu bilirik. Onları həmişə öz yanımızda görmüşük; yəni Azərbaycan dövlətinin yanında görmüşük. Onların vətən qarşısındakı xidmətləri sağlamlıq, məhrumiyyətlər, çətin sınaqlar bahasına başa gəlib. Bu gün ANS-çilər növbəti sınaqla baş-başa qalıblar. Amma bu sınaqda onların tək olmadıqlarına əminik. Biz əminik ki, Siz ANS-i tək qoymayacaqsınız. İnanırıq ki, Prezidentimizin müdrikliyi, məsələyə ədalətli münasibəti sayəsində ANS tezliklə öz fəaliyyətini bərpa edəcək. Müharibə şəraitində yaşayan ölkəmizin, hər bir Azərbaycan vətəndaşının ANS-ə ehtiyacı var. Sizdən çox xahiş edirik, cənab Prezident! Məsələyə müdaxilə edin. Azərbaycanın ilk müstəqil televiziya və radiosunu bağlamağa qoymayın.
Mohtərəm Ali Baş Komandan!
Sizə inanır və ANS-lə bağlı müsbət əmrinizi gözləyirik!
Hörmətlə,
Sizin əsgərləriniz
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...