"Rusiya İran və Azərbaycanı birləşdirəcək elektrik enerji mübadiləsi körpüsünün yaradılmasını istəyir"
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əliəkbər Vilayəti Rusiya səfərinin yekunlarına dair Tehranda keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, ötən 2 il ərzində Rusiya ilə İran arasında 60 əməkdaşlıq sənədi imzalanıb və hər iki ölkə milli valyuta ilə ticarət mübadilələrini aparmaqda maraqlıdır. Vilayətinin sözlərinə görə, İranın Bəndər Abbas şəhərində 1400 meqavatlıq 4 elektrik stansiyası tikilib: "Ruslar istəyirlər ki, İran, Azərbaycan və Rusiya arasında elektrik enerjisi mübadiləsi körpüsü yaradılsın və lazım olanda, bu körpü vasitəsilə bu üç ölkənin elektrik enerjisinə olan ehtiyacı təmin olunsun".
Müşavir qeyd edib ki, nüvə elektrik stansiyasının II fazasının təməlinin qoyulması 2019-cu ilin ikinci yarısında baş tutacaq. Bu stansiyanın istehsal gücü 1000 mbv-dır.
"Şimal-Cənub dəhlizinin inkişafı ilə bağlı danışıqlarda Rusiya tərəfi təklif etdi ki, elektrikləşdirilməsi həyata keçirilən İncəburun- Gərmsar dəmir yolu Bəndər Abbas-Bafq-Sərəx dəmir yoluna birləşdirilsin. Əgər bu baş verərsə, Peterburq və Çabahar dəhlizinin böyük bir hissəsi inkişaf etdirilmiş olacaq", - deyə o vurğulayıb.
Vilayəti onu da bildirib ki, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı yaxın zamanlarda Qazaxıstan paytaxtında 5 ölkənin iştirakı ilə iclas keçiriləcək: "Astanada keçiriləcək görüşün özəlliklərindən biri odur ki, Xəzəryanı ölkələr arasında bir sənəd imzalanacaq ki, üçüncü ölkələrin Xəzərdə iştirakına icazə verilməsin. Bu çox həssas məsələdir. ABŞ NATOvasitəsilə regionda körpü yaratmaq istəyir. İran, Rusiya və digər üç ölkə ABŞ-ın bu yuxusunun çin olmasına icazə verməyəcək".
İran və Rusiyanın Suriyadakı əməkdaşlığına gəldikdə isə Vilayəti bildirib ki, bir çoxları Rusiyanın İranın Suriyadakı iştirakına qarşı olduğunu desələr də, Putin iki ölkənin regiondakı əməkdaşlığının davam etdiriləcəyini söyləyib.
Suriya ilə bağlı Tehranda iclas keçiriləcəyini deyən Ə. Vilayəti bildirib ki, iclasda Rusiya və Türkiyə prezidentləri iştirak edəcək.
Digər xəbərlər
loading...