Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə və külli miqdarda pulunu ələ keçirməkdə ittiham edilənlərin növbəti məhkəməsi baş tutub
Musavat.com xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılıb. Təqsirləndirilənlər Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovdur. Məhkəmə prosesində təqsirləndirilən Aqşin Hüseynovun vəkili Gülşən Salmanova müdafiə çıxış edib. Vəkil müvəkkili barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini istəyib.
Müdafiəçi cinayətin açılmasında Aqşin Hüseynovun xidmətlərinin olduğunu diqqətə çatdıraraq ona yüngül cəza verilməsini istəyib: "Saxlandığı gündən bəri istintaqla əməkdaşlıq edib. Himayəsində iki azyaşlı uşağı var. Ailənin yeganə gəlir mənbəyi olub. Bunları nəzərə almağınızı və onun barəsində bəraət hökmünü çıxarılmasını xahiş edirik".
Bu çıxışa digər təqsirləndirilən şəxs, Şücayət Əkbərovun vəkili etiraz edib və vəkillər arasında mübahisə yaranıb. Məhkəmədə təqsirləndirilən Qoçəli Cəbiyevin vəkili də müdafiə çıxışı edib.
Vəkil bildirib ki, müvəkkili tutulan zaman sağlam olmasına baxmayaraq sonradan əlil olub. O, müvəkkilinin hazırda birinci qrup əlilliyi olduğunu söyləyib: "O, həbsdə saxlanılandan sağlamlığını itirib. Böyrək çatışmamazlığından əziyyət çəkir. Həmçinin müvəkkilimə istintaq dövründə təzyiqlər olub və ifadəni o vəziyyətdə verib. Məhkəmədə həmin ifadələrdən imtina edib. Onunla bağlı ittihamlar məhkəmə dövründə sübuta yetirilmədi. Bunları nəzərə alıb ona bəraət hökmünün verilməsini tələb edirik".
Xatırladaq ki, prokuror Şücayət Əkbərovun 18 il, Qoçəli Cəbiyevin 16 il, Zöhrab Şirinovun 17 il, Aqşin Hüseynovun isə 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Ş.Əkbərovun özü, keçmiş həyat yoldaşı və qızının adına olan bir sıra əmlakların üzərinə həbs qoyulub. Prokuror həmin əmlakların müsadirə olunmasını və Alışanova dəymiş ziyanın ödənməsinə yönəldilməsini istəyib.
Qeyd edək ki, məhkəmə zalında Aqşin Hüseynov digər təqsirləndirlən şəxslərdən ayrı şüşə qəfəsdə saxlanılır. A.Hüseynov digər təqsirləndirilən şəxslərdən fərqli ifadə verib, digərlərinin qeyd edilən cinayəti törətdiyini söyləyib. Məhkəmə gedişində də onlar arasında dəfələrlə mübahisə yaranıb.
Bildirək ki, ittiham aktında yazılır ki, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək olan dövr ərzində Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz silah, döyüş sursatı əldə edib saxlayaraq, daşıyıb-gəzdirib, başqa cinayəti gizlətmək məqsədilə, tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib. O, həmçinin A.Alışanovun 4,5 milyon manatlıq əmlakını da ələ keçirməkdə təqsirli bilinir.
Rəsmi məlumata görə, Ş.Əkbərov həmin pul vəsaitləri və əmlakları geri qaytarmaq məqsədilə yaxın münasibətlərdə olduğu Musabi Namazov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovla dələduzluq cinayət əməlini gizlətmək üçün A.Alışanovu öldürmək istəyiblər. Ş.Əkbərov bunun müqabilində dəstə üzvləri Q.Cəbiyevlə M.Namazova 600 min manat pul vəd edib.
İttihama görə, M.Namazovun dəstə üzvləri tərəfindən törədiləcək qəsdən adam öldürmə və qanunsuz silah əldə etmə, daşıma, gəzdirməklə saxlama əməlləri barədə polis orqanlarına vaxtında məlumat verib.
Polis əməkdaşları Ş.Əkbərovu, Q.Cəbiyevi, M.Namazovu, A.Hüseynovu və Z.Şirinovu saxlayıb. Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs qətimkan tədbiri seçilib. M.Namazovun barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri ilə bağlı qərar çıxarılıb.
Ş.Əkbərov Cinayət Məcəlləsinin 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 29,120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29,120.2.10-cu (təkrar adam öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə), 228.3-cü (qanunsuz olaraq odlu silah qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur. Digər şəxslərin barəsində isə 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10, 228.3-cü maddələrlə ittiham irəli sürülüb.
Digər xəbərlər
loading...