Azərbaycanın imicinə zərbə vurmağa, ölkə daxilində çaşqınlıq, xaos yaratmağa çalışan qüvvələr istəklərinə nail ola bilmədilər
Axar.az xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində Gürcüstan parlamentinin deputatı Azər Süleymanov söyləyib.
Deputat deyib ki, pozucu qüvvələr öz məqsədlərinə çatmaq üçün hətta, dini etiqad məsələlərindən də istifadə etməyə çalışırlar. Tarixən Azərbaycan çoxmillətli, tolerant ölkədir. Azərbaycanda insanlar bərabər şəraitdə, bərabər hüquqda, azad şəkildə öz dini etiqadlarını həyata keçirirlər. Azərbaycan çox mühüm regional layihələr həyata keçirir və nailiyyətlər qazanır. Lakin bəzi pozucu qüvvələr zaman-zaman Azərbaycanda sabitliyi pozmağa, xaos, vətəndaş itaətsizliyi yaratmağa çalışıblar. Bunun üçün din məsələsindən belə istifadə etməkdən çəkinməyiblər. Gəncədə törədilən son hadisələr bunu bir daha sübut etdi. Amma onlar unudurlar ki, Azərbaycan xalqı zamanın daha ağır sınaqlarından alnıaçıq çıxıb.
Deputat qeyd edib ki, Azərbaycan bu gün regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat, logistik layihələrin əsas təşəbbüskarı və lokomotividir. Regionda ən sabit ölkə də Azərbaycandır. Lakin bəzi qüvvələr bunu həzm edə bilmir, ona görə də Azərbaycanı sarsıtmağa çalışırlar. Amma onlar heç nəyə nail ola bilməyəcəklər. Ona görə ki, bütün sağlam qüvvələr Azərbaycan dövləti və Prezidenti ətrafında sıx birləşiblər.
A.Süleymanov deyib: “Din mənəviyyatdır, mədəniyyətdir və elmdir. Ondan siyasi məqsədlər üçün istifadə etmək mənəviyyata və əxlaqa ziddir. Heç kimin ixtiyarı yoxdur ki, insanların milli hissləri ilə oynasın. Belə çirkin oyunları oynayanlar öz layiqli cəzalarını alacaqlar”.
Digər xəbərlər
loading...