Hazırda bəşəriyyətin qarşısında aciz qaldığı ən böyük bəlalardan biri xərçəng xəstəliyidir.
İllərdir aparılan tibbi araşdırmalar, tətbiq edilən müalicələr, məsləhət görülən dərmanlar hələlik heç bir nəticə verməyib. Və yaxın 10 ildə də milyonlarla insanın bu xəstəliyin çənginə keçəcəyi barədə dəhşətli proqnozlar var.
Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının proqnozuna əsasən, 2020-ci ilədək xərçəng xəstəlikləri ilə bağlı ölüm hallarının 15%-dək artması gözlənilir. 2025-ci ilədək dünyada 20 milyon yeni xərçəng xəstəliyi qeydə alınacaq. Həmin halların 4/5 hissəsi Azərbaycanın da daxil olduğu aşağı və orta gəliri olan ölkələrdə baş verəcək. Avropada 2012-ci ildə 4 milyon yeni xərçəng halı qeydə alınıbsa, 2030-cu ildə bu rəqəm ildə 5 milyona çatacaq.
Ağrılı rəqəmlər...
Dövlət Statistika Komitəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2017-ci ilin statistikasına əsasən, Azərbaycanda 45756 xəstə bədxassəli yenitörəmə diaqnozu ilə qeydiyyatdadır. Onlardan 17149-u kişi, 28607-si qadındır.
2017-ci ildə ölkədə yenitörəmələrdən ölənlərin sayı 8665 nəfər təşkil edib ki, onlardan 4866 nəfəri kişilər, 3799 nəfəri qadınlar olub.
Qeyd edək ki, 2015-ci ildə Azərbaycanda 40 653, 2016-cı ildə isə 43 927 nəfər onkoloji xəstə qeydiyyatda olub.
Statistikadan da göründüyü kimi, rəsmi rəqəmlərə əsasən, hər il Azərbaycanda xərçəng xəstələrinin sayı 2-3 min nəfər artır...
Baş onkoloq: "Buna böyük artım demək olmaz..."
Səhiyyə Nazirliyinin baş onkoloqu, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli Lent.az-a bildirib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da xərçəng xəstəliyində artım müşahidə olunur. Amma digər qonşu ölkələrlə müqayisə etsək, Azərbaycanda bu xəstəliyin artımında elə də ciddi nəzərəçarpacaq dəyişiklik qeyd olunmur və buna böyük artım demək olmaz: "Məsələn, təxminən 2010-cu ildə əhalinin sayı 6 milyon idisə, hazırda 10 milyona yaxınlaşır. Əlbəttə, bu göstəricinin nəticəsində tək xərçəng xəstəliyi yox, digər xəstəliklərin artımı da müşahidə olunmalıdır və bu, labüddür”.
A. Kərimli deyib ki, xərçəngə qarşı mübarizəni təkcə onkoloqlar və həkimlər yox, bütün kütlə aparmalıdır: “İlk növbədə ekoloji natəmizliyi aradan qaldırmaq, qidalanma faktoruna diqqət etmək lazımdır. Çətinliyimiz bu sahədə maarifləndirmə işinin aparılması ilə əlaqədardır. Bu isə tək onkoloqun işi deyil. Bunun üçün müəyyən bir şərait yaradılmalıdır. Televiziya böyük təbliğat maşınıdır. Çox yaxşı olardı ki, efir vaxtı ayrılaydı, xərçəngin profilaktikası ilə bağlı vaxtaşırı məlumatlar veriləydi. Bu xəstəlik vaxtında aşkarlansa, yerləşdiyi yerdən asılı olmayaraq, 100 faiz sağala bilər. Əgər xəstə 3-cü, 4-cü mərhələdə müraciət etsə, onda onun müalicəsində müəyyən problemlər üzə çıxacaq. Əfsuslar olsun ki, xəstələrin çoxu xəstəliyin 3-4-cü mərhələsində müraciət edir. Əgər insanlar həqiqətən də xərçəngin sağalan xəstəlik olduğunu anlasalar, özlərini ona kökləyib gələrlər. Camaatın ürəyinə qorxu salmaq lazım deyil. Hansı xəstəlik yüngüldür? Sadəcə gəlib vaxtlı-vaxtında müayinə olunmaq lazımdır".
Bu peşə sahibləri daha çox risk altındadır
Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasının baş həkimi Nəsimi Qasımov açıqlamasında qeyd edib ki, qadınlar üçün xərçəng yaradan faktorlardan biri ailədə uşağın az olması və 30 yaşdan sonra ilk hamiləliyin baş tutmasıdır: “Növbəti faktorlardan biri ultrabənövşəyi şüaların təsiri altında açıq havada uzun müddət qalmaqdır. Bu, balıqçılara, neftçilərə, kənd təsərrüfatı işçilərinə, həmçinin açıq şəraitdə işləyən başqa əməkçilərə də aiddir. Bununla yanaşı ətraf mühitin çirklənməsinin də böyük rolu var. Buna isə maşın mexanizmlərindən çıxan tüstülərin tərkibində olan zərərli maddələr səbəb olur. Əhalinin sıx yaşadığı yerdə zərərli maddələr istehsal edən sənaye müəssisələrinin olması da faktorlardan biridir. O cümlədən burada əmək şəraitinin də müəyyən qədər rolu var. Məsələn, azbest, sement, şifer zavodlarında işləmək və sair. Bu sadaladıqlarımın xərçəngin yayılmasında kifayət qədər rolu var”.
Ölüm göstəricisinə görə ağciyər xərçəngi birinci yerdədir
"Hazırda dünyada ildə 11 milyondan çox qadın xəstə qeydiyyata düşürsə, onun 1 milyon 600 mini qadınların süd vəzi xərçənginə görədir" deyən onkoloq deyib ki, bu, bədxassəli şişlər içərisində birinci yerdə durur: “İkinci yerdə duran ağciyər xərçəngidir. Bu həm kişilərdə, həm də qadınlarda müşahidə olunur. Sonrakı yeri isə mədə-bağırsaq traktının xərçəngi tutur. Son illərdə qaraciyər xərçəngi də sürətlə artmağa başlayıb. Burada əsas faktor ölüm göstəricisidir. Məsələn, dünya göstəriciləri üzrə ağciyər xərçəngindən ölüm birinci yerdədir. Baxmayaraq ki, süd vəzi xərçəngi ən çox rast gəlinəndir, ölümə görə 5-ci yerdədir. Deməli, müalicəsi və diaqnostikası kifayət qədər yaxşıdır. Ölüm göstəricisinə görə ikinci yeri qaraciyər xərçəngi tutur. Bizim ölkədə isə xərçəngin bu növü axırıncı yerlərdən birini tutur. Mədə xərçəngi üçüncü, bağırsaq xərçəngi 4-cüdür".
N. Qasımov deyir ki, Azərbaycanda 2017-ci ildə il ərzində xərçəng diaqnozu qoyulan xəstələrin sayı 11 mindən çox olub. Onlardan az qala 2 mini (1967 nəfəri) süd vəzi xərçəngidir. 2-ci yeri ağciyər, 3-cü yeri mədə, 4-cü yeri bağırsaq xərçəngi tutur ki hər biri min nəfərdən yuxarıdır. Qadın cinsiyyət üzvlərinin xərçəngi isə 1000-ə yaxındır. Kişilərdə ən çox rast gəlinən bəd xassəli şişlər ağciyər, mədə, prostat, qaraciyər, bağırsaq xərçəngidir: "Ölüm göstəricisinə baxanda bizimlə dünyanın arasında bir qədər fərq var. Məsələn, ağciyər xərçəngindən ölüm bizdə birinci yerdə durur. Mədə xərçəngi ikinci, süd vəzi xərçəngi üçüncü, qadın cinsiyyət üzvlərinin xərçəngi dördüncüdür. Bütün bu statistik göstəricilərə əsasən demək olur ki, ilbəil xəstələnmə artır, ölüm isə azalır. Stressdən uzaq olmaq, az yemək, fiziki aktiv olmaq, çəkini aşağı salmaq, siqaret çəkməmək lazımdır”.
Xərçəngin uşaq qurbanları da artır
Ən dəhşətlisi isə son illər ölkədə xərçəngin "uşaqlaşması"dır. Başqa sözlə, bu dəhşətli xəstəlikdən ölən uşaqların sayı da çoxalır.
Dövlət Statistika Komitəsinin verilən məlumata görə, 2017-ci ilin statistikasına əsasən, Azərbaycanda qeydiyyatda olan xərçəng xəstələrindən 483-ü uşaqdır. Ötən il yenitörəmələrdən ölən 0-17 yaşda uşaqların sayı 105 nəfər təşkil edib.
Nəsimi Qasımov bildirir ki, uşaqlarda müşahidə edilən şişlər əsasən embrional şişlərdir: “Böyüklərdə rast gəlinən şişlər uşaqlarda yoxdur. Uşaq deyəndə biz 0-18 yaşı nəzərdə tuturuq. Embrional şişlərin əmələ gəlməsinin də səbəbi anaların, ataların genetik şiş daşıyıcısı olmasıdır. Dolayısı ilə demək istəyirəm ki, hər bir insanda gələcəkdə bədxassəli şiş əmələ gətirə biləcək hüceyrələrin potensial dayağı var. Biz kanserogen maddə ilə təmasda olduqda onlar fəaliyyətini aktivləşdirə bilirlər. Bu hüceyrələr genetik olaraq uşaqda rüşeymdə ola bilər ki, bunlar da bir sıra onkoloji xəstəliklərə səbəb olur. Ancaq bu rəqəm böyüklərlə müqayisədə qat-qat azdır. Həmçinin uşaqların müalicəsində böyüklərə nisbətən kifayət qədər yaxşı effekt almaq olur. Məsələn, 2017-ci ildə 17 yaşına qədər xəstələnənlərin sayı 130 nəfər olub”.
Onkoloji xəstələrin 20 mini xəstəlik aşkarlanandan sonra 5 ildən çox yaşayanlardır
N. Qasımov deyir ki, ölkədə bədxassəli şişlərin müalicəsi üçün kifayət qədər geniş dərman spektri və genetik, bioloji molekulyar laboratoriyalar var: "Müalicədən sonra mənim 20 ildən artıq yaşayan xəstələrim olub. Hazırda hesabatda qeydiyyatda olan xəstələrdən 20 mini 5 ildən çox yaşayanlardır. 65 yaşında xəstənin ömrünün üzərinə 15 il qoyuruqsa bunun özü bir nailiyyətdir”.
Mütəxəssis bildirib ki, xərçəngin müalicəsində ilk iş pasientin üzərinə düşür. İnsanlar vaxtaşırı həkim müayinələrindən keçməli, bədənlərində olan dəyişikliklərə fikir verməlidirlər: "Məsələn, hər qadın öz süd vəzisini yoxlayıb ondakı dəyişikliyi görə bilər, yaxud öskürəndə bəlğəmində qan olub olmadığına diqqət edə bilər. Gərək xəstə özünü xəstə bilmədiyi vaxtda həkimə müraciət etsin. Xəstə özünü xəstə bilib həkimə müraciət etdikdə artıq çox gec olur...”.
Digər xəbərlər
loading...