“Gəncə şəhərində baş verən qətl və təxribat hadisələri hər bir Azərbaycan vətəndaşı kimi, bizi - respublika ağsaqqallarını da ciddi narahat edir”
Bunu Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov Azərtac-a deyib. O, bildirib ki, anti-Azərbaycan qüvvələr müxtəlif vaxtlarda olduğu kimi, yenə də respublikamızda xaos və qarşıdurma yaratmağa can atır, bir sıra dövlətlərdə törətdikləri qanlı cinayətləri, böyük qırğınları Azərbaycanda da həyata keçirməyə çalışırlar: “Ancaq Azərbaycanda din pərdəsi altında gizlənərək iğtişaşlar yaratmaqda maraqlı olan bu xarici qüvvələr bilməlidirlər ki, ölkəmizə qarşı yönəlmiş bütün təxribat əməllərinin qarşısı hər zaman qətiyyətlə alınacaq və onlar öz çirkin niyyətlərinə çata bilməyəcəklər.
Ölkəmizdə ictimai-siyasi sabitliyi, dövlətçiliyin qorunmasını, əhalimizin əmin-amanlıq və təhlükəsiz şəraitdə yaşayışının təmin olunmasını canı və qanı bahasına həyata keçirən mərd və cəsarətli Azərbaycan polisi bu dəfə də məkrli qüvvələrin layiqli cavabını verdi. Lakin böyük üzüntü və təəssüf hissi ilə qeyd etmək istəyirik ki, Gəncə hadisələri zamanı bir qrup təxribatçının cinayətkar əməlləri nəticəsində iki qəhrəman polis zabitimiz şəhid oldu.
Azərbaycan ağsaqqalları radikal qüvvələrin cəmiyyətimizi iğtişaşlara təhrik etməsini qətiyyətlə pisləyərək, baş verən bu hadisələri dövlətçiliyimizə, milli mənəvi dəyərlərimizə qarşı təxribat, xalqımıza və dövlətimizə yönəlmiş terror kimi dəyərləndirirlər. Azərbaycanda təxribat törətmək istəyən qüvvələr, Vətənini və dövlətini sevməyən, kimlərinsə əlində alətə çevrilmiş insanlar bilməlidirlər ki, onların bütün məkrli əməllərinin qarşısı qətiyyətlə alınacaq. Bu xalqı, milləti çirkin əməllərlə qorxutmaq, parçalamaq olmaz”.
Digər xəbərlər
loading...