Qırğızıstan dövlət başçısı Almazbek Atambayevin qızı Aliyə Şaqiyeva şəxsi həyatı, karyerası və ictimai problemlər haqqında danışıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, prezidentin kiçik qızı sadə rus oğlana gizlicə ərə getməsi sosial şəbəkələrdə böyük səs-küy yaradıb. Həyat yoldaşının kimliyini uzun müddət hamıdan gizləyən prezident qızı nəhayət ki, səssizliyini pozub. Belə ki, Qırğızıstanın 20 yaşlı şahzadəsi Aliyə Şaqiyeva mətbuata rus həyat yoldaşı ilə münasibətləri barədə maraqlı açıqlamalar verib.
Qırğızıstan vəliəhdi, gənc rəssam ilə sadə rus tələbəsinin tanışlığı barədə böyük bir roman yazmaq olar. Aliyə Şaqiyeva 22 yaşlı adi proqramçı - Konstantin Ryazanov ilə dörd il əvvəl (onda Aliyənin 16 yaşı hələ tamam olmamışdı) internetdə tanış olub. O illərdə yaradıcı qız bloqu ilə məşğul olur, orada fotolar və fəaliyyəti barədə məlumatlar paylaşırdı. Aliyənin qeyri-adi istedadı və səmimi qeydləri Bişkekdə təhsil alan Qırğız-slavyan universitetinin tələbəsi Konstantini ruhlandırıb. Gənclər bir müddət virtual ünsiyyət qurduqdan sonra şəxsən görüşmək qərarına gəlib. Həmin vaxt Ryazanov onu görüşə dəvət edən Aliyənin prezidentin qızı olduğunu bilməyib. Yeri gəlmişkən, Aliyə öz soyadını gələcək həyat yoldaşından uzun müddət gizli saxlayıb.
Aliyə tanışlıqlarını belə ifadə edib: "Biz mənim bloqum vaitəsi ilə tanış olduq, o, mənim yazılarıma rəy bildirirdi. Soyadımı isə tanışlıqdan yalnız il yarımdan sonra öyrəndi".
Mətbuatın diqqətini çəkməmək üçün Aliyə hələ uşaqlıqdan prezident qızı olduğunu gizlətməyə qərar verib. Hətta rəssam qız özünü dərk edəndən bəri anasının soyadını daşımasına baxmayaraq, soyadını pasportunda da rəsmən dəyişmək niyyətində olduğunu bəyan edib. O, feysbuk sosial şəbəkəsində bir müddət əvvəl abunəçilərinə belə müraciət edib: "Mən ömrüm boyu anamın soyadını daşımışam, hətta indi də sırf qohumluq əlaqələrinə görə mənə maraq göstərənləri görməmək üçün soyadımı pasportda dəyişdirirəm. Buna görə hansı psixoloji problemlərim olduğunu dostlarımından soruşa bilərsiniz. Yadımdadır ki, hələ məktəb illərində dərslərdə sualın cavabını bildiyim halda bütün uşaqların mənim lovğalandığımı düşünməməsi üçün əlimi qaldırmırdım. Başa düşürsünüz ki, bütün bunları yaşamaq bir uşaq üçün necə ağırdır? Milyonlarla belə xırda nümunələr çəkmək olar, lakin bunları kiminsə mənə yazığı gəlməsi üçün danışmıram və ümumiyyətlə, bu barədə heç nə bildirməyəcəm. Çünki bu mövzu bir kitaba sığacaq qədər genişdir. İndi isə uzun illər ərzində soyadımı eşitməyən insanlara özümü tanıtmaq məcburiyyətindəyəm”.
Prezident qızı sevdiyi insana soyadı və kimin qızı olduğunu etiraf edəndən sonra onların ailələri tanış olub. Məlum olub ki, narahatedici vəziyyət yoxdur və prezident həyat yoldaşı ilə qızının seçiminə xeyirxahlıqla yanaşıb. Aliyə valideynlərinin onun seçiminə hörmət etdiyini vurğulayıb: "Kostya iki ay əvvəl mənə evlilik təklif etdi, valideynlərimin reaksiyası çox müsbət idi! Onlar Konstantini bir ildən çoxdur tanıyır və onu sevirlər".
İndi prezidentin qızı proqramçı həyat yoldaşı ilə bütün boş vaxtını səyahətlərdə keçirir. Onlar birlikdə ət yeməkdən imtina etmək qərarına gəlib və heyvanların hüquqları uğrunda mübarizə aparırlar: "Bizim ümumi maraqlarımıza səyahət etmək və qayalarda şəkil çəkdirmək daxildir. İkimiz də vegetarianıq. Mən beş il əvvəl vegetarian olmağa qərar verdim. Əlbəttə ki, heyvanlarla amansız rəftar və digər bu kimi problemlərin həllinə hər zaman diqqət yetirirəm".
Gənc rəssam artıq öz geyim brendini yaradıb və şəxsi kolleksiyasını buraxıb. Bundan başqa, qız daun sindromlu uşaqlara yardım fondunun himayədarına çevrilib. O, öz əsərlərinin satışından gələn gəliri, eləcə də brendindən əldə edilən pulları xəstələrin müalicəsinə ayırır: " "Metamorfoza" adlı fərdi sərgimdə rəsmlərin satışından əldə edilən pulları daun dindromlu uşaqlar üçün yaradılan ictimai fonda bağışladım və onlarla əməkdaşlığı davam etdirirəm. Uşaqlara mütəmadi olaraq rəsm məşğələləri keçirəm, bu yaxınlarda isə “Aliyə” geyim xətti buraxmışıq. Geyim satışından gələn pulların böyük hissəsi sözügedən fonda gedəcək".
Sonda isə A.Şaqiyeva rəsm sərgilərinin təşkili və yaradıcılıqla məşğul olmağa davam edəcəyini vurğulayıb.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...