ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyi (NASA) təhlükəsizlik və maliyyə problemləri səbəbindən Beynəlxalq Kosmik Stansiyaya kommersiya ekipajı göndərilməsi proqramını təxirə salıb
Oxu.Az “Reuters” agentliyinə istinadla xəbər verir ki, NASA ən geci 2019-cu ildə “Dragon” və “Starliner” kosmik gəmilərində kosmosa kommersiya səfərlərini təşkil etmək məqsədilə “SpaceX” və “Boeing Co” şirkətləri ilə müqavilə imzalayıb. Lakin ABŞ hökumətinin Hesablama Palatasının hesabatında bildirilir ki, müvafiq özəl şirkətlərlə doqquz ay davam edən mübahisələr proqramın həyata keçirilməsinin təxirə salınmasına səbəb olub.
“SpaceX” və “Boeing Co” şirkətləri ekipajın daşınması sistemini təkmilləşdiriblər. Lakin onların Beynəlxalq Kosmik Stansiyada bir müddət qalacaq astronavtların təhlükəsizlik məsələləri və müqavilənin maliyyə müddəalarında NASA ilə bəzi problemlərinin meydana çıxdığı bildirilir. Hesabatda qeyd olunur ki, fasiləsiz ekipajların göndərilməsi üçün təminat yoxdur və bu, NASA-nın milyardlarla dollar sərmayəsinin rentabelli olmaması ilə nəticələnə bilər.
“Boeing”in sözçüsü Ceri Drellinq bildirib ki, şirkət “Starliner” kosmik gəmisinin tam təhlükəsiz uçuşunun təmini üzrə NASA ilə əməkdaşlığı davam etdirir.
2014-cü ildə “Boeing” və “SpaceX” şirkətləri NASA ilə 6,8 milyard dollarlıq müqavilə imzalayıblar. Sənəd Beynəlxalq Kosmik Stansiyanın özəl sektorun təşkil edəcəyi uçuşlar üçün istifadə olunmasını nəzərdə tutur. NASA, öz növbəsində, kosmik missiyaların tam təhlükəsizliyi müddəalarını da müqaviləyə əlavə edib.
Digər xəbərlər
loading...